İnsanlara hürriyət, millətlərə istiqlal!

Kirayə ev bazarında tələbələrin “ilk imtahanı” – FOTOLAR

Bakıdakı “makler bağında” saatın əqrəbləri günorta 12-ni “qayçılayır”. 2025-ci ilin tədris ilinin başlanmasına 1 aydan da az müddət qalıb. Azərbaycanda ali təhsil ocaqlarının əksəriyyəti Bakıda yerləşdiyindən, artıq ölkənin dörd bir tərəfindən tələbələr paytaxta axışır. Universitetlərə və metrostansiyalara yaxın ərazilərdə ev axtaran xeyli tələbə, tələbə valideyni var. Tələbat artdıqca bazarda seçim imkanları da azalır.

Musavat.com əməkdaşı “Neftçilər” metrostansiyası yaxınlığındakı ev bazarında vəziyyətlə maraqlanıb. İllərdir bura kirayə ev, mənzil alqı-satqısı ilə məşğul olan maklerlər toplaşır. Elə buna görə də buraları “maklerlər bağı” kimi tanıyanlar daha çoxdur. Həmsöhbətimiz İlqar adlı makler deyir ki, hazırda vəziyyət gərgindir:

“Hər gələn kirayə ev axtarır. Ev almaq istəyən tək-tük “kliyent” var. İndi bazarın ən qaynayan vaxtıdır. Tələbələr rayondan gəlir, kirayə ev axtarışına çıxır. Evlərin qiyməti də sürətlə qalxır. Çox vaxt bir neçə tələbə yığışıb bir ev tutur. Evin sahəsinə görə tələbələrin sayı dəyişir. Bəzən 3-4, bəzən isə 5-6 tələbə yığışıb bir ev kirayələyirlər. Əvvəllər 1 evdə maksimum 3-4 tələbə qalardı. İndi isə kirayə qiymətləri baha, kommunal xərclər də “ceyran belində”. Tələbə valideyni bilmir kirayə pulunu ödəsin, kommunalı versin... Ona görə də bir balaca mənzili 5-6 tələbə kirayələyib qalırlar”.

Makler kirayə qiymətlərinin artmasını kommunal xərclərlə izah edir: “Dolanışıq çətinləşdikcə, ev sahibləri də qiymətləri qaldırır. Biz maklerlər də ev sahiblərinin qoyduğu şərtləri ev kirayələmək istəyən tələbələrə, valideynlərə deyirik. Tələbə ev kirayələməsə, harada qalar? Məcbur razılaşmalı olurlar”.

Hazırda kirayə verilən evlərin qiyməti belədir:

-Köhnə binalarda komunal ödənişlər daxil olmadan 1 otaqlı, 35 kavdrat metrlik evlər 300-350, 2 otaqlı 450-550, 3 otaqlı evlər isə 650-800 manat arasında dəyişir. Yeni binalarda isə qiymətlər daha yüksəkdir -1 otaqlı evlər 400-500, 2 otaqlı 600-700, 3 otaqlı evlər isə 1200 manata qədər qalxır.
Makler əlavə edib ki, qiymətlər yalnız otaq sayına görə deyil, həm də mənzilin yerləşdiyi məkan, təmiri və əşyalı olub-olmamasına görə dəyişir. Xüsusilə metrostansiyalara yaxın ərazilərdə kirayə qiymətləri daha baha olur.

Tələbələr arasında “Oğlanlara ev verilmir” kimi söhbətlər dolaşır, bəzilərində “ev tapa bilməyəcəyəm” narahatlığı yaranır. Lakin makler bu fikirlə heç razı deyil:

“Qız, oğlan fərqi yoxdur. Əsas odur ki, evi dağıtmasınlar, səliqəli saxlasınlar. Bəzən qızların da evi bərbad vəziyyətə saldığını görmüşük. Bu halda ən çox biz ev sahibləri ilə üz-üzə qalırıq”.

Tədris ili yaxınlaşdıqca bazarda tələbat sürətlə artır. Görünən odur ki, qiymətlər də bu tələbata uyğun artmaqda davam edəcək.

Mənzər Novruzlu,
Fotolar müəllifindir
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR