Onlayn ictimai-siyasi qəzet
“Ağrı sona qədər yaşanmadıqca keçmir”
(Marsel Prust)
Ermənistanla mümkün sülh sazişi, yenidən xalqlar dostluğu yaranması ehtimalı ortaya çıxanda uca millətimizin ağlına Misir Mərdanovu danışdırmaqdan başqa nəsə ideya gəlmədi. Keçmiş təhsil nazirimiz o tərəflərdə doğulmuşdur, Paşinyanın əmisi arvadı bunların kəndində təndir çörəyi yapırmış, xalası oğlu dəllək imiş, bibisi nəvəsi cərrah imiş və şəxsən balaca Misirin apensitini kəsərək müalicə etmişdir və sairə və ilaxır - belə boyat, mənasız, düşük, rəhmətlik Avdırəhman müəllim demişkən, bambılı xatirələr...
Haşiyə çıxaraq qeyd edim ki, Misir müəllim hər dəfə bu “Qərbi Azərbaycan icması” adından danışanda, intervü döşəyəndə nə sirdisə mən Əli İnsanovun tutulduğu günləri - o qərib 2005-ci ili də xatırlayıram. İndiki uşaqların yadında olmaz, həmin dövrdə İnsanov guya “yerazların” ümumtayfa lideri sayılırdı. Misir müəllim isə qəbiləni topladı və iclasda bəyanat verdilər ki, əslində Əli müəllim heç düzgün “yeraz” da deyildir, Gürcüstanın hansısa Ermənistanla sərhəd, sınır obasında doğulub boya-başa çatmışdır. İnsafən, ötən illər Misir müəllimin uzaqgörən açıqlamasını təsdiqlədi: Əli müəllim indiyəcən də sərhəddə yaşayır. Gah o tərəfə keçir(dirlər), gah bu tərəfə. Meksika-ABŞ sərhədində yaşayanlar ona həsəd aparır.
Qayıdaq Misir müəllimin, türkün sözü, anılarına. Başqa bir şeyimiz də yoxdur axı. Düşmənçiliyə Zori Balayan-Silva Kaputikyan və Nemət Pənahlı-Etibar Məmmədovla başlamışıqsa, onu Nikol Vovayeviç və Misir Mərdanovla bitirməyə məcburuq. Ortada itirilən illərə, dağıdılan ellərə, dərbədər düşmüş ölülərə heyf. Hətta indi düşünürəm ki, o vaxt Misir müəllim hansısa üsulla, lap elə Ştirlits metodları ilə Ermənistanda qalmış olsaydı, bizim deyil, oranın təhsil naziri işləsəydi Ermənistan daha tez məğlub olar və bölgəyə barış gələrdi! Ermənilər necə bir səadətdən, necə bir xoşbəxtlikdən, necə bir təhsil fədaisindən məhrum olduqlarını hələ uzun illər dərk etməyə çalışacaq, baş-gözlərinə döyərək, saçlarını yolaraq ağlaşacaqlar.
Keçənə güzəşt demişlər, nə etmək olar... Nədənsə uşaq oyunumuzu xatırladım: “Bənövşə, bəndə düşə, sizdən bizə kim düşə? Adı gözəl, özü gözəl Misir müəllim”...
Sülh isə mütləq gələcəkdir, onun alternativi yoxdur. Böyük dövlətlər aranı qarışdırmasa, balaca dövlətlərin bölüşdürəsi, bu temada dava salası nəyisə olmur. Elə mən bu cızmaqaranı yazanda Alyaskada məlum görüşə hazırlıq gedirdi və orda ABŞ-ı təmsil edən nümayəndə heyətində vitse prezident Cey Di Vens-in adını, daha dəqiqi soyadını görəndə 90-cı illərin əvvəlini xatırladım. Qarabağ münaqişəsinin tarixini bilənlər Sayrus Vensi də unutmaz. O Vensin bu Venslə hansısa qahımlıq əlaqəsi vardımı, bilmirəm, heç araşdırmağa həvəs və məna da yoxdur. Sayrus Vens ağsaqqal amerikalı diplomatlardan biri idi, uzun illər ABŞ eltiasında yüksək vəzifələr tutmuşdu və 1990-cı illərdə BMT nəzdində guya sülh diplomatiyası işlərində məşqulat edirdi. Uzun sözün qısası, bir gün Sayrus Vens Qarabağda, Xankəndi tərəflərdə peyda olmuşdu və küçədə gedəndə bunun ayaqqabısının bağı açılmışdı. Qəfildən, heç kəsin gözləmədiyi halda bir erməni əyilib Sayrus müəllimin ayaqqabısının bağını bağlamışdı və bu, telekameralar vasitəsiylə hər tərəfə yayılmışdı. Qorbaçovun övrəti Raisa xalaya alınan qiymətli erməni hədiyyələrinin nəticəsindən məlumatlı olan olan-qalan və ölən-qalan qarabağlı türklər Sayrus müəllimin ayaqqabısı əhvalatını müşahidə edəndən sonra çamadanlarını kədərlə yığışdırmağa başlamışdılar.
Məhz elə həmin ərəfələrdə Misir müəllim BDU-da müəllim işləməyə başlamışdı və Paşinyanın baldızı oğlu İcevanda çıxan “Kür qırağının seyrangahı” qəzetində yazırdı ki, bizim uşaqlar istedadlıdır, hər mühitdə parlayırlar.
16 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ