Onlayn ictimai-siyasi qəzet
“ISCA News” agentliyi iddia edib ki, guya bu ləngimə Bakının Tehranın təklif etdiyi namizədi qəbul etməməsi ilə bağlıdır, əslində isə...
İran və Azərbaycan arasında aylarla davam edən danışıqlara baxmayaraq, bu ölkənin Bakıdakı səfirliyinə hələ də səfir təyin edilməyib. İran İslam Respublikasının Azərbaycandakı son səfiri Seyid Abbas Musəvi 2020-ci ildən İranın Bakıdakı diplomatik korpusuna rəhbərlik edirdi. O, səfir vəzifəsindən əvvəl İran Xarici İşlər Nazirliyinin sözçüsü olub. Abbas Musəvinin Bakıya gəlişindən sonra İran və Azərbaycan arasında münasibətlərdə irəliləyiş nəzərə çarpmayıb, əksinə, təmaslar daha da gərginləşib.
Onun diplomatik missiyası hələ 2023-cü ilin yayında başa çatmışdı. Ancaq ondan tələb olunub ki, münasibətlər normallaşana qədər və Azərbaycanın Tehrandakı səfirliyi fəaliyyətini bərpa edənədək öz fəaliyyətini davam etdirsin. Ötən ilin martında İranın dövlət xəbər agentliyi “Tasnim” ölkənin Azərbaycandakı səfiri Abbas Musəvini Baku TV-yə verdiyi müsahibədən sonra istefaya çağırmışdı. Agentlik bu çağırışı edərkən, jurnalistin diplomatik nümayəndəlikdə “uyğun olmayan geyim”lə göründüyünü əsas gətirmişdi.
“Tasnim” xanım jurnalistin hicabsız geyimini “İran İslam Respublikasının rəsmi mövqeyinə təhqir” adlandırmış və səfir Abbas Musəvini istefa verməyə çağırmışdı. Artıq bir neçə aydır ki, səfir Bakını tərk edib, amma yeni təyinat yubanır.
İranın “ISCA News” agentliyi bu yaxınlarda iddia edib ki, yeni səfirin göndərilməməsi ətrafında problem Azərbaycan hökumətinin İranın təklif etdiyi namizədi qəbul etməməsi ilə bağlıdır. “Bu məsələ tezliklə həllini tapmalıdır. İranın Azərbaycandakı mümkün səfiri kimi Mədəniyyət və Kommunikasiya Təşkilatının sabiq rəhbəri və hazırda Bosniya və Herseqovinadakı səfir Əbuzər İbrahimi Türkmanın adı çəkilir”, - deyə sayt qeyd edib.
1961-ci il Vyana Konvensiyasına əsasən, səfir təyin edilməsi onu göndərən ölkənin səlahiyyətində olan məsələdir və öz istədiyi şəxsin namizədliyini irəli sürə bilər. Lakin praktikada beynəlxalq nəzakət qaydalarına riayət olunması nəzərə alınır və səfir təyin etmək istəyən ölkə elə şəxsin namizədliyini irəli sürməlidir ki, qarşı tərəf ona aqreman versin. Aqreman verilməməsi isə belə olur ki, təyin edən ölkəyə imtina barədə heç nə deyilmir, sadəcə olaraq, müəyyən müddət razılıq verilmir və bu, imtina kimi başa düşülür.
Təyin edən ölkə belə bir imtina cavabı ilə üzləşmək istəmirsə, elə bir şəxsin namizədliyini irəli sürməlidir ki, göndərildiyi ölkənin ona qarşı heç bir narazılığı olmasın və səfir kimi qəbul etməyə razılıq versin.
“İranın Azərbaycana səfir təyinatı prosesi son mərhələdədir".
Bu barədə isə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Beqai İran mediasına məlumat verib. “Azərbaycan Respublikası ilə münasibətlərin normallaşması prosesini nəzərə alaraq, lazımi addımlar atılıb və səfirin seçilməsi prosesi son mərhələdədir: ”Azərbaycan Respublikası ilə münasibətlərimiz həmişə normal və dostluq çərçivəsində olub".
Təyinatın bu qədər yubadılması münasibətlərdə indiyə qədər olan problemlərdən qaynaqlanır, yoxsa texniki məsələdir? Pezeşkianın səfərindən sonra İran-Azərbaycan münasibətlərində yumşalma müşahidə olunur. İran səfirinin göndərilməsi yaxın vaxtlarda reallaşacaqmı?
Abutalıb Səmədov
“Alyans” Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, İranın Azərbaycandakı səfirinin təyin olunması artıq bir neçə aydır yubanır: “Məsud Pezeşkianın Azərbaycana səfəri ərəfəsində də səfirin təyinatının ləngiməsinin texniki məsələlərlə bağlı olduğu bəyan edilirdi. Eyni bəyanatlar indi də verilir. Bu texniki məsələlər nədən ibarətdir? Həqiqətən də səfirin təyinatının ləngiməsində bu gün başqa səbəblər yoxdur, texniki prosedur səbəblər üzündən təyinat ləngiyir. Diplomatik münasibətlər haqqında Vyana Konvensiyası müəyyən eləyir ki, bir ölkənin digər ölkəyə səfir təyin etməsi üçün əvvəlcə səfir təyin olunacaq ölkəyə müraciət olunur, namizədin kim olacağı bildirilir və bu ölkənin razılığı istənilir. Bu razılıq aqreman adlanır. Səfir təyin olunacaq ölkə araşdırmalar aparır, təyin olunacaq səfirin tərcümeyi-halını, fəaliyyətini və digər məsələləri araşdırdıqdan sonra ya razılıq verir, yaxud etiraz edir. Razılıq verildikdən sonra həmin şəxsin səfir təyin olunması barədə növbəti addımlar atılır. İran tərəfinin iddiasına görə, bundan əvvəl Azərbaycanda səfir təyin olunmağa göstərilən namizəd aqreman ala bilməyib. Azərbaycan həmin namizədə etiraz eləyib. Namizədin kimliyi barədə təbiidir ki, məlumat yoxdur. İndiki şəraitdə növbəti namizəd İranın Bosniya və Hersoqovinadakı səfiri Əbülfəz İbrahimi Türkmən müəyyən olunub və namizədin adının elan olunması o deməkdir ki, artıq bu proses sona çatmaqdadır. Ola bilsin ilkin razılaşma da var. Əks halda, ad açıqlanmazdı. Yəqin ki, yaxın vaxtlarda İranın Azərbaycandakı səfiri təyin olunacaq”.
Ekspert vurğuladı ki, aqreman alınması prosesi çox mühüm prosesdir. Çünki səfirlərin əsas işi iki ölkə arasında dostluq münasibətlərinin yaranması istiqamətində fəaliyyət göstərməkdir: “Səfirin fəaliyyətinin uğurlu olması üçün lazımdır ki, təyin olunacağı ölkə ilə onun arasında heç bir problem olmasın, onun fəaliyyətində, bəyanatlarında təyin olunacağı ölkəni narahat edən, qane etməyən məqamlar olmasın. İran Prezidentinin Azərbaycana uğurlu səfərindən sonra yəqin ki, bu proses sürətləndirilib və yaxın vaxtlarda bu texniki məsələlər tamamilə həll olunduqdan sonra biz İranın Azərbaycandakı səfirinin tam fəaliyyətə başlamasının şahidi olacağıq. İndiki şəraitdə bu prosesin yubadılması təbiidir ki, dövlətlərimizin maraqlarına qətiyyən xidmət eləmir”.
Aydın Quliyev
Siyasi şərhçi Aydın Quliyev bildirdi ki, İranın Azərbaycana yeni səfir təyinatının gecikməsi bir siyasi fakt olaraq ortadadır: “Bu yalnız hansısa xüsusiyyətlərə malik diplomat kadrın seçilməsi zərurəti ilə tam şəkildə bağlı deyil. İran çoxəsrlik dövlətçilik tarixi olan ölkədir. Bu ölkədə diplomat hazırlıqlarına xüsusi prinsiplərlə və meyarlarla yanaşıldığını bilirik. Təbii ki, oturuşmuş bir dövlət olaraq İran diplomatiyasında hər xüsusiyyətlərə və hər ölkədə hər cür şəraitdə işləməyə qadir diplomat kadrların yetişdirildiyinə şübhə yoxdur. Bu nöqteyi-nəzərdən İranın Azərbaycana yeni səfir göndərməsinin hansısa kadrın axtarışı ilə bağlı olduğunu düşünmürəm. İstənilən vaxt belə bir kadrı tapıb ortaya çıxarmaq və ona Azərbaycanda necə işləməklə bağlı təlimatı vermək mümkündür. Məncə, İran Azərbaycanla hələlik hansı səviyyələrdə və hansı istiqamətlərdə daha üstün siyasət aparacağını müəyyənləşdirməyib. Konkret desək, İranın hansı Azərbaycanla hansı kursda siyasət aparacağı, görünür, hələ Tehranda tam dəqiqləşməyib. Ona görə də yeni səfirə hansı təlimatın veriləcəyi də qeyri-müəyyəndir. Digər tərəfdən, İran-Azərbaycan münasibətlərində hələ aydınlaşmamış, hələ həll olunmamış məsələlər var. Xüsusilə Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilmiş terror aktı və onun arxasında dayanan bütün nüanslar hələ tam aydınlaşdırılmayıb. Bəlkə də İran üçün aydındır, amma bununla bağlı Azərbaycana aydın mesajlar verilməyib. Azərbaycan da bu kimi məsələlərə xüsusi önəm verir. Səfir təyinatı məsələsində bu məqam da müəyyən təsirini göstərir”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
16 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ