Onlayn ictimai-siyasi qəzet
Cənubi Asiyada yenidən alovlanan Hindistan-Pakistan gərginliyi bu dəfə təkcə sərhədlə məhdudlaşmır. Hadisələrin ardıcıllığı, verilən bəyanatlar və siyasi qərarlar Hindistanın regionda planlı şəkildə qarşıdurma yaratmaq niyyətində olduğunu göstərir.
Xüsusilə də Baş nazir Narendra Modinin son aylarda həm daxildəki siyasi zəifləmə, həm də xarici dəstək fonunda radikallaşan ritorikası bu gərginliyin məqsədyönlü şəkildə eskalasiya olunduğunu sübut edir.
Gərginliklə bağlı diqqət çəkən ilk məqam Hindistanın son terror hadisəsi ilə bağlı Pakistana yönəltdiyi ittihamın absurd sürətidir. Hadisənin baş verməsindən cəmi 30 dəqiqə sonra rəsmi Dehli Pakistanı ittiham etdi. Bu qədər qısa zamanda hüquqi, kriminalistik və beynəlxalq müstəvidə obyektiv istintaq aparmaq qeyri-mümkündür. Bu, ya əvvəlcədən hazırlanmış ittiham planının aktivləşdirildiyini, ya da siyasi manevr məqsədi ilə reallıqdan kənar bəyanat verildiyini göstərir. Bu hal Hindistanın daxildəki ictimai diqqəti yayındırmaq və Modi hakimiyyətinin zəifləyən reytinqini dirçəltmək üçün bu hadisədən istifadə etdiyinə dair ciddi şübhələr doğurur.
Narendra Modi
Narendra Modinin 2027-ci il seçkilərinə erkən başladığı artıq gizli deyil. O, millətçi və hindu üstünlüyünü təbliğ edən “Hindutva” ideologiyasına əsaslanaraq xarici düşmən obrazını yenidən formalaşdırır. Bu çərçivədə Pakistanın demonizasiyası onun daxili elektoratına yönələn əsas alətlərdən biridir. Modi hakimiyyətə gəldiyi gündən bəri hər dəfə seçkiöncəsi dövrdə milli təhlükəsizlik kartını oynayıb. 2019-cu ildə Pulvama hücumu zamanı da oxşar taktika tətbiq edilmişdi – Pakistan ittiham edilmiş, cavab olaraq hava hücumu təşkil olunmuş və nəticədə seçkilərdə BJP böyük uğur qazanmışdı.
Bugünkü ssenari də eynilə həmin kontur üzərində qurulub. Bu dəfə fərq ondadır ki, Hindistan artıq yalnız informasiya vasitəsilə deyil, eyni zamanda geosiyasi təzyiq alətləri ilə də Pakistana qarşı hücuma keçib. Ölkənin əsas su arteriyalarından biri olan Cammu və Kəşmir regionundan Pakistana axan suların qarşısının kəsilməsi ilə bağlı Hindistanın verdiyi mesajlar sadəcə texniki deyil, siyasi xarakter daşıyır.
Su təhlükəsizliyi qlobal miqyasda insan hüquqları məsələsi sayıldığı halda, Hindistan bu qaynaqları siyasi şantaj vasitəsinə çevirərək təkcə Pakistana deyil, bütün regiona qarşı ekoloji risk yaradır.
Hadisələrin fonunda Hindistanda aprel ayında qəbul edilmiş və müsəlmanlara məxsus dini fondların dövlət nəzarətinə verilməsini nəzərdə tutan qanunun təsadüfi olmadığı görünür. Bu qanun cəmiyyətdə müsəlmanlara qarşı sosial və psixoloji basqıları artırıb. Modi hökuməti ölkə daxilində etnik və dini azlıqlara qarşı repressiv siyasəti ört-basdır etmək üçün Pakistanla gərginliyi alovlandırmaqla diqqəti daxili zəmindən xarici düşmənə yönəltməyə çalışır. Bu isə klassik avtoritar populist taktikanın göstəricisidir.
Maraqlı və bir o qədər də təhlükəli məqam isə Hindistanın bu cür davranışında beynəlxalq güclərin səssiz razılığı və ya birbaşa dəstəyinin hiss olunmasıdır.
ABŞ və bəzi Avropa ölkələri Hindistanı Çin və Rusiya qarşısında strateji müttəfiq kimi yetişdirməyə çalışır. Bu kontekstdə ona bəzi toxunulmazlıq statusunun verilməsi, beynəlxalq hüquq pozuntularına göz yumulması, informasiya dəstəyinin təmin olunması artıq sirr deyil. Belə olan halda, Hindistanın regionda özünü hegemon güc kimi aparması təsadüfi deyil, sistemli təşviq nəticəsidir.
Pakistan isə bu prosesdə sülh və sabitlik çağırışlarını davam etdirir. Baş nazir Şahbaz Şərifin BMT baş katibi ilə apardığı telefon danışığında beynəlxalq müstəqil araşdırma çağırışı bunun sübutudur. İslamabad yalnız hadisənin hüquqi əsaslarla araşdırılmasını və real günahkarların müəyyənləşdirilməsini tələb edir. Bu isə Pakistanın beynəlxalq hüquqa, diplomatik protokollara və sülh modelinə sadiqliyinin bariz nümunəsidir.
Şahbaz Şərif
Hindistanın isə bu çağırışlara cavab vermək əvəzinə, təhdid ritorikasını gücləndirməsi, informasiya müharibəsi və təzyiq mexanizmlərinə üstünlük verməsi onun bu gərginliyi siyasi kapitala çevirmək niyyətindən xəbər verir. Belə davranış isə təkcə Pakistan-Hindistan münasibətlərinə deyil, bütövlükdə Cənubi Asiyada geosiyasi balansın pozulmasına, yeni münaqişə ocaqlarının yaranmasına yol açır.
Azərbaycan üçün Pakistan sadəcə dost ölkə deyil, strateji tərəfdaşdır. Pakistan Ermənistanla diplomatik münasibətlər qurmaqdan imtina etmiş, Qarabağ məsələsində Azərbaycana dəstək göstərmiş, 44 günlük müharibə zamanı açıq siyasi mövqe sərgiləmiş ölkədir. Belə bir dövlətin regionda ədalət və sabitlik uğrunda apardığı diplomatik mübarizəni görməzdən gəlmək nə siyasi, nə də mənəvi cəhətdən qəbulediləndir. Pakistanın çağırışları beynəlxalq hüququn müdafiəsinə yönəlmişdir və onun səsinin eşidilməsi bölgədə sülh üçün zəruridir.
Hindistanın hazırkı gedişləri isə tamamilə əks istiqamətə – qarşıdurma, qeyri-şəffaflıq və daxili faşizmin regional ixracına yönəlib. Bu siyasətin nəticəsi nə Hindistan üçün, nə də region xalqları üçün sabitlik və tərəqqi vəd etmir. Dünya birliyi və region dövlətləri Hindistanın bu təhlükəli oyununu görməli, sülh tərəfdarı olan güclərlə həmrəylik nümayiş etdirməlidir.
Əli Rais,
Musavat.com
02 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ