İnsanlara hürriyət, millətlərə istiqlal!

İmişlidə rus simvolu qaldıran şəxsin kimliyi bilindi - DOSYE

Xəbər verdiyimiz kimi, İmişli rayonunda 9 May Qələbə Günü tədbiri zamanı SSRİ bayrağı qaldırılıb. Hadisə rayonunun Sarıxanlı kəndində baş verib. SSRİ bayrağı İkinci Dünya müharibəsi xatirə kompleksinin üzərinə sancılıb. Sosial şəbəkədə yayılan görüntülər cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb.

Musavat.com xəbər verir ki, tədbirdə rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov SSRİ bayrağı fonunda sinəsində rus imperiyasının rəmzi olan "Georgi lenti" ilə çıxış edib.

Saleh Səmədov kimdir?

Saleh Mehralı oğlu Səmədov 1962-ci ildə İmişli rayonunda anadan olub. İmişli Rayon Ağsaqqallar Şurasının Sədri, "Azərişıq" ASC "Aran" Regional Enerji Təchizatı və Satışı İdarəsinin rəis müavini, YAP İmişli Rayon Təşkilatının "Energetik" Ərazi Partiya Təşkilatının sədri vəzifələrində çalışıb.

1997-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu iqtisadçı, 2001-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasını Dövlət və Bələdiyyə İdarəetməsi ixtisası üzrə bitirib.

Saleh Səmədov əmək fəaliyyətinə 1980-81-ci illərdə İmişli Rayon Yol İstehsalat İdarəsində fəhlə kimi başlayıb.

1983-85-ci illərdə İmişli Rayon Rabitə və İşarəvermə Stansiyasında anbar müdiri, 1985-86-cı illərdə İmişli Rayon “Yol Restoran” Birliyində bufetçi, 1986-87-ci illərdə 1 saylı kitab mağazasında satıcı işləyib.

1987-92-ci illərdə tədarük-satış müəssisəsinin müdiri, 1992-93-cü illərdə Bakı ŞİH Aqrar Məhsulları Bazar Ticarəti İdarəsinin baş direktoru, 1993-95-ci illərdə Bakı Şəhəri “Ozan” Kiçik Müəssisəsinin direktoru, 1995-96-cı illərdə Bakı Şəhər Ticarət İctimai İaşə Baş İdarəsinin rəis müavini, 1996-98-ci illərdə Bakı Şəhər Səbayıl Rayon Ticarət və İctimai İaşə Baş idarəsinin baş direktoru, 1998-99-cu illərdə Bakı Şəhəri İstehlak Bazarı Xidməti Departamentinin Nərimanov Rayon Şöbəsinin rəisi, 1999-2001-ci illərdə Bakı Şəhəri “FM-RUS” Kommersiya Firmasının direktoru, 2001-2002-ci illərdə rəisi vəzifələrində işləyib.

2006-2008-ci illərdə Naftalan Şəhər İcra Hakimiyyətində baş iqtisadçı, 2008-2009-cu illərdə “Xan-Araz” MMC-də direktor, 2009-2010-cu illərdə İmişli Rayon Məşğulluq Mərkəzində direktor, 2010-2011-ci illərdə İmişli Rayon İcra Hakimiyyətində Başçının Sosial-İqtisadi Məsələlər Üzrə müavini, 2011-2013-cü illərdə “Xan-Araz” MMC-də prezident, 2013-2018-ci illərdə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent Üzrə Dövlət Komitəsi Regional Ərazi idarəsində rəis, 2018-2020-ci illərdə Azərbaycan Metrologiya İnstitutunda baş direktor, 2020-2021-ci illərdə “Azər-S-Test” MMC-də direktor vəzifələrində işləyib.

Saleh Səmədov 1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Onun rayonda şərab zavodu var. Həmiçinin rayonda digər biznes sahələrinə də yatırım edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 May 2025

BÜTÜN XƏBƏRLƏR