İnsanlara hürriyət, millətlərə istiqlal!

Rus dilinə qayğı adı ilə Cənubi Qafqaza YENİ HƏMLƏ

Moskvanın “Rusiya üçün!” humanitar layihəsi Azərbaycana hansı təhlükələri vəd edir?

Rusiya Cənubi Qafqazda öz təsirlərini gücləndirmək üçün yenə də rus dilindən rıçaq kimi istifadə etməkdədir. Tribunainfo.az bildirir ki, 2025-ci ilin noyabrında Rusiya Federasiyasından tələbə könüllülər “Rusiya üçün!” humanitar layihəsi çərçivəsində Ermənistana gələcəklər. 

Bu barədə NEWS.am-a Ermənistandakı "Rus evi"nin mətbuat xidməti məlumat verib.

Proqram Xaricdə Yaşayan MDB Ölkələrinin Həmvətənləri və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Federal Agentliyi (“Rossotrudniçestvo”) tərəfindən Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universiteti ilə birgə təşkil olunub.

Ermənistandakı könüllülərin missiyası biliyin dərinləşdirilməsinə və erməni məktəblilərinə müasir, həyat qabiliyyətli rus dilinin nümayiş etdirilməsinə diqqət yetirəcək. İş “Rossotrudniçestvo” ilə əməkdaşlıq edən bir sıra təhsil platformalarında aparılacaq.

Proqrama bir sıra intellektual və yaradıcılıq tədbirləri daxildir. Bunlara erməni məktəbliləri üçün rus dili və ədəbiyyatı üzrə viktorinalar, tarix və mədəniyyətin aktual mövzularında birgə müzakirələr, klassiklərin yaradıcılığına həsr olunmuş ədəbi salonlar və s. aiddir.

Qeyd edək ki, Azərbaycan “Rus evi”ni bağlayıb. Kreml və mərkəzin rəhbəri Primakov isə ümid edir ki, Bakıda onun fəaliyyətini bərpa etmək mümkün olacaq. Lakin “Rusiya üçün!” şüarı ilə tələbələrin Ermənistana göndərilməsi Moskvanın planlarından xəbər verir. Bu, həm də Azərbaycan üçün narahatedici faktordur. 

""Rossotrudniçestvo" qurumu ilə Azərbaycan hökuməti hazırda Bakıda “Rus evi”nin fəaliyyətinin bərpası istiqamətində danışıqlar aparır. Bu barədə agentliyin rəhbər müavini Pavel Şevtsov “RİA Novosti”yə açıqlama verib. Şevtsovun sözlərinə görə, tərəflər konsensus tapmaq üçün əlaqə saxlayır və Rusiya ümid edir ki, Prezident Vladimir Putin və Prezident İlham Əliyev arasında görüşün nəticəsində məsələ müsbət həllini tapacaq.

“MDB ölkələrində rus dilinin dəstəklənməsi əməkdaşlığın ümumi gələcəyinə sərmayədir”.

Bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko “Rus dili MDB regionunda inteqrasiya dialoqunun əsasıdır” adlı konfransın iştirakçılarına müraciətində deyib.

“Rus dilinin dəstəklənməsi siyasi məqsədəuyğunluq məsələsi deyil, ümumi gələcəyimizə, təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlığın inkişafına sərmayədir”, - Matviyenko bildirib 

Rusiyalı spiker müraciətində başqa bir qəribə ifadə də işlədib, o qeyd edib ki, “MDB ölkələrinin ümumi vəzifəsi” rus dilinin mövqeyini qorumaq və möhkəmləndirməkdir.

Hansı “ümumi vəzifə”dən söhbət gedir əgər MDB ölkələrin hamısı BMT üzvü olan suveren dövlətlərdirsə? Konkret olaraq Azərbaycanın rus dili ilə bağlı heç bir öhdəliyi yoxdur. 

Bəs “Rusiya üçün!” humanitar layihəsi adı altında Cənubi Qafqaz ölkəsinə belə bir səfərin reallaşması Azərbaycan üçün hansı təhlükələri vəd edir? O deməkdir ki, bundan nəticə çıxarıb “Rus evi”ni bərpa etməməliyik?

“Azərbaycanda "Rus evi"nin açılmasına ehtiyac yoxdur. Bu mərkəzin fəaliyyətinin bərpasını zəruri edən fakt varsa, təqdim etsinlər. Hər hansı mühüm səbəb yoxdur ki, “Rus evi” işinə başlasın. Elə Ermənistana olan “yürüş” də imperializmin keçmiş forpostuna yenidən həmləsidir". Bu fikirləri “Yeni Müsavat”a siyasi ekspert Ramiyə Məmmədova deyib. Onun fikrincə, Rusiya Ermənistanı itirməsi ilə barışa bilmir və müxtəlif layihələr adı ilə bu ölkədə təsir imkanlarını saxlamağa çalışır: “Moskva rus dilinə əhəmiyyət verir. Bu, imperiyanın təsir vasitəsidir. Rusiya lideri dəfələrlə deyib ki, Azərbaycan məktəblərində rusdilli bölmələrin olması əhəmiyyətlidir. Eləcə də digər keçmiş sovet ölkələri haqda belə fikirləşir. Çünki imperiya müxtəlif vasitələrlə təsir zonasını genişləndirir. Əlbəttə ki, MDB məkanında rus dili hakimdir, amma Rusiya buna təhsil və mədəni hadisə kimi baxmır, sırf siyasi niyyət var”.

Ehtiram-Mehtiyev.jpg (46 KB)

Ekspert əlavə edib ki, Ermənistana “Rusiya üçün!” şüarı ilə tələbə səfərinin arxasında məhz öz təsir gücünü göstərmək məqsədi dayanır.

Milli Cəbhə Partiyasının sədr müavini Ehtiram Mehdiyev hesab edir ki, “Rus evi” açılmamalıdır və “yox” cavabı verilməlidir. Onun sözlərinə görə, bu “rus ocağı” Azərbaycana fayda vermir, münasibətlərə də müsbət təsiri yoxdur: “Ona görə də fəaliyyətini bərpa etməyə zərurət görmürəm. Ermənistana tələbələri yollamaq da Rusiyanın çırpıntılarıdır. Kreml təsir dairəsinin kiçildiyini anlayır. Ona görə müqavimət göstərir. İkincisi, Ermənistan Rusiyanın məhsuludur. Onu bir respublika kimi Rusiya ortaya çıxarıb və tarixi ərazilərimizdə onlara respublika qurmağa şərait yaradıb. İndi Rusiya qəzəblənir ki, onun yaratdığı əlindən çıxır. Bu səbəbdən təzyiqi artırır. Yəni Kremlə görə İrəvan dönük çıxıb, ermənilər də üz çevirib və bunu xəyanət kimi qiymətləndirirlər”.

E.Mehdiyev güman edir ki, Rusiya köhnə vasitələr və üsullarla, ənənəvi təzyiq metodları ilə regionda qala bilməyəcək: “Moskva doktrinanı dəyişməyə məhkumdur. Bu yanaşma ilə bölgədə nüfuz sahibi olmaq çətindir. Rusiya hələ də uğursuz metodlara diqqət ayırır. Ən azı müttəfiqi Çin kimi siyasət yürütsə, qonşuları və tərəfdaşları ilə normal münasibətlər qura bilər. Ancaq biz imperiya zehniyyətində dəyişiklik görmürük. Rusiya hələ də torpaq işğal etməklə əraziləri genişləndirmək, rus dilini yaymaq kimi imperialist "ideya"larla yaşayır. Ukraynada hərbi əməliyyatlarla bağlı Kremlin mövqeyi həm də rus dili ilə əlaqəlidir. Moskva Kiyevdən rus dilinin ikinci rəsmi dil olmasını tələb edir. Bu da onu göstərir ki, Rusiya sabah Qazaxıstanda və ya başqa MDB ölkəsində “rusdilli insanlar sıxışdırılır” adı ilə hərbi eskalasiyaya əl ata bilər". 

Emil SALAMOĞLU,

“Yeni Müsavat” 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR