Onlayn ictimai-siyasi qəzet
Azərbaycan yüksək səviyyədə təşkil etdiyi tədbirlə bölgədə liderliyini bir daha təsdiqlədi
İyul ayının ilk on günlüyündə Xankəndidə reallaşan İqtisadi Əməkdaşlıq Təşkilatının toplantısı Azərbaycan üçün tarixə düşən hadisə oldu. Azərbaycanın təşəbbüsü ilə İqtisadi Əməkdaşlıq Təşkilatı dövlətlərinin Xankəndidə bir araya gəlməsi yalnız bir beynəlxalq tədbir deyil, eyni zamanda Cənubi Qafqazın geosiyasi reallıqlarında dönüş nöqtəsi kimi qiymətləndirilir. Bu hadisə həm diplomatik, həm də ideoloji və təhlükəsizlik baxımından Azərbaycanın yeni bir “Zəfər mərhələsi”nə keçdiyini simvolizə etdi.
Təsadüfi deyil ki, tədbirin məhz Xankəndidə keçirilməsi həm siyasi, ideoloji, həm də regional və beynəlxalq səviyyədə yüksək qiymətləndirildi. Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl islahatlar və Azərbaycanın daxili-xarici siyasətinin müstəqil və prinsipial olması bu nəticəni şərtləndirən əsas amillərdəndir. Xankəndidə baş tutan bu tədbir dünya ictimaiyyətinə açıq və birmənalı mesaj verdi-Qarabağ Azərbaycandır! Bu tezis artıq yalnız siyasi bəyanat deyil, faktiki bir reallığa çevrilib. Yüksək səviyyəli beynəlxalq tədbirin keçirilməsi Azərbaycanın bölgədə təhlükəsizliyi təmin edə bilən sabit və güclü dövlət olduğunu bir daha nümayiş etdirdi. Tədbir eyni zamanda Azərbaycanın sülh və əməkdaşlıq çağırışlarına verilən beynəlxalq cavab idi. İƏT üzv dövlətlərinin nümayəndələri, o cümlədən prezidentlər, baş nazirlər və digər yüksək səviyyəli rəsmilər bu görüşdə iştirak etməklə Azərbaycanın mövqeyini dəstəklədiklərini nümayiş etdirdilər. Bu, sabitliyin təmin olunmasına verilən siyasi dəstək, Azərbaycanın bölgədə lider mövqeyinin tanınmasıdır. Azərbaycanın təşəbbüsü ilə formalaşan yeni iqtisadi model, qeyri-neft sektoruna diqqət və alternativ enerji sahəsində atılan addımlar beynəlxalq ictimaiyyətə nümunə kimi təqdim olunur. Türk Dövlətləri Təşkilatı, İƏT, Qoşulmama Hərəkatı kimi nüfuzlu strukturların burada iştirakı Azərbaycanın diplomatik çəkisinin göstəricisidir.
Aydın Hüseynov
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirdi ki, Azərbaycan artıq sübut etdi ki, sülh, yenidənqurma və regional əməkdaşlıq üçün etibarlı tərəfdaşdır. Gələcəkdə də ölkəmizin belə tədbirlərə ev sahibliyi etməsi və qlobal siyasətə töhfə verməsi tamamilə mümkündür və realdır: “Uzun münaqişədən sonra Xankəndidə ilk dəfə beynəlxalq zirvə görüşünün keçirilməsi ölkəmizin suverenliyinin möhkəmlənməsi ilə yanaşı, Azərbaycan Prezidentinin Qarabağdakı sülh və yenidənqurma səylərini beynəlxalq aləmə nümayiş etdirirdi. Tədbir həm də müharibədən sonrakı sülh prosesində Azərbaycan diplomatiyasının nüfuzunun gücləndirilməsinə böyük töhfə oldu.
Azərbaycan Prezidentinin təşəbbüsləri nəticəsində ilk dəfə olaraq İƏT-də mühüm yeniliklər tətbiq olundu. Ağdamda Gənclər Forumu, Laçında Qadınlar Forumu, Şuşada Sahibkarlar Forumu - yəni həftəlik tədbirlərin keçirilməsi mühüm hadisə oldu. Eyni zamanda ilk dəfə olaraq İƏT sonrakı 10 illik fəaliyyət planında yalnız hökumətlərin deyil, həm də gənclər, qadınlar və sahibkarların təşəbbüsləri nəzərə alındı. Azərbaycanda yaradılan təşkilatın Elmi tədqiqat və Təmiz enerji mərkəzləri bütün üzv ölkələrə məsələlərə elmi yanaşma və yaşıl gündəlik prizmasından baxmaq imkanı verəcək. Ümumiyyətlə, yaşıl enerjiyə keçmək kimi çətin bir prosesdə hər kəsdən öndə olan Azərbaycanın öz təcrübəsini üzv ölkələrlə bölüşmək istəyi yüksək nəticələr verməkdədir. Eləcə də şimalda və cənubda müharibələrin alovlandığı bir vaxtda Azərbaycandan keçən Orta dəhliz, Zəngəzur dəhlizi, qərbi azərbaycanlıların öz yurdlarına dönməsi məsələlərinin gündəmə gəldiyi bir platformanın Xankəndidən ucalan səsi bütün dünyaya açıq mesaj oldu.
Bir sözlə, Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Görüşünün keçirilməsi Azərbaycanın siyasi, iqtisadi və diplomatik müstəvidə artan nüfuzunun parlaq nümunəsi oldu. Cənab Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan diplomatiyası hərbi qələbənin ardınca döyüş meydanında əldə olunan nəticələri yüksək peşəkarlıqla siyasi müstəvidə rəsmiləşdirməyi bacardı. 10 dövlətin iştirakı ilə keçirilən toplantı 550 milyonluq bir coğrafiyanın baxışlarının Xankəndinə yönəlməsi demək oldu. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu xarici siyasət nəticəsində ölkəmiz regionda nəqliyyat, enerji və iqtisadi inteqrasiyanın əsas dayağına çevrilib. Xankəndidə keçirilən zirvə görüşü iqtisadi baxımdan, eləcə də siyasi və ideoloji baxımdan xüsusi önəm daşıdı. Azərbaycanın beynəlxalq nüfuzunun artması, işğaldan azad edilmiş ərazilərimizin yeni inkişaf mərhələsinə qədəm qoyması və bu ərazilərin qlobal əməkdaşlıq mərkəzinə çevrilməsi prosesində bu tədbir əlamətdar mərhələ kimi tarixə düşdü".
Deputat sonda dedi ki, Xankəndi zirvə görüşü Azərbaycanın regionda etibarlı tərəfdaş və sabitlik adası olduğunu bir daha nümayiş etdirdi.
Yazını hazırladı: Etibar SEYİDAĞA
22 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ