İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvanda şiddətli həbslər gedir – “Müqəddəs Mübarizə” hərəkatının tərəfdarları ard-arda saxlanılır - VİDEO

Ermənistanda daxili siyasi və ideoloji qarşıdurma təhlükəsizlik əməliyyatları mərhələsinə keçib. Musavat.com xəbər verir ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) bir neçə gündür “Müqəddəs Mübarizə” hərəkatı adı altında fəaliyyət göstərən qruplara qarşı ardıcıl əməliyyatlar həyata keçirir.

Bu gün yayılan videolarda Ermənistan xüsusi təyinatlı qüvvələrinin İrəvanda dəbdəbəli villalara daxil olduğu, bəzi şəxsləri evlərindən çıxararaq saxladığı görünür. Saxlanılanların arasında din xadimləri, sabiq hərbi strukturların üzvləri, keçmiş polis və təhlükəsizlik əməkdaşları da yer alır.

Əməliyyatlar hökumətin “dövlət çevrilişinə hazırlıq” iddiası ilə əsaslandırılır. Xüsusilə Arximandrit Baqrat Qalstanyanın rəhbərlik etdiyi etiraz hərəkatı və onun “Srbasan tərəfindən bəxş edilmiş müqəddəs müqavimət” ritorikası İrəvanın siyasi gündəmini alt-üst edib.

Ermənistan Baş naziri Nikol Paşinyan son çıxışlarında bu qrupların dini ritorika altında qiyam çağırışları etdiyini və ölkədə “paralel müqəddəs hakimiyyət qurmağa” çalışdıqlarını bildirmişdi.

İrəvan mediası və bəzi təhlükəsizlik mənbələri bu hərəkatın arxasında oliqarx Samvel Karapetyanın, eləcə də Ermənistanın xüsusi xidmət strukturlarının bəzi keçmiş rəhbərlərinin dayandığını yazır.

Hətta iddialara görə, Ermənistan daxilində 1000 nəfərlik sabiq güc strukturları şəbəkəsi formalaşdırılıb və bu qrup “dinc mitinqlər pərdəsi” altında ölkədə sabitliyi pozmaq və çevrilişə cəhd etmək planı qurub.

Milli Təhlükəsizlik Xidməti artıq bir neçə nəfərə qarşı konstitusiya quruluşunu zorla dəyişməyə cəhd, qanunsuz silahlı dəstə yaratmaq, terrorizmə çağırış kimi maddələrlə cinayət işi açıb.

Hazırkı proseslər Ermənistanda sadəcə siyasi çəkişmə deyil, həm də dərin dövlətlə yeni siyasi kurs arasında açıq qarşıdurma kimi dəyərləndirilir.

Musavat.com -a görə, Paşinyan hakimiyyəti hazırda təkcə siyasi yox, ideoloji və təhlükəsizlik əsaslı bir savaşa girib.
Dövlət artıq “kilsə və müqəddəs şüarlarla maskalanmış” strukturları real təhlükə kimi tanıyır və zərərsizləşdirməyə çalışır. Bu prosesin sonu Ermənistan üçün ya yeni bir siyasi nizam, ya da daha böyük xaos riski demək olacaq.

Təqdim etdiyimiz kadrlarda Ermənistan Milli Təhlükəsizlik Xidməti əməkdaşlarının "Müqəddəs Mübarizə" hərəkatının tərəfdarlarını saxlama anları əks olunub.
Ermənistan İstintaq Komitəsi “hakimiyyəti ələ keçirməyə cəhd” işi üzrə bu gün 14 nəfərin saxlanıldığını açıqlayıb.



Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR