İnsanlara hürriyət, millətlərə istiqlal!

İlham Əliyevin onunla görüşməməsi İrəvana XƏBƏRDARLIQDIR

 
Prezident İlham Əliyevin Türkiyəyə son səfəri sadəcə protokol səfəri deyil, dərin geosiyasi mənalar yüklü bir tarixi hadisə idi. Bu səfərin fonunda Kahramanmaraşda açılan “Azərbaycan” məhəlləsi ilk baxışda humanitar təşəbbüs kimi təqdim edilsə də, əslində burada verilən mesajlar çoxqatlı idi. 
 
Bunu Musavat.com-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin baş mütəxəssisi, siyasi ekspert Tural İsmayılov bildirib.
 
 
Ekspertin sözlərinə görə, Prezident İlham Əliyev və Ərdoğanın bərabər addımları, xüsusən onların qucaqlaşması türk dünyasına və regiona “biz buradayıq” mesajı idi:
 
“Kahramanmaraş zəlzələ ilə sınanmış bir bölgə idi. O bölgədə Azərbaycan izi salmaq, həm də Prezidentin şəxsən açılışda iştirak etməsi qardaşlığın sadəcə sözlə deyil, əməli möhkəmləndirildiyini göstərdi. Bu qucaqlaşma dünya mediasında sadəcə bir görüntü kimi təqdim olunsa da, regionda balansların dəyişdiyi bir vaxtda bu səhnə böyük güclərə verilən incə, lakin güclü siqnal idi”.
 
T.İsmayılov bildirib ki, Moskva və Tehran bu tablonu diqqətlə izləyir:
 
“Xüsusən İran üçün bu səfər çox ciddi bir xəbərdarlıq xarakteri daşıyır. Zəngəzur dəhlizi ilə bağlı açıq mesajlar verilməsə də, diplomatik üslubla bu məsələ gündəmdə saxlanıldı. İlham Əliyev - Rəcəb Tayyib Ərdoğan görüşlərində bir çox mövzu müzakirə olunub və bunların içərisində Ermənistanla normallaşma prosesi və regional layihələrin taleyi mütləq yer alıb”.
 
Ekspert qeyd edib ki, belə bir fonda Ermənistan baş naziri Nikol Paşinyanın da Türkiyəyə səfəri ciddi suallar doğurur:
 
“O, bu gün açıq mesajlar vermək yerinə daha çox zəruri siyasi davranış sərgiləyir.  Türkiyə rəhbərliyi Ermənistanla normallaşma prosesində artıq konkret addımlar gözləyir, boş vədlərlə masaya gələn İrəvana etimad yoxdur. Paşinyanın öz ölkəsində artan daxili təzyiqlər fonunda bu səfəri daha çox “nəfəs almaq” cəhdi kimi qiymətləndirilə bilər. Lakin unutmamalıyıq ki, rəsmi Ankara “Zəngəzur olmadan heç nə olmaz” prinsipindən geri çəkilməyib. Bu isə o deməkdir ki, Paşinyan bu görüşdən nəticə əldə etmək istəyirsə, konkret öhdəliklər götürməlidir”.
 
İran məsələsinə gəldikdə, T.İsmayılovun fikrincə, Tehran bu proseslərdən kənarda qalmaq istəmir:
 
“Onlar Zəngəzur dəhlizi layihəsini öz sərhəd təhlükəsizliyi üçün təhlükə kimi dəyərləndirirlər. Amma Bakı və Ankara bu məsələdə eyni xətt üzrə irəliləyir. Maraş səfəri də bu birlik rəmzinin gücləndirilməsi üçün ideal platforma idi”.
 
Siyasi şərhçi xatırladıb ki, Qərbin də bu prosesə münasibəti diqqət çəkir:
 
“ABŞ və Avropa İttifaqı Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasını dəstəkləyir, lakin Zəngəzur dəhlizi məsələsində açıq mövqe sərgiləmirlər. Bu boşluğu isə Türkiyə doldurur. Ankara həm hərbi, həm siyasi baxımdan Cənubi Qafqazda daha fəal aktora çevrilir”.
 
STM əməkdaşı hesab edir ki, Prezident İlham Əliyevin “həssas vaxtda həssas addım” olaraq dəyərləndirilə biləcək bu səfəri eyni zamanda Qarabağ sonrası mərhələyə keçid mesajı idi:
 
“Azərbaycanın artıq post-münaqişə dövrünün lider ölkəsi kimi yeni rolu var. Bunu qəbul etməyən tərəflər isə prosesin kənarında qalmaq riski ilə üz-üzədir”.
KAHRA.jpg (111 KB)
 
Ekspert vurğulayıb ki, Paşinyanın səfəri fonunda nümayiş olunan susqunluq çox şey danışır:
 
“Prezident Əliyevin onunla görüşməməsi rəsmi İrəvana bir daha “əldə etdiyiniz nəticələr konkret öhdəliklər əsasında olmalıdır” xəbərdarlığıdır. Azərbaycan artıq Ermənistanın “hissiyyat diplomatiyası” ilə hərəkət etdiyini bilir və bu oyunlara aldanmaq fikrində deyil.
 
Ümumilikdə, hazırkı mərhələdə Ermənistan siyasətində ciddi dəyişiklik gözləmək çətindir. Paşinyan hökuməti hələ də daxili sabitliyi tam təmin edə bilməyib və regional layihələrdə passiv tərəf olaraq qalmaqda davam edir. Bunun dəyişməsi üçün ciddi struktur və siyasi iradə tələb olunur”.
 
T.İsmayılov bir məqama da diqqət çəkib:
 
“Maraqlısı odur ki, Ermənistan cəmiyyətində də bu gedişatın fərqinə varanlar artır. Artıq bir çox analitik dairələr Zəngəzur dəhlizinin əhəmiyyətini qəbul edir və onun qarşısının alınmasının Ermənistana baha başa gələcəyini anlayırlar.
 
Ərdoğanın Paşinyanı qəbul etməməsi həm də daxili ictimai rəyə yönəlik bir addımdır. Türkiyə cəmiyyəti Qarabağda əldə olunan qələbəni öz qələbəsi kimi görür. Nəticə etibarilə, Prezident İlham Əliyevin Türkiyə səfəri yeni bir mərhələnin başlandığını göstərir.
 
Bu mərhələdə sözlər yox, nəticələr əsas olacaq. Qardaşlıq görüntüsü altında verilən mesajlar isə gələcək addımların xəbərçisidir”.
 
Tural İsmayılovun fikrincə, bu səfər göstərdi ki, Azərbaycanın regionda yaratdığı yeni reallıq artıq sabitlik və əməkdaşlıq platforması üzərində qurulur:
 
“Kim bu platformada yer almaq istəyirsə, yeni reallıqları qəbul etməli və konkret davranmalıdır”.
 
E.Paşasoy,
Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR