Onlayn ictimai-siyasi qəzet
“Azerinfo.az” saytının rəhbəri İbrahim Hümbətovun həbsinin təfərrüatı məlum olub. O, şantaj və hədə-qorxu ilə pul tələb etməkdə ittiham olub.
Musavat.com xəbər verir ki, İbrahim Hümbətov Xətaidə “Dalğa”, Suraxanıda isə “Maral” adlı hotellərin icarədarını hədələyib. Adı çəkilən obyektlərin əxlaqsızlıq yuvası olduğunu deyərək 2021-ci ildən başlayaraq pul tələb edib. Hotellərin sahibindən 2023-cü ilə qədər müxtəlif məbləğlərdə pul alıb.
İstintaq zamanı onun Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisindən, Göyçay İdarəetmə və Texnologiya Kollecinin direktorundan və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional İdarəsinin rəisindən də pul aldığı məlum olub. Onlardan barələrində həqiqətə uyğun olmayan məlumatlar yayacağını deyərək pul alıb.
İbrahim Hümbətov özünü təqsirli bilməyib. Deyib ki, 2020-ci ildə ağır qəza keçirib, həyat yoldaşı, bacısı və bacısı oğlu rəhmətə gedib:
“Ayağım əməliyyat olunub və protez qoyulub. Heç kimə hədə-qorxu gəlib pulunu ala biləcək vəziyyətdə olmamışam. Sadəcə tanıdığım şəxslərdən xəstəliyimlə bağlı pul istəmişəm. Onlar da köməklik göstəriblər”.
“Maral” və “Dalğa” adlı hotelləri işlədən şəxs zərərçəkmiş kimi dindirilən zaman deyib ki, İbrahim Hümbətova aylıq pul verirmiş. Onun sözlərinə görə hər hotelə görə aylıq 50 manat Hümbətova pul çatdırıb ki, onun barəsində məlumat yaymasın.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional İdarəsinin rəisi dindirilən zaman bildirib ki, vəzifəyə təyin olunanda İbrahim Hümbətov onunla əlaqə saxlayıb təbrik edib. Sonra onun fəaliyyətində ciddi nöqsanlar olduğunu və həmin nöqsanlarla bağlı faktları mətbuatda paylaşacağı təqdirdə həmin vəzifədə çox qalmayacağını deyib. Rəis əvvəlcə İ.Hümbətovla razılaşmasa da, sonradan ehtiyat edərək ona pul verməyə başlayıb. Bir neçə dəfə onun kartına 50 manat pul göndərib.
Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi ifadəsində göstərib ki, İbrahim Hümbətov onun iş yerinə gəlib:
“Özünü jurnalist kimi təqdim etdi. Birliyin inzibati ərazisində nöqsanlar aşkarladığını, bununla bağlı onun əlində qanunsuz olaraq aparılan təmir-tikinti işləri və süpürgəçilərin əmək qanunverciliyinə uyğun iş şəraitində işləməməsi ilə bağlı fotoşəkillərin olduğunu dedi. Mənim əxlaqsız həyat tərzi sürərək dövlət qulluqçusu adına xələl gətirdiyimi söylədi. Bu şəkilləri mətbuatda yaysa, xidməti işimə xələl gələcəyini dedi. Məni şərləməməsini istədim, amma faydası olmadı. 200 manat pul istədi. Mən də məcbur olub 100 manat verdim. Başqa vaxtlarda da gəlib pul alıb”.
Zərərçəkmiş şəxslər məhkəmədə İbrahim Hümbətovdan şikayətçi olmadıqlarını biliblər.
Məhkəmə İbrahim Hümbətovu törətdiyi əməldə təqsirli bilərək 7 il müddətinə azadlıqdan məhrum edib.
İ.Muradov
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ