Onlayn ictimai-siyasi qəzet
İran hökumətinə yaxın media qurumları sensasiyalı məlumat yayıb.
Musavat.com xəbər verir ki, keçən cümə günü İranın rəsmi və yarırəsmi informasiya agentlikləri, xüsusən də “Tasnim” İsrailin nüvə proqramına dair minlərlə məxfi sənədin İranın əlinə keçdiyini iddia edən xəbərlər yayıb.
Bildirilir ki, bu sənədlər Tehrana “İsrail ərazisində aparılmış xüsusi əməliyyat” nəticəsində çatdırılıb.
İran tərəfi bu xəbərləri “tarixi uğur”, “yeni kəşfiyyat mərhələsi” kimi təqdim etsə də, indiyədək nə konkret sübut, nə də vizual material ictimaiyyətə təqdim olunmayıb. Yayılan məlumatlara görə, əməliyyat “bir müddət əvvəl” həyata keçirilib və materialların İrana gizli şəkildə daşınması vaxt tələb etdiyi üçün bu məlumat indi açıqlanır.
İddialara görə, sənədlər artıq təhlükəsiz məkanlara çatdırılıb, hazırda onların araşdırılması və hissə-hissə yayımlanması planlaşdırılır.
Eyni zamanda “Hizbullah”a yaxınlığı ilə tanınan “Al-Mayadeen” telekanalı daha da irəli gedərək bildirib ki, İran yalnız yazılı materialları deyil, həm də İsrailin nüvə obyektləri ilə bağlı geniş həcmli foto və video sübutları əldə edib. Bu materialların emalının vaxt aparacağı vurğulanır.
Hadisənin fonunda İsraildə iki nəfərin – Roy Mizrahi və Almog Atiasın – İran xeyrinə casusluqda şübhəli bilinərək saxlanıldığı məlum olub. Lakin İsrail hüquq-mühafizə orqanları bu məsələ ilə bağlı ətraflı məlumat verməkdən çəkinir. İran tərəfi isə bəyan edir ki, həmin şəxslər əməliyyatdan sonra saxlanılıb və sənədlərin ötürülməsi artıq həyata keçirilmişdi.
Məsələ ilə bağlı nə Tehran, nə də Təl-Əviv rəsmi və dolğun izah təqdim edir. Lakin İran mediasının iddialarının ard-arda və koordinasiyalı şəkildə yayılması, Tehranın bu məlumatdan geniş informasiya müharibəsi vasitəsi kimi istifadə etməyə çalışdığını göstərir.
Musavat.com
08 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ