İnsanlara hürriyət, millətlərə istiqlal!

Kəpəzin uçması - Zamin Hacı YAZIR...

Son günlər Gəncədə məktəbli oğlanın ölümü gündəmdə böyük əks-səda doğurdu. Onu öldürüblərmi, yoxsa intihar edib, hələlik rəylər çox qarışıqdır. Əslində hüquq-mühafizə orqanları prosesə aydınlıq gətirməlidir, lakin onlar internetə bəyanat ötürməklə işlərini sanki bitiriblər. Hadisə yerinin bazar meydanına döndərilməsi, bəlkə istintaq, ekspertiza üçün önəmli dəlillərin məhv edilməsi ehtimalı durumu daha da absurd edir.

Prinsipcə, orqanların “ölüm hadisəsi ətrafında şişirdilmiş rəylər paylanır” məzmunlu bəyanatını başa düşmək olar. Bunu mən də hiss eləmişdim. Məsələn, məktəblinin qohumlarından biri “hadisə yerində onun başı yox idi” kimi əcaib, qorxunc açıqlama vermişdi, bu qədər məsuliyyətsizlik olarmı? Bəlkə o, bunu müəyyən dərəcədə dərdli olduğu üçün, sözünün mənasını anlamadan deyib, bəs onu elə o cür də yayan jurnalistlərin, media qurumlarının məsuliyyəti hardadır? Qoyasan elə mətbuatımızın 150 illiyindən ağzı köpük daşa-daşa danışsınlar. 150 dənə daş düşsün qələminizə, kompunuza, təpənizə... Rəhmətliyin başı yox imiş, amma hadisə yerindən iniltisi gəlirmiş... Yenə qeyd edirəm, belə jurnalistikaya, insan faciələriylə reytinq yığmağa çalışan mediaya... Nəsə, burda dayanıram. Sözün bitdiyi yerdəyəm.

Eyni zamanda, tək 1 uşağın, 1 ailənin faciəsi deyil ki. Gəlin baxaq, görək son illərdə, lap dərinə getsək, müstəqillik dövrümüzdə Azərbaycanın 3-cü böyük şəhəri olan Gəncənin ölkədə rolu, fəaliyəti, funksiyası, mənası, məzmunu nədir axı?! Varmı belə məzmun? Təəssüf ki, yoxdur. 30 ildir, hardasa Surət Hüseynovun cinayətkar hərbi müxalifətinin formalaşdığı, 709 saylı hərbi hissə quldurlarının Milli Qvardiyanın silahsız əsgərlərini gülləbaran etdiyi vaxtdan bəri sanki Gəncə də Azərbaycan tarixi üçün öz missiyasını bitirib. Şəhər bitib. Bunu mən ürək ağrısı ilə yazıram, inanın. Bəzi şeylərin canlı şahidiyəm.

1999-cu ildə, hərbi xidmətim zamanı Gəncədəki hospitalda qalmışdım. Palata yoldaşlarımdan 3 nəfəri gəncəli idi. Əslində orda günlərini keçirdir, xidmətdən yayınmaq üçün rüşvət verir, “xəstəlik” müddətini artırırdılar. Bir gün onlardan biri mənim şəxsi əşyamı oğurladı. Bunu ifşa elədim. Amma sonra əsgərin tərcümeyi-halını dəqiqləşdirəndə (soyadı olduqca tarixi, tanış soyad idi, burda yazmıram) şok keçirdim və onun yerinə özüm utandım. Çünki adam Azərbaycan Demokratik Cümhuriyəti qurucularından birinin soyundan idi. Məsələni ört-basdır elədim, ona babasının tariximizdəki rolunu xatırlatdım və indiyəcən də xəcalət çəkirəm. Niyə bu duruma düşdüyümüz üçün...

“Gəncə” – bir versiyaya görə “xəzinə” deməkdir. İndi bu qədim və gözəl şəhərimizdən xəzinəlik nə qalıb? Nə iqtisadiyyatı var, nə mədəniyyəti. Nə ədəbiyyat var, nə musiqi. Heç idman belə qalmayıb. Məsələn, son 30-40 ildə Gəncədən Fikrət Əmirovun, Nizaminin, Şahmar Ələkbərovun, nə bilim, Adil İsgəndərovun səviyyəsində hansısa kadr çıxıbmı? Mən tanımıram, üzrlü sayın. Lap elə Meydan hərəkatı zamanı Gəncə bunun mərkəzlərindən biri idi. 20 yanvar istilası zamanı sovet ordusunun milli bayrağımızı endirmək üçün ən çox mübarizə apardığı şəhərlərdən biri Gəncə idi. İndi Gəncəni bir qotur bələdiyyə sədri işğal edər, səsimiz çıxmaz.

Bu gözəl yurdumuzun son illər gündəmə nə ilə gəldiyini özünüz axtarış saytlarından izləyə bilərsiniz. Məktəblini öldürdülər, kişini bıçaqladılar, icra başçısına güllə atıldı, dindarlar vay-şivən qopardılar, nə bilim, daha hansı cansıxıcı, ürək dağlayan əhvalatlar... Hələ bir bambılı deputatları var, işi-gücü Məhəmməd Əmin Rəsulzadəyə böhtan atmaq, iyrənc iftiralar püskürmək idi. Bununla məşhurlaşmışdı.

Heç unutmuram, Gəncədə hospitalın bir tərəfi Nizami Aydın küçəsi idi. Nizami Aydın çox istedadlı bir şairimiz olub, 1992-ci ildə tank komandiri kimi döyüşlərə qatılıb, Ağdərədə öz tankının içində yanaraq həlak olub. Bəli, Gəncə bir vaxtlar torpaq uğrunda yanan şairlər yetişdirirdi.

Mən Gəncənin gələcəyinə inanıram. Hesab edək yenə zəlzələ dövrüdür, Kəpəz dağı uçub. Vaxtı çatar, sular yığılar, yenə bir inci çıxar...

ŞƏRHLƏRŞƏRH YAZ

Qonaq

elxan 18.05.2025 09:03

Sherh moderator terefinden yoxlanılır

XƏBƏR LENTİ

19 May 2025

18 May 2025

BÜTÜN XƏBƏRLƏR