Onlayn ictimai-siyasi qəzet
“Kreml azərbaycanlıların ölümünü belə əsaslandırır: Onlar Rusiya vətəndaşı idi!”
Musavat.com bildirir ki, bu barədə politoloq Elxan Şahinoğlu deyib.
Politoloq qeyd edib ki, Kremlin nəzarətindəki jurnalistlərə yeni “tezis” verilib. “Tezisin” mahiyyəti budur ki, Yekaterinburqda öldürülənlər azərbaycanlı olsalar da, Rusiya vətəndaşıdırlar:
“Bu “tezisin” davamında bir ağızdan bu sualı səsləndirirlər: “Rusiya vətəndaşlarının həbsinin və onların öldürülməsinin Azərbaycana nə aidiyyəti var?” Yəni demək istəyirlər ki, Azərbaycan Yekaterinburqdakı hadisəyə reaksiya verməklə Rusiyanın daxili işlərinə qarışıb.
Birincisi, nə hikmətdirsə, Yekaterinburqda 27 iyunda həbs olunan, işgəncə görən və öldürülən Rusiya vətəndaşlarının tamamı azərbaycanlıdır. Demək, bu, məhz Rusiya vətəndaşı olan etnik azərbaycanlılara qarşı əməliyyat olub. Buna susmaq olmazdı. Deyirlər ki, həbslər 25 il əvvəlki kriminal hadisəylə bağlı olub. Bəs onda həbs olunanların əksəriyyətinə işgəncə verəndən, döyəndən sonra niyə sərbəst buraxıblar? Deməli, “kiriminal hadisə” bəhanədir.
İkincisi, Kreml ruporları “Azərbaycan Rusiya vətəndaşları olan azərbaycanlıların məsələsinə qarışmamalıdır” prinsipindən çıxış edirsə, özü niyə müxtəlif dövlətlərdə rusdilli əhalinin qorunması vacibliyindən danışır? Krımın ilhaqı və Ukraynaya qarşı işğalçı müharibə məhz “rusdillilərin qorunması” bəhanəsiylə başlayıb. Halbuki, Kremlin istinad etdiyi həmin rusdillilər Ukraynanın vətəndaşları və ciblərində Ukrayna pasportu daşıyanlar idi. Kiyev də eyni arqumentdən çıxış edərək sual səsləndirə bilər ki, “Ukrayna vətəndaşı olan rusların Kremlə nə dəxli var, daxili işimizə niyə qarışırsınız?””
Politoloq bildirib ki, Kreml “Kiyev Azərbaycanla Rusiyanın arasını vurur” “tezisini” də ortaya atıb:
“Deməli, Rusiya mülki təyyarəmizi raketlə vurub, insanlarımızı öldürüb, daha sonra Yekaterinburqda soydaşlarımızı qətlə yetirib, bunlara görə üzr istəmək və günahkarları cəzalandırmaq əvəzinə Kiyevin guya Bakı ilə Moskvanın arasını vurduğunu iddia edir.
Rusiya prezidenti Vladimir Putinin etmədiyini Ukrayna lideri Volodimir Zelenski edib, azərbacanlı həmkarı İlham Əliyevə zəng edərək başsağlığı verib. Kiyev ara vurmayıb, Azərbaycana siyasi və mənəvi dəstəyini ifadə edib”.
Xalidə Gəray
Musavat.com
03 Iyul 2025
02 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ