İnsanlara hürriyət, millətlərə istiqlal!

Omanda səfirlik açıldı, Azərbaycanın Yaxın Şərqdəki diplomatik xəritəsi genişlənir

Oktyabrın 29-da Oman Sultanlığının paytaxtı Maskat şəhərində Azərbaycan Respublikasının Səfirliyinin rəsmi açılış mərasimi olub. Mərasimdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Omanın xarici işlər naziri Sayid Bədr ibn Həməd ibn Hammud Albusəidi iştirak edib.

Musavat.com-un araşdırmasına görə, bununla da Azərbaycanın Yaxın Şərqdəki səfirliklərinin sayı 11-ə çatıb.

Azərbaycanın Suriyadakı səfirliyi bu ilin fevral ayında fəaliyyətini bərpa edib. Hazırda səfirliyin müvəqqəti işlər vəkili Elnur Şahhüseynovdur.

Azərbaycanın Birləşmiş Ərəb Əmirliyindəki Səfirliyi 1997-ci ildə təsis edilib. 2022-ci ildən bu ölkədəki səfirimiz Elçin Bağırovdur.

Azərbaycanın İordaniya Haşimilər Krallığındakı səfirliyi 2006-cı ildə açılıb. Prezidentin sərəncamı ilə bu ölkədəki yeni səfir vəzifəsini Şahin Abdullayev icra edəcək.

Azərbaycan ilə İran arasında aparılmış danışıqlar nəticəsində 2024-cü ilin 15 iyul tarixindən etibarən Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyi yeni ünvanda fəaliyyətini bərpa edib. Hazırda bu ölkədəki səfirimiz Əli Əlizadədir.

Azərbaycanın İraqdakı səfirliyi isə 2016-cı ildə fəaliyyətə başlayıb. Prezidentin oktyabrın 27-də imzaladığı sərəncamla Azərbaycanın İraq Respublikasındakı səfiri Eldar Səlimov təyin olunub.
Ölkəmizin İsraildəki səfirliyi isə 2023-cü ildə açılıb. İsraildəki səfirimiz Muxtar Məmmədovdur.
Azərbaycan Respublikasının Küveyt dövlətindəki səfirliyi 2002-ci ilə təsis edilib. Azərbaycanın bu ölkədəki səfiri Emil Kərimovdur.

Azərbaycan Respublikasının Qətər dövlətindəki səfirliyi də 2002-ci ildə təsis edilib. Qətərdə səfir vəzifəsini Adış Məmmədov icra edir.

Livanla diplomatik münasibətlər isə 1992-ci ildə qurulub. Hazırda bu ölkədəki səfirimiz Səməd Həsənovdur.

Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyi 1994-cü ildə təsis olunub. Prezidentin oktyabrın 27-də imzaladığı sərəncamla yeni səfir Mütəllim Mirzəyev təyin olunub.

Azərbaycanın Yəməndə səfirliyi yoxdur. Ümumiyyətlə, Azərbaycan ilə Yəmən arasında müqavilə-hüquq bazası mövcud deyil.

Oktyabrın 17-də Prezident İlham Əliyev Azərbaycan Respublikasının Bəhreyn Krallığında (Manama şəhərində) səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında Sərəncam imzalayıb.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR