Onlayn ictimai-siyasi qəzet
Türkiyənin İstanbul şəhərində ailə dəyərlərini sarsıdan və sosial şəbəkələrdə geniş rezonans doğuran hadisə ilə bağlı hüquqi proses başa çatıb. İki azyaşlı uşağın gözü önündə atasını döyən şəxs artıq polis tərəfindən saxlanılıb və məhkəmə qərarı ilə həbs edilib.
Musavat.com xəbər verir ki, Ekrem D. adlı şəxs "Marmaray" nəqliyyat vasitəsində Deniz Eroğlu adlı vətəndaşa uşaqlarının gözü qarşısında yumruqla hücum edərək onun burnunu sındırmışdı. Hadisənin görüntüləri sosial şəbəkələrdə yayıldıqdan sonra Türkiyə cəmiyyətində hiddət doğurmuşdu.
Ekrem D. bu gün Anadolu Ədliyyəsinə gətirilib, məhkəməyə çıxarılıb və tutularaq cəzaçəkmə müəssisəsinə göndərilib. Onun ifadəsində “Çox peşmanam, uşaqları fərq etməmişdim, deməsi isə ictimaiyyətə əlavə qıcıq yaradıb.
Musavat.com hadisə ilə bağlı yeni yayımlanan polis görüntülərini də təqdim edir. Kadrlarda Ekrem D.-nin polis tərəfindən əlləri qandallanaraq aparıldığı və hüquq-mühafizə orqanları tərəfindən nəzarətə götürüldüyü aydın görünür.
Xatırladaq ki, hadisə belə baş vermişdi:
İstanbulun metrobüs xəttində ailəsi ilə birlikdə səyahət edən Deniz Eroğlu bir şəxsin təzyiqinə və aqressiyasına məruz qalıb. Qısa sözlü mübahisədən sonra həmin şəxs, ətrafdakıların səylərinə baxmayaraq, atasına uşaqlarının gözü önündə yumruqla hücum edir. Sərnişinlərin reaksiyası sərt olur: “Utan, şərəfin olsun, yanında uşaqlar var!”
Hadisənin ictimai müstəvidə yaratdığı narahatlıq fonunda tanınmış ictimai fiqur, mafiya babası Sedat Peker zərərçəkmiş ailəyə 2,5 milyon TL maddi yardım edib. Onun sözlərinə görə, bu yardımla ailəyə avtomobil alınacaq və uşaqlar daha ictimai nəqliyyatda belə vəziyyətlərə məruz qalmayacaqlar.
Peker ailə başçısına belə deyib:
“Bu dünyada ilahi ədalətə mütləq inanmaq lazımdır; kim haqsız yerə can yandırırsa, onun da canı mütləq yanar.”
Hadisə Türkiyədə hüquqi, sosial və ailə dəyərləri prizmasında ciddi müzakirə mövzusuna çevrilib. Sosial media istifadəçiləri və hüquq müdafiəçiləri bu cür zorakılıqlara qarşı qanunvericilikdə daha sərt addımların atılmasını tələb edirlər. Xüsusilə uşaqların iştirak etdiyi məkanlarda baş verən zorakılıq halları üçün cəzaların ağırlaşdırılması fikri geniş dəstək qazanıb.
Musavat.com hadisənin ANBAAN görüntülərini və Ekrem D.-nin polis tərəfindən aparıldığı kadrlardan ibarət yeni videonu təqdim edir:
Musavat.com
03 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ