İnsanlara hürriyət, millətlərə istiqlal!

İrana daha bir ŞOK - Çin alternativ axtarışına çıxır

"İran neftinə alternativ axtarışlar başlayıb".

Bu barədə Musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

ELXAN SON.jpg (74 KB)

Politoloq qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin və Çin lideri Si Cinpin İsrail-İran müharibəsinin gedişindən narahatdır:

"Hər ikisi həm də ondan narahatdır ki, ABŞ prezidenti Donald Tramp İsrailə dəstək məqsədilə İrana hava zərbələrinə qoşula bilər. Moskva və Pekin İranı itirsə, bu, hər iki ölkənin imicinə ciddi zərbə olacaq. Bu səbəbdən Vladimir Putin Si Cinpinlə mövcud vəziyyəti telefonla müzakirə edib.

Pekin keçmiş illərdə dünyanın müxtəlif bölgələrindəki müharibələrə qarışmazdı. Ancaq Çin son illərdə iqtisadi gücü ilə yanaşı, hərbi gücünü də artırıb. Digər tərəfdən, Çin uzaq Latın Amerikası ölkələrinə qədər müxtəlif layihələr reallaşdırır".

Elxan Şahinoğlu bildirib ki, dünyanın istənilən nöqtəsindəki müharibə artıq Çinin iqtisadi maraqlarına toxunur:

"Çinin İranla bağlı da böyük planları var idi. Si Cinpin Qazaxıstanda keçirilən Çin-Orta Asiya sammitində çıxışında deyib ki, İsrailin İrana qarşı hərbi əməliyyatları nəticəsində Yaxın Şərqdə gərginliyin qəfil artımından narahatdır.

Buna baxmayaraq, Pekin və Moskvanın İsraili durduracaq alətləri yoxdur. Çin və Rusiya İsrailin İrana hücumunu BMT-nin Baş Assambelyasında səsverməyə çıxara bilər. BMT-də İsrailiin Qəzzanı bombalamasını qınayan səsvermələr nəticə vermədisə, İrana hücumla balı qınama sənədləri nəticə verməyəcək.

Buna baxmayaraq, Pekinin mövcud vəziyyətdən narahatlığı getdikcə artır. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciakun Pekində keçirdiyi mətbuat konfransında deyib ki, Pekin İsrail-İran münaqişəsinin gərginləşməsini kənardan izləyə bilməz. O, Çinin BMT Nizamnaməsinə zidd olaraq bir ölkənin suverenliyinin və təhlükəsizliyinin pozulmasına qarşı olduğunu vurğulayıb. Çinli diplomat ABŞ-yə də çağırış edərək "İsrail üzərində xüsusi təsirə malik olan bir ölkə olaraq məsuliyyətli davranmalı, gərginliyi azaltmaq və münaqişənin yayılmasının qarşısını almaq üçün ədalətli və obyektiv bir yanaşma sərgiləməlidir", - deyə bildirib.

Pekin Vaşinqtona bu çağırışı ona görə edib ki, ABŞ-ın da yaxın günlərdə İrana zərbə vura biləcəyini proqnozlaşdırıb.

Bu arada, Pekində İrandan neft ala bilməyəcəklərini proqnozlaşdırmağa başlayıblar. İran neftinin əsas alıcısı Çindir. İran nefti Çinin 15 faizlik tələbatını ödəyir. Çin ildən-ilə İrandan aldığı neftin həcmini artırırdı. Müharibə Pekinin planlarını pozub. Çin hökuməti digər ölkələrdən neftin alınmasını artırmaq məcburiyyətində qalacaq. Ancaq bu, əlavə xərc və yeni tranzit yollarının axtarışı deməkdir".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR