Onlayn ictimai-siyasi qəzet
"İsrailin İrana qarşı hərbi güc tətbiqi ilə hücumları, nüvə obyektlərinə zərbə endirmək potensialını göstərməsi Tehranla Vaşinqton arasında danışıqların getdiyi zamana təsadüf etdi. Başqa yandan, proseslərə qlobal rəqabətin və bu rəqabəti yumşaltmağın bir yolu kimi də baxmaq olar. Rusiya ilə ABŞ-nin İranın nüvə faylı ilə eyni mövqeni bölüşməsi, Çinin Tehrana nüvə proqramında əhəmiyyətli dəstək verməməsi bu məsələdə aktuallıq kəsb edir".
Bu barədə Musavat.com-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, siyasi təhlilçi Aqşin Kərimov deyib.
Siyasi təhlilçinin fikrincə, digər tərəfdən, regionda İranla Hindistan müttəfiq kimi görünsələr də, Hindistanın siyasəti bu region üçün həlledici deyil:
"Yəni Hindistan Tehranın iqtisadi tərəfdaşı olsa da, onun regional geosiyasi sferaya birbaşa müdaxiləsi məhduddur.
Deməli, İsrailin hücumları Tehranın həm tərəfdaşları, həm də geostrateji rəqibləri tərəfindən fərqli meyarlara tabe olmaq riskləri ilə üzləşməsi ilə fonunda baş tutur.
Hərbi cəhətdən isə İsrailin son zərbələri sürətlə inkişaf edir. Bunu ABŞ ilə İran arasındakı nüvə danışıqlarının nəticəsiz qalmasına verilən reaksiyalar kimi səciyyələndirmək olar. Lakin ABŞ İsrailin hücumlarına görə məsuliyyət daşımadığını elan edir və hadisəni elə İsrail-İran qarşıdurmasının vacib komponenti kimi irəli sürür.
Bu hücumlardan bir neçə gün əvvəl İranda etirazların və tətillərin olması, elektrik enerjisinin verilişində ciddi problemlərin yaranması diqqətdən kənarda qalmalı deyil".
Aqşin Kərimov ehtimal edir ki, bütün bunlar, İsrailin İrana qarşı bu zamana qədər müşahidə edilməmiş ən geniş hücumuna hazırlığın tərkib hissəsi idi:
"İsrailin hücumları təkcə İranın nüvə obyektlərini və nüvə alimlərini deyil, eyni zamanda İranın hərbi komandanlıq strukturunu, təhlükəsizlik elitasına qarşı genişmiqyaslı kampaniyanın açılış kadrlarını ortaya qoyur.
Bu prosesin mərkəzində İran rejiminin ciddi şəkildə zəifləməsinə səbəb olan və mövcud hakimiyyət strukturuna açıq şəkildə qarşı duran, olduqca təsirli kəşfiyyat əməliyyatları dayanır. Bu əməliyyatların davamı olaraq İranda insan hüquqları, qadın haqları, tələbə hərəkatları, fəhlə mübarizəsi, ekoloji fəallıq, sosial media və rəqəmsal sahələrə fokuslanmalar müşahidə oluna bilər.
İsrailin hücumları deməli, İranın daxili siyasi-ruhani həyatı üçün mühüm bir məsələlərə istiqamət açır. Bu, İran elitasının hərbi güc tətbiqinin nəticəsi olaraq yenilənməsidir. Hərçənd ki, İranın ali rəhbəri Seyid Əli Xameneinin hələ də İsrailin hədəfində olub-olmaması açıq olaraq qalmaqdadır.
Ancaq İsrailin hərbi ssenari ilə hərəkət etməsi sözsüz ki, İrandakı post-Xamenei dövrünə keçidə sürətli təkan verən hadisə kimi diqqət mərkəzinə düşəcək.
İranın mümkün cavab zərbələrinə gəlincə, onun İsrailə qarşı “dərhal əks hücum” planlarını icra etməkdə çətinlik çəkdiyi görünür. İran hələ də İsrailin zərbələrinə effektiv cavab verməyib, İsrailə atılan İran dronları isə iki dövlət arasındakı hərbi qarşıdurmada çox kiçik epizod kimi görünür.
Hadisənin başqa bir ayağına isə İraqa fokuslanmalarla baxa bilərik. İraqda İranın mövqeləri hələ də güclü olaraq qalmaqdadır və ehtimalla İsrail ikinci bir mərhələ kimi İraqda öz rəqibinə meydan oxuyacaq əməliyyatları icra edəcək. İranın İraqdakı proksi hərəkatlarının və hərbi hədəflərinin sırada çıxarılması üçün düyməyə basılması an məsələsidir".
STM əməkdaşı sonda qeyd edib ki, İraq cəbhəsinin qızışması ABŞ-İsrail əlaqələri ilə birbaşa əlaqəlidir, başqa yandan isə İranın İraqdakı nüfuz dairəsi Türkiyənin maraqlarına toxunur:
"Bu cəhətdən İraqda İsraillə İranın üz-üzə gəlməsi ssenarisi Türkiyə üçün uyğundur. Əgər İsrail prosesdən qalib çıxarsa, onda o İraqda digər rəqibi Türkiyə ilə üz-üzə gələn dinamikalara doğru gedəcək".
Xalidə Gəray
Musavat.com
14 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ