İnsanlara hürriyət, millətlərə istiqlal!

İlon Maskın şirkəti 200 milyon dollar cərimələndi – MƏHKƏMƏ İŞİ

ABŞ-da ilk dəfə olaraq “Tesla” şirkəti ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinə görə qismən məsuliyyətə cəlb olunub.

Florida ştatının məhkəməsi “Avtopilot” sisteminin rolunu nəzərə alaraq şirkətin 243 milyon dollar təzminat ödəmək qərarı verib.

Bu qərar təkcə “Tesla” üçün maliyyə itkisi deyil, həm də şirkətin illərdir mübahisələrə səbəb olan özünüidarəetmə texnologiyasına qarşı hüquqi presedent yaratması ilə diqqət çəkir.

Musavat.com-un xəbərinə görə, məhkəmə mübahisəsinə yol açan hadisə 2019-cu ildə baş verib.

"Avtopilot" adlı özünü idarə edən sistemindən istifadə edən “Tesla Model S” avtomobil 2 piyadanı vurub. Piyadalardan biri ölüb, biri isə ağır yaralanıb.

Floridada qəzada ölən 22 yaşlı Naybel Benavides Leonun ailəsi və qəzada xəsarətlər alan onun nişanlısı Dillon Anqulo bu işdə iddiaçıdırlar. Məhkəmədə təqdim edilən dəlillərə görə, “Tesla” sürücüsü yol ayrıcına yaxınlaşarkən avtomobilin idarəetməsini itirib və yaxınlıqda dayanan iki qurbanla dayanmış avtomobilə çırpılıb. Nə sürücü, nə də avtopilot sistemi lazımi vaxtda əyləci basmayıb.

İddiaçılar hesab edirdilər ki, “Tesla”nın “Avtopilot” sistemi qəzadan əvvəl sürücüyə xəbərdarlıq etməli və əyləcləri işə salmalı idi. Məhkəmədə qəzanı törədən “Tesla” avtomobilinin sürücüsü Corc MakGinin özünün günahkar hesab etməsinə baxmayaraq, hakim “Tesla”nın 243 milyon dollara qədər təzminat ödəməli olduğuna qərar verib.

Hökmdən sonra iddiaçıların vəkilləri bildirib ki, İlon Mask avtopilot sisteminin imkanları barədə ictimaiyyəti çaşdıran açıqlamalar verib.

Onların fikrincə, “Tesla” avtopilotu yalnız məhdud magistral yollar üçün hazırlayıb, lakin qəsdən onun başqa yerlərdə istifadəsinə də mane olmayıb. Eyni zamanda, İlon Mask dünyaya istehsal etdiyi avtomobillərin avtopilotda sürməyin daha yaxşı olduğunu söyləyib.

““Tesla” və Mask uzun müddətdir ki, insan həyatı bahasına avtonom sürücülük haqqında şişirdilmiş reklamlarla şirkətin səhmlərinin qiymətini yüksək saxladılar. “Tesla”nın yalanları yolları onun qüsurlu texnologiyası üçün sınaq meydançasına çevirdi”, - deyə vəkillər bildiriblər.

Məhkəmə şirkətin gələcək zərərli davranışlarının qarşısını almaq üçün nəzərdə tutulan 129 milyon dollar kompensasiya və 200 milyon dollar cəza da daxil olmaqla, ümumilikdə 329 milyon dollar təzminat təyin edib. “Tesla” kompensasiya ziyanının üçdə birini, təxminən 42,5 milyon dollar və bütün cəza təzminatları olan 200 milyon dollar ödəməlidir, baxmayaraq ki, şirkət cəza təzminatının azalacağını bildirib. "Bugünkü qərar səhvdir və yalnız avtomobil təhlükəsizliyini geridə qoyacaq və “Tesla”nın və bütün sənayenin həyatını xilas etməyə kömək edən texnologiyaların inkişafı və tətbiqi səylərini təhlükə altına salacaq" deyə “Tesla”dan bildirilib.

Qeyd olunub ki, məhkəmədəki dəlillər yalnız sürücünün günahkar olduğunu göstərir, çünki o, yüksək sürətlə maşın sürərkən telefonuna baxır və gözü yolda deyilkən ayağını qaz pedalına basırdı və bu da avtopilot sisteminin söndürülməsinə səbəb olur: "Heç bir avtomobil, 2019-cu ildə və ya bu gün belə, bu qəzanın qarşısını ala bilməzdi. Bu iş heç vaxt avtopilotla bağlı deyildi, daha çox iddiaçıların vəkilləri tərəfindən avtomobilin günahkarmış kimi görünməsi üçün uydurulmuş bir hekayə idi, sürücü əvvəldən məsuliyyəti öz üzərinə götürdü”.

Keçən il “Tesla” 2018-ci ildə avtopilotdan istifadə edərkən ölən Apple mühəndisinin ailəsi ilə maliyyə razılaşması əldə edərək işi bağlayıb. 2023-cü ildə Kaliforniyada münsiflər heyəti “Tesla”nı avtopilotun bir insanın ölümünə səbəb olduğu iddia edilən oxşar bir işdə günahsız hesab edib.

Bu yaxınlarda keçirilən məhkəmə iclasında avtomobilin sürücüsü Corc MakGini dedi ki, səhv etsə, avtopilotun müdaxilə edəcəyini güman edib. O, sistemin bunu bacarmadığına inandığını əlavə edib. Cənab MakGini əvvəllər ayrı bir işdə iddiaçılarla maliyyə razılaşması əldə etmişdi. “Tesla” uzun müddətdir ki, avtopilot sistemi və avtonom idarəetmə texnologiyasının performansına görə tənqidlərlə üzləşib. Təxminən 950 milyard dollar dəyəri olan şirkət üçün bu rəqəm əhəmiyyətsiz görünsə də, məhkəmənin qərarı hüquqi baxımından böyük əhəmiyyət kəsb edir. Artıq şirkət verilmiş qərardan apellyasiya instansiyasına şikayət edəcəyini açıqlayıb. “Tesla” Çindəki şiddətli rəqabət, ABŞ-da dövlət subsidiyalarının ləğvi və şirkətin baş direktoru İlon Maskın siyasi mövqeləri səbəbindən çətin vəziyyətdədir. Bu vəziyyətdə sürücüsüz taksilərdə istifadə edilməsi nəzərdə tutulan özünü idarə edən texnologiya “Tesla”nın bu eniş tendensiyasından çıxmaq ümidlərindən biridir.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Avqust 2025

04 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR