Onlayn ictimai-siyasi qəzet
Rusiya-Ukrayna müharibəsi artıq üçüncü ilə qədəm qoyub. Hər gün minlərlə insanın həyatına son qoyan bu savaş nə vaxt bitəcəyi bilinmir. Hazırda dünya paytaxtlarında sülhdən sonra kimlər Ukraynanın təhlükəsizliyinin təminatçısı olacaq sualı aktiv müzakirə olunur. Alyaska və Ağ Ev sammitlərindən sonra diqqət məhz bu istiqamətə yönəlib. Və həmin müzakirələrdə sülh təminatçısı olaraq Türkiyənın adı çəkilir.
Prezident Rəcəb Tayyib Ərdoğan bu günlərdə həm NATO-nun yeni baş katibi Mark Rutte, həm də Rusiya lideri Vladimir Putinlə danışıqlar aparıb, Avropanın “Könüllülər Koalisiyası” toplantılarında iştirak edib və Türkiyənin davamlı sülhə töhfə verməyə hazır olduğunu bəyan edib. NATO-nun ikinci böyük ordusuna sahib olan Türkiyə, Əfqanıstan, Kosovo və Bosniya kimi münaqişə bölgələrində beynəlxalq missiyalarda iştirak etmiş, həm hərbi, həm də diplomatik baxımdan zəngin təcrübəyə malikdir. Bu səbəbdən Ankaranın Ukraynanın təhlükəsizlik zəmanətlərində aparıcı rol alması artıq real perspektiv kimi görünür. Bəs Türkiyənin bu rolu Moskvanın reaksiyasını necə dəyişəcək? Əgər ABŞ məsuliyyəti bölüşməsə, Ankara bu yükü tək daşıya bilərmi? Və ən əsası, Türkiyənin sülh sonrası arxitekturadakı çəkisi Cənubi Qafqaza, xüsusən də Azərbaycana hansı imkanları və riskləri gətirəcək?
Siyasi şərhçi Kamran Məmmədli Musavat.com-a açıqlamasında bildirib ki, Türkiyənin üstünlüyü eyni anda üç platformada legitim aktor olmasıdır:
"NATO üzvü kimi Qərblə koordinasiya edir; Montrö rejiminin təminatçısı kimi Qara dənizdə strateji hüquqlara malikdir; Rusiya ilə işlək siyasi kanalları qoruyub saxlayan yeganə ali vasitəçidir. Türkiyənin Ukraynaya verə biləcəyi zəmanətlər məcburedici yox, funksional olmalıdır. Hava müdafiəsi, dəniz naviqasiyası, mina-təmizləmə, logistika, təlim-məsləhət missiyaları kimi konkret paketlərdə Türkiyə liderlik edə bilər. Taxıl dəhlizi təcrübəsi göstərdi ki, Ankara dəniz risklərini idarə edə bilir. Deməli, sülh sonrası mərhələdə də naviqasiya təhlükəsizliyi, limanların mərhələli açılması, sığorta mexanizmləri kimi texniki məsələlərdə Türkiyənin rolu əvəzsiz olacaq”.
Siyasi şərhçi vurğulayır ki, ABŞ olmadan Avropanın təhlükəsizlik zəmanətləri ya yalnız siyasi bəyanat, ya da resurs baxımından məhdud layihə olaraq qalacaq:
“Türkiyə açıq şəkildə bildirir ki, ABŞ məsuliyyət daşıyacaqsa, Ankara da missiyaya qoşula bilər. Əks halda öhdəliklərin real təsiri olmayacaq”.
Rusiya dəfələrlə bəyan edib ki, NATO ölkələrinin Ukraynaya qoşun göndərməsi qəbuledilməzdir. Bu baxımdan, Türkiyənin iştirakı Moskvanın sərt reaksiyasına səbəb ola bilər. Amma siyasi şərhçi qeyd edir ki, münasibətləri kəskinləşdirmək Kreml üçün də arzuolunan deyil: “Türkiyə ilə Rusiya arasında enerji, ticarət, Suriya, Qafqaz və Qara dəniz balansları mövcuddur. Moskva bu münasibətləri tamamilə riskə atmaq istəmir. Ona görə də Ankara təmas xəttində yox, daha çox arxa zonada – logistika, təlim, mina-təmizləmə, infrastrukturun bərpası və liman təhlükəsizliyi kimi sahələrdə fəaliyyət göstərəcək. Bu, eskalasiyanı minimuma endirir, amma təsiri maksimum saxlayır”.
Ərdoğanın balans siyasəti Türkiyəyə həm regional söz sahibliyi qazandırır, həm də müdafiə sənayesinə olan tələbatı artırır. Bununla yanaşı, Qara dənizdə və Orta Dəhliz layihələrində Türkiyənin mərkəzi mövqeyini daha da gücləndirir.
Kamran Məmmədlinin fikrincə, Türkiyənin fəallığı Qafqaz regionunda güc balansını daha çox Türkiyə-Azərbaycan tandemi xeyrinə dəyişir:
“Moskvanın manevr sahəsi daraldıqca, regional kommunikasiyalar Zəngəzur istiqamətində olmasa belə, alternativ Orta Dəhliz daha rasional gündəm qazanır. Gürcüstanın tranzit rolu möhkəmlənir, Xəzər-Qara dəniz inteqrasiyası dərinləşir. Bununla belə, Ukrayna cəbhəsində gərginlik artarsa, Qafqazda proksi alətlər işə düşə bilər. Buna qarşı Ankara-Bakı koordinasiyası daha da institusionallaşmalıdır”.
Ekspertin qənaətinə görə, Azərbaycan üçün ən optimal xətt Türkiyə ilə dərin inteqrasiya, praqmatik Qərb əlaqələri və idarə olunan Rusiya dialoqu üçbucağıdır. Bu yanaşma həm sülh gündəminə uyğundur, həm riskləri bölüşdürür, həm də imkanları maksimuma çıxarır. Türkiyə Ukrayna sülh planında iştirak etməklə beynəlxalq siyasətdə strateji çəkisini artırır. ABŞ-in prosesə qoşulması bu mexanizmləri möhkəmləndirir, Rusiya ilə dialoq isə eskalasiyanı cilovlayır. Montrö Konvensiyası isə hüquqi dayağı təmin edir. Qafqazda isə bu balans Azərbaycanın təhlükəsizlik və tranzit gündəmini gücləndirir. Əsas şərt odur ki, Ankara-Bakı koordinasiyası daha da dərinləşdirilsin, mandatlar aydın yazılsın və risklərin idarə olunması peşəkar şəkildə həyata keçirilsin.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
24 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ