İnsanlara hürriyət, millətlərə istiqlal!

Bağçalarda nəzarət mexanizmləri yetərlidirmi? - VACİB AÇIQLAMA

Son günlər Azərbaycanda uşaq bağçaları ilə bağlı narahatlıq doğuran mövzulardan biri də tərbiyəçilərin azyaşlılara qarşı kobud davranışıdır. Sosial şəbəkələrdə yayılan bəzi videogörüntülər və valideynlərin şikayətləri cəmiyyətdə geniş rezonans doğurub.

Valideynlər bildirirlər ki, bəzi bağçalarda uşaqlara qarşı səslərin qaldırılması, sərt danışıqlar və hətta fiziki təzyiq halları müşahidə olunur. Onların sözlərinə görə, bu cür davranış uşaqların psixoloji inkişafına mənfi təsir göstərir, bağça mühitinə olan inamı sarsıdır.

Elm və Təhsil Nazirliyi valideynləri belə hallarla üzləşdikdə dərhal aidiyyəti qurumlara müraciət etməyə çağırır.

EKREM.jpg (30 KB)

Hüquqşünas Əkrəm Həsənov Musavat.com-a açıqlamasında bildirib ki, kobudluq anlayışının özü dəqiq izah edilməlidir:

“Əlbəttə ki, uşaqları vurmaq, döymək olmaz. Ümumiyyətlə, heç kəsə qarşı zor tətbiq etmək yolverilməzdir. Bu, artıq açıq-aşkar kobudluqdur. Amma başqa hallara necə yanaşaq? Məsələn, tərbiyəçinin uşağa sərt söz deməsi, qışqırması kobudluqdursa, deməli, pedaqoji yanaşma məsələsi də ortaya çıxır. Burada sərhədi düzgün müəyyənləşdirmək vacibdir”.

Ə.Həsənov hesab edir ki, problemin kökündə bağçalarda çalışan pedaqoqların sosial vəziyyəti və maaşları dayanır:

“Azərbaycanda orta məktəbdə müəllimlərin maaşı aşağıdırsa, bağçalarda vəziyyət bundan da ağırdır. Belə şəraitdə yüksək pedaqoji keyfiyyət gözləmək çətindir. Əlbəttə, peşəsini sevib işləyənlər var, amma böyük hissəsi üçün bu, sadəcə işdir”.

Hüquqşünasın sözlərinə görə, bu sahədə real nəzarət mexanizmi mövcud deyil:

“Mən hələ görməmişəm ki, bağçalarda sistemli nəzarət qurulsun. Məsələn, videokameraların quraşdırılması və valideynlərin həmin görüntülərlə tanış ola bilməsi yaxşı mexanizm ola bilərdi. Amma bu, hər yerdə yoxdur. Əslində, valideyndən başqa kim uşağın hüquqlarını qorumağa maraqlıdır? Elm və Təhsil Nazirliyi formal olaraq cavabdehdir, amma nə resurs, nə də real vaxt imkanları var ki, bütün bağçalara mütəmadi nəzarət etsin”.

Əkrəm Həsənov sonda bildirib ki, valideynlərin fəallığı və ictimai nəzarət olmadan bağçalarda kobudluq hallarının tam qarşısını almaq mümkün olmayacaq.

Sultan Məmmədli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR