Onlayn ictimai-siyasi qəzet
Ukraynada qanlı və amansız müharibə davam edir. Döyüşlər zamanı bəzi hərbçilər yaralanır, əsir və ya ümumiyyətlə itkin düşür. Belə hallarda onların ailələrinə dövlət tərəfindən maddi dəstək göstərilir.
Musavat.com xəbər verir ki, bu barədə UNIAN araşdırma aparıb və mövzu ilə bağlı bütün detalları ictimaiyyətə təqdim edib.
Əgər hərbçi itkin düşürsə, onun yaxınları ilk növbədə polis orqanlarına ərizə ilə müraciət etməli və hadisənin başvermə şəraitini ətraflı şəkildə izah etməlidir. Hərbçi evinə qayıdana qədər onun ailəsi müəyyən məbləğdə maddi yardım ala bilər.
Məlumata görə, itkin düşmüş hesab edilən hərbçinin maaşı xüsusi sərəncama əsasən təyin olunmuş şəxsə ödənilir. Əgər belə bir sərəncam yoxdursa, maaşın 50 faizi birinci dərəcəli qohumlar arasında bərabər şəkildə bölüşdürülür.
Birinci dərəcəli qohumlara aşağıdakılar daxildir:
həyat yoldaşı (əri və ya arvadı);
yetkinlik yaşına çatmamış övladlar;
əlilliyi olan yetkin yaşlı övladlar;
valideynlər (əgər valideynlik hüququndan məhrum edilməyiblərsə və aliment almırlarsa).
Əgər birinci dərəcəli qohumlar yoxdursa, maaşın 20 faizi qardaşlar, bacılar və 18 yaşdan yuxarı övladlar arasında bölünür.
Bu yardım, hərbçi “itkin düşmüş şəxs” statusunu itirənə qədər ödənilir. Yardımın məbləği hərbçinin vəzifəsindən asılı olaraq dəyişir və orta hesabla 120 min qrivna təşkil edir.
Bu vəsaitin yarısı qohumlar arasında bölünür, qalan yarısı isə hərbi hissənin balansında saxlanılır. Əgər hərbçi sağ tapılarsa və ya əsirlikdən azad edilərsə, həmin pul ona ödəniləcək. Əgər hərbçinin həlak olduğu sübuta yetirilərsə, saxlanılan vəsait onun mirasının bir hissəsinə çevrilir.
Yardım almaq üçün hərbçinin xidmət etdiyi hərbi hissənin komandirinə ərizə ilə müraciət edilməlidir.
Bunun üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:
ərizəçinin şəxsiyyət vəsiqəsi və vergi identifikasiya kodunun surəti;
hərbçi ilə qohumluğu təsdiq edən sənədin surəti;
vəsaitin köçürüləcəyi bank kartının nömrəsi;
hərbçinin itkin düşməsi ilə bağlı sübutlar.
Əgər hərbçi fərari olubsa, könüllü şəkildə yoxa çıxıbsa və ya qanun pozuntusu törədibsə, bu halda dövlət tərəfindən maddi yardım göstərilmir.
İqbal RZAYEV,
Musavat.com
12 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ