İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail və HƏMAS arasında atəşkəs razılaşmasının detalları məlum oldu

“The Associated Press” agentliyi İsrail ilə HƏMAS arasında mümkün atəşkəs sazişinin əsas şərtlərini açıqlayıb.

Musavat.com xəbər verir ki, məlumata görə, İsrail tərəfi danışıqlar üçün nümayəndə heyətini Qətərə göndərib. Bu diplomatik addım baş nazir Benyamin Netanyahunun Ağ Evə – ABŞ prezidenti Donald Trampla görüşmək üçün səfərindən öncə atılıb.

Netanyahu səfər ərəfəsində verdiyi açıqlamada bildirib: “20 girov sağdır, 30 nəfər isə ölüb. Mən onların hamısını geri qaytarmaq əzmindəyəm. Biz həmçinin Qəzzanın bir daha İsrail üçün təhlükə yaratmamasına qərarlıyıq.”

Mənbələrin verdiyi məlumata əsasən, vasitəçilər tərəfindən təqdim olunan sənəddə 60 günlük atəşkəs müddəti nəzərdə tutulur. Bu müddət ərzində HƏMAS 10 sağ və 18 ölü girovu İsrailə təhvil verəcək, İsrail isə ordusunu Qəzzanın İsrail və Misirlə sərhədləri boyunca müəyyən olunmuş bufer zonalara geri çəkəcək. Razılaşma çərçivəsində Qəzzaya böyük həcmdə humanitar yardım çatdırılması da planlaşdırılır. Yardımın bölgüsü Birləşmiş Millətlər Təşkilatının agentlikləri və Fələstin Qızıl Aypara Cəmiyyəti tərəfindən həyata keçiriləcək. Sənəddə, bölgədə may ayından bəri ərzaq yardımı ilə məşğul olan ABŞ mənşəli “Gaza Humanitarian Foundation” təşkilatının gələcək fəaliyyəti ilə bağlı dəqiq məlumat verilməsə də, İsrail bu fondun BMT-nin koordinasiya etdiyi sistemi əvəz etməsini istəyir.

Razılaşmaya əsasən, İsrail həbsxanalarında saxlanılan fələstinli məhbusların da girovlarla dəyişdirilməsi nəzərdə tutulur. Lakin tərəflər hələlik dəyişdiriləcək məhbusların sayında razılığa gəlməyiblər.

Sənəd müharibənin tam dayandırılmasını təmin etməsə də, 60 günlük atəşkəs müddəti ərzində daimi sülh danışıqlarının aparılması planlaşdırılır. Sənəddə qeyd olunur ki, ABŞ prezidenti Donald Tramp İsrailin atəşkəsə sadiqliyinə şəxsən zəmanət verəcək və bu razılaşmanı ictimaiyyətə özü elan edəcək.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR