Onlayn ictimai-siyasi qəzet
Yalnız ABŞ-da olan "GBU-57A/B" super ağır bomba İsrailə İranın Fordodakı yeraltı nüvə obyektini məhv etmək üçün lazımdır.
Musavat.com xəbər verir ki, bu barədə "New York Post" qəzeti silahlanma sahəsindəki mütəxəssislərə istinadən məlumat yayıb.
Məlumatda bildirilir ki, Fordodakı nüvə obyekti təxminən 90 metr dərinlikdə, dağın içində yerləşir. Bu cür hədəfi məhv etmək üçün dərinliyə nüfuz edən bombalar tələb olunur.
"ABŞ həm təyyarəyə, həm də sursata nəzarət edir. Bu, amerikalılara məxsus bombardmançı və Amerika bombası olacaq", – deyə Vest-Poyntdakı ABŞ Hərbi Akademiyasının şəhər müharibəsi üzrə tədqiqat bölməsinin rəhbəri Con Spenser bildirib. Onun sözlərinə görə, bomba yerin altına müəyyən məsafəyə nüfuz edir və sonra partlayır, bu da yeraltı qurğulara zərbə endirməyə imkan verir.
Belə bir sursatın dəyəri 500 milyon dollardan çoxdur, çəkisi isə 15 tondur. Onu yalnız ABŞ-a məxsus "B-2 Spirit" strateji bombardmançıları daşıya bilər. Bu təyyarələr İsrailin arsenalında yoxdur.
"Wall Street Journal" qəzetinin məlumatına görə, ABŞ Hərbi Hava Qüvvələri 2013-cü ilə qədər bu bombalardan 20 ədəd alıb. Vaşinqton həmin sursatların müttəfiqlərinə, o cümlədən İsrailə verilməsindən imtina edib.
Bundan əvvəl bildirilib ki, Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) peyk görüntüləri vasitəsilə İranın mərkəzində yerləşən Natanz şəhərindəki nüvə obyektinə İsrail Hərbi Hava Qüvvələrinin hücumu nəticəsində “birbaşa təsirin” qeydə alındığını açıqlayıb. MAQATE-nin bəyanatında qeyd olunub ki, İsfahan və Fordodakı İran nüvə obyektləri ilə bağlı hesabatlarda hər hansı dəyişiklik müşahidə olunmayıb.
Musavat.com
18 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ