Onlayn ictimai-siyasi qəzet
Yeni Dehlinin məzmunsuz və səviyyəsiz hind filmlərindən o tərəfə keçməyən isterikası...
İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və Şahbaz Şərifin iştirakı ilə Laçında keçirilən Azərbaycan, Türkiyə və Pakistanın üçtərəfli sammiti regionda mühüm xarici siyasət hadisəsi olmaqla yanaşı, Hindistanın reaksiyası ilə də diqqət çəkir. Xüsusilə bu ölkə mediası ilk günlər bu görüşə əsəbi reaksiya verirdisə, indi açıqca isterikaya qapılıb.
Minval.az yazır ki, Hindistanın media resurslarından biri belə bir başlıqla diqqət çəkib: “Hindistan bir güllə belə atmadan Azərbaycanı məhv etməyə hazırlaşır”. Yeni Dehli bu mövqe ilə hesab edir ki, onların İrəvana silah satmaları “Bakını elə qorxudub ki, bir güllə atmadan yıxılacaqlar...” Yeri gəlmişkən, bu yaxınlarda bəlli oldu ki, Hindistan Ermənistana vəd etdiyi silah partiyasını vaxtında çatdıra bilməyib.
Hindistan ordusunun son uğursuzluqları fonunda (istər Pakistanla toqquşmalar, istərsə də Çinlə sərhəddəki münaqişələri yada salanda) “Azərbaycanı məhv etmək” planları xüsusilə absurd görünür. Buna sırf praktiki bir məqamı da əlavə edək: “Akaş” hava hücumundan müdafiə sistemi də daxil olmaqla, Ermənistana 1,5 milyard dollar dəyərində silah tədarükü dondurulub. Erməni mətbuatının yazdığı kimi, Hindistanın dövlət korporasiyası “Bharat Electronics Limited” ikinci partiyanın göndərilməsini təxirə salıb. Səbəb sadədir - Pakistanla gərginliyin növbəti mərhələsi üçün raketləri özlərinə saxlamağa qərar veriblər.
Hindistanın bu bölgəyə, ümumiyyətlə, müdaxilə etmək üçün heç bir coğrafi, tarixi və ya mədəni əsası olmadığını nəzərə alsaq, bu, xüsusilə absurddur. Sovet dövründə hind filmlərində Qabbar Sink adlı mənfi obraz vardı. İndi özünü filin üstündə nəhəng görən Hindistan Bakı üçün olsa-olsa ancaq o mənfi obrazdır...
Hindistanın bu bölgəyə müdaxilə etmək üçün chər hansı əsası varmı? Yazılanları edə bilərmi, yoxsa absurd hind filmlərindəki kimi hay-küyləri “boş qazanın danqıldaması” effektidir?
Abutalıb Səmədov
“Alyans” Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, Hindistan son illər yüksək sürətlə inkişaf eləyən, əhalinin sayına görə dünyada hətta Çini də ötən bir dövlətdir. Azərbaycan heç vaxt Hindistanı hədəf götürərək onun əleyhinə bəyanatlar verməyib. Əslində Azərbaycan, Türkiyə və Pakistan liderlərinin keçirdikləri görüş də Hindistana qarşı təşkil olunmuş görüş deyildi: “Hindistanın müəyyən dairələrinin bu görüşə o cür qısqanclıqla, narazılıqla, qəzəblə yanaşması anlaşılmazdır. Hindistan öz çəkisinə görə çox təəssüf ki, hələ də davranmağı öyrənməyib. Onların bəyanatları məzmunsuz, səviyyəsiz hind filmlərindən çox təəssüf ki, o tərəfə keçmir. Azərbaycana qarşı Hindistan nə edə bilər? Birincisi, Hindistanın bölgəyə müdaxilə eləmək imkanları çox məhduddur. Çünki Cənubi Qafqaz bölgəsindən kifayət qədər uzaqda yerləşir, ümumi sərhədlərimiz yoxdur. İkincisi, o qədər böyük gücü də yoxdur ki, digər dövlətləri vurub buradan çıxarsın. Bu bölgədə Rusiyanın kifayət qədər böyük təsiri var, Avropa bölgəyə müdaxilə eləmək istəyir, Çinin təsiri və planları var, Amerikanın bölgədə təsir imkanları mövcuddur, Türkiyə, İran faktorları da var. Belə bir şəraitdə Azərbaycanı bölgəyə girməklə müdaxilə ilə hədələməsi səviyyəsizlikdən başqa bir şey deyil”.
Ekspert hesab edir ki, Hindistanın görə biləcəyi işlər məlumdur: “Ermənistana 5-ci dərəcəli keyfiyyətsiz silahlar sata bilər və satır, beynəlxalq qurumlarda Ermənistana dəstək verə bilər və verir, eyni zamanda Azərbaycan üçün müəyyən maneələr yaradır. Məlumdur ki, Azərbaycan uzun müddətdir Şanxay Əməkdaşlıq Təşkilatında müşahidəçi status almaq istəyir. Ancaq Hindistan buna mane olur. Eyni zamanda BRİCS-lə bağlı da bizim müəyyən istəklərimiz var və burada da Azərbaycanın qarşısını Hindistan alır. Çox təəssüf ki, Hindistan Azərbaycana qarşı bu cür düşmən mövqe sərgiləyir. Ancaq bundan o tərəfə keçmək gücü və imkanı yoxdur”.
A.Səmədov qeyd etdi ki, Azərbaycana qarşı isterik bəyanatlar vermək ciddilikdən tamamilə uzaqdır. Azərbaycanın müstəqil xarici siyasət xətti var və burada Türkiyənin, Pakistanın xüsusi yerinin olduğu bəllidir: “Hər iki dövlət bizə yaxın qardaş dövlətlərdir. Lakin biz bu qardaşlığımızı kiməsə qarşı formalaşdırmamışıq. Biz iqtisadi əlaqələri genişləndirmək istəyirik, hərbi sahədə əməkdaşlığımız var, bir-birimizə mümkün dəstəyi verməyə çalışırıq. Bu, Hindistanı nədən bu qədər narahat edir, niyə bu qədər hiddətləndirir aydın deyil. Çox təəssüf ki, Hindistan həm bölgədə, həm də bütövlükdə dünyada əhalisinin sayına və çəkisinə uyğun davranmağı hələ öyrənməyib. Ümid eləyək ki, öyrəncək və dövlətlərin müstəqil xarici siyasət yeritməsinə səbirlə yanaşmağın zəruri olduğunu anlayacaq”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
07 Iyun 2025
06 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ