Onlayn ictimai-siyasi qəzet
İsrailin İrana qarşı gözlənilməz və intensiv bombardmanlarından sonra regionda yaranan xaos dərinləşməkdədir. Münaqişənin ilk günlərindən etibarən müxtəlif ölkələrin İranda fəaliyyət göstərən səfirlikləri fəaliyyətlərini məhdudlaşdırıb, diplomatların və onların ailə üzvlərinin təxliyəsinə start verilib. Artıq Tehranda bir çox diplomatik nümayəndəliklər minimum heyətlə fəaliyyət göstərir, bəzi səfirliklər isə ümumiyyətlə bağlanıb.
Lakin diplomatlardan fərqli olaraq, minlərlə sıravi vətəndaş İranda çıxılmaz vəziyyətdə qalıb.
Musavat.com-un diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, hazırda yalnız Çin Xalq Respublikasına məxsus təxminən 10 min vətəndaş İranda – müxtəlif bölgələrdə, şəhərlərdə ilişib qalıb. Onların bir qismi turist, digərləri isə tikinti, logistika və sənaye sektorlarında çalışan işçilərdir. Vəziyyəti daha da çətinləşdirən amil isə hava limanlarının fəaliyyət göstərməməsi, sərhədlərin qapanması və yollardakı nəqliyyat xaosudur.
Bu mürəkkəb və təhlükəli şəraitdə Azərbaycanın İranla sərhəddə yerləşən Astara şəhəri beynəlxalq diqqət mərkəzinə çevrilib. Musavat.com-un əldə etdiyi məlumata görə, hazırda Astara şəhərində bir çox ölkənin – xüsusən də Çin, Macarıstan, Bolqarıstan, Belçika və digər Avropa dövlətlərinin diplomatları toplaşıb. Onlar öz ölkələrinin İranda qalan vətəndaşlarının təxliyyəsinə birbaşa nəzarət edir, prosesə rəhbərlik edirlər.
Astaradakı sərhəd-keçid məntəqəsi isə hər gün yüzlərlə xarici vətəndaş üçün xilas yolu olur. Çin, Rusiya və Avropa ölkələri vətəndaşları bu məntəqədən keçərək Azərbaycan ərazisindən öz ölkələrinə doğru istiqamət alırlar. Çinin Azərbaycandakı səfirliyinin böyük heyətinin də hazırda Astarada olması bu prosesin nə qədər sistemli və diqqətlə aparıldığını göstərir.
Musavat.com-un diplomatik kanallar vasitəsilə əldə etdiyi məlumatlara görə, Avropa ölkələrinin bir çoxu Tehrandakı səfirliklərini müvəqqəti olaraq Bakıya və ya sərhədə yaxın bölgələrə köçürüb. Bu addım diplomatik heyətin təhlükəsizliyinin təmin olunması məqsədi daşıyır. Bolqarıstanın baş naziri Rosen Jelyazkov və Macarıstanın xarici işlər naziri Peter Siyarto artıq bu barədə rəsmi açıqlamalar veriblər. Onlar diplomatlarının və ailə üzvlərinin təhlükəsiz şəkildə İranı tərk etdiyini, səfirlik fəaliyyətlərinin isə hal-hazırda Bakıda davam etdiyini bildiriblər.
Yalnız Avropa və Çin vətəndaşları deyil, həm də İranda səfərdə olan rusiyalı mədəniyyət xadimləri və turistlər də Azərbaycan üzərindən öz ölkələrinə qayıdıblar. Bütün bu faktlar Azərbaycanın bu böhranlı dövrdə nəinki yalnız bir tranzit ölkə, eyni zamanda bir diplomatik və humanitar təhlükəsizlik platformasına çevrildiyini sübut edir.
Musavat.com-un qeydi:
Hazırkı mürəkkəb şərait göstərir ki, Azərbaycan regionda sabitlik və təhlükəsizlik üçün həyati əhəmiyyət daşıyan bir mərkəzə çevrilməkdədir. Lakin biz ümid edirik ki, gələcəkdə bu kimi fövqəladə halların qurbanları iranlı vətəndaşlar olmayacaq. Əgər İran daxilində vəziyyət daha da gərginləşsə və yerli əhali də ölkəni kütləvi şəkildə tərk etməyə başlasa, bu artıq təkcə diplomatik yox, genişmiqyaslı humanitar böhran demək olacaq.
Şahanə Rəhimli
Musavat.com
20 Iyun 2025
19 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ