Onlayn ictimai-siyasi qəzet
Avstraliya ilə İran arasında diplomatik münasibətlərdə ciddi böhran yaranıb. Kanberra rəsmi şəkildə elan edib ki, İslam Respublikasının səfiri Əhməd Sadeqi ölkədən çıxarılır. İran diplomatına əşyalarını yığmaq və ölkəni tərk etmək üçün 7 gün vaxt verilib.
Musavat.com xəbər verir ki, Avstraliya xüsusi xidmət orqanlarının apardığı araşdırmalar nəticəsində məlum olub ki, Tehrana bağlı strukturlar Sidney və Melburnda antisemit hücumların təşkili ilə birbaşa əlaqəlidir. Təhlükəsizlik məlumatlarına görə, iranlı agentura şəbəkəsi kriminal qruplardan istifadə edərək kafedə yanğın törədib, həmçinin sinaqoqa hücum planlaşdırıb və həyata keçirib.
Baş nazir Entoni Albanese məsələ ilə bağlı sərt açıqlama verib:
“Bu, iğtişaş toxumu səpmək üçün son dərəcə təhlükəli cəhddir. Avstraliya cəmiyyətinin təhlükəsizliyinə qarşı belə təhdidlərə göz yummayacağıq”, – deyə o bildirib.
Kanberra bununla kifayətlənməyərək, İrandakı səfirliyini müvəqqəti bağladığını açıqlayıb. Eyni zamanda, Avstraliya vətəndaşlarına təcili olaraq İranı tərk etmək tövsiyə edilib. Hökumət nümayəndələri qeyd ediblər ki, məsələ yalnız diplomatın qovulması ilə bitməyəcək – yaxın günlərdə Avstraliya hökuməti İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) rəsmi şəkildə terror təşkilatı kimi tanımağa hazırlaşır.
Rəsmi Tel-Əviv Avstraliyanın qərarını yüksək qiymətləndirib. İsrail hökumətinin bəyanatında bildirilir:
“İran bütün azad dünya üçün təhdiddir. Avstraliyanın bu addımı Tehran rejiminin əsl mahiyyətini ortaya qoyur”.
Musavat.com -a görə, Avstraliyanın bu addımı Qərb ölkələri arasında Tehrana qarşı yeni sərt dalğanın başlanğıcı ola bilər. Artıq Böyük Britaniya və Kanada da SEPAH-ı terror siyahısına salmağı müzakirə edir. ABŞ isə uzun müddətdir bu qurumu terror təşkilatı kimi tanıyır.
Müşahidəçilər bildirirlər ki, Avstraliyanın qərarı İranın beynəlxalq arenada daha da təcrid olunmasına, Qərblə münasibətlərinin gərginləşməsinə səbəb olacaq.
Musavat.com
26 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ