Onlayn ictimai-siyasi qəzet
Cənubi Qafqazda hərbi-siyasi gərginlik yüksələn xətt üzrə inkişaf edir. Belə ki, son vaxtlar Rusiya bu regionda hərbi faktorların aktivləşdirilməsinə yönəlik cəhdlər ilə diqqəti çəkir. Bu baxımdan, son günlər Ermənistan mediasında yayılan bəzi xəbərlər Cənubi Qafqazın geosiyasi xəritəsində diqqətəlayiq bir hərəkətlənməyə işarə edir.
Məsələ ondadır ki, Ermənistan nəşri “Qraparak” Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazasının əhəmiyyətli səviyyədə gücləndirildiyi barədə məlumat yayıb. Həmin məlumata görə, son həftələrdə Rusiya bazasının ərazisinə mütəmadi şəkildə hərbi texnika və silah-sursat daşınır, hər gün bir neçə yük təyyarəsi eniş edir. Və Ermənistan hakimiyyətinin bu prosesdən xəbərdar olsa da, rəsmi açıqlama verməkdən çəkindiyi vurğulanır.
Onu da qeyd etmək lazımdır ki, erməni nəşri Rusiya bazasında baş verənlərin sadəcə, hərbi-texniki rotasiya olmadığını da bildirib. İddia olunur ki, baş verənlər Kremlin Cənubi Qafqaz siyasətində yeni bir mərhələyə keçdiyinə yönəlik ilkin əlamətlər də ola bilər. Xüsusilə də, Ermənistanın son illərdə Qərblə yaxınlaşması, KTMT-dən uzaqlaşması və Rusiya ilə hərbi-siyasi cəhətdən məsafə saxlaması bunun əsas səbəbləri sırasına daxil edilir.
Təbii ki, Gümrüdəki Rusiya bazasına hərbi yük axını, Ermənistan ictimaiyyətində və regional müşahidəçilərdə kifayət qədər ciddi suallar doöurub. İndi hər kəs Rusiyanın nə etməyə hazırlaşdığını müəyyənləşdirməyə çalışır. Hələlik irəli sürülən bəzi variantlara görə, Rusiya üçün Gümrü yalnız Ermənistan ərazisi deyil, həm də Türkiyə və NATO sərhədlərinə yaxın bir strateji müşahidə nöqtəsidir. Və Rusiya hərbi bazasının Gümrüdən çıxarılması Kremlin Cənubi Qafqaza nəzarəti tamamilə itirməsi anlamına gələrdi. Və bu, Rusiya üçün ağır geosiyasi məğlubiyyət olardı.
Eyni zamanda, Rusiya hərbi bazasının gücləndirilməsi Ermənistan baş naziri Nikol Paşinyanın qərbyönlü kursuna qarşı xəbərdarlıq mesajı da hesab olunur. Yəni Kreml rəsmi İrəvana bildirir ki, regionda hələ də ən effektiv “çəkindirici güc” Rusiyanın əlindədir. Və Rusiya Paşinyan hakimiyyətinin Qərbə inteqrasiya cəhdlərini bloklamaq, ölkə daxilində xaos yaratmaq üçün bu hərbi resurslardan istifadə edə bilər.
Digər tərəfdən, Kremlin Ermənistan ordusundakı casus şəbəkəsi vasitəsilə yeni regional silahlı münaqişə törədə biləcəyi də istisna olunmur. Kremlin buna nail olacağı təqdirdə, Rusiyanın bölgədə tənzimləyici və ya vasitəçi aktor statusunda yeni geopolitik mexanizmlər qazanmağa cəhd göstərəcəyi ehtimal edilir. Və Rusiyanın Ermənistandakı hərbi bazasının da bu məqsədlə gücləndirildiyi qətiyyən istisna deyil.
Nəhayət, daha bir maraqlı ehtimallardan biri də budur ki, Kreml 102-ci hərbi bazadan istifadə edərək, Ermənistanda qarşıdan gələn seçkilər ərəfəsində Paşinyan hökumətinə qarşı birbaşa və ya dolayısı hərbi təzyiqlər də göstərə bilər. Bu ssenarinin əsaslandırılmasında bir neçə faktor rol oynayır. Belə ki, Rusiya artıq bir dəfə bu variantı sınaqdan keçirib. Prezident Mixail Saakaşvilinin hakimiyyəti dövründə Rusiya Gürcüstanda hərbi əməliyyatlar keçirmişdi. Və həmin hərbi əməliyyatlar yalnız xarici deyil, daxili siyasi balansı da pozaraq, dəyişmək məqsədi daşıyırdı.
Onu da nəzərə almaq lazımdır ki, Ermənistanda Rusiyanın agentura şəbəkəsinə daxil olan radikal-revanşist siyasi müxalifət, oliqarxiya və erməni kilsəsi artıq aktivləşdirilib. Kreml Ermənistanda seçki öncəsində siyasi-ictimai xaos yaratmaq üçün bu casus şəbəkəsindən istifadə edir. Və Rusiya ordusunun Gümrüdəki mövcudluğu isə “təhlükəsizlik bəhanəsi" ilə həyata keçiriləcək lokal hərbi əməliyyatlara zəmin hazırlaya bilər.
Maraqlıdır ki, Rusiya belə kobud hərbi müdaxilələri adətən, "sülhü qorumaq", "erməni xalqını müdafiə etmək" və ya "provokasiyaların qarşısını almaq" kimi absurd manipulyasiyalar üzərindən reallaşdırmağa çalışır. Və Ermənistanda seçkiqabağı real, yaxud süni şəkildə yaradılmış təhlükəsizlik böhranı Rusiyaya əlavə manevr imkanları da aça bilər.
Bəzi ehtimallara görə, Kreml üçün Gümrü hərbi bazası və onun ətrafında “təxribat” bəhanəsi ilə silahlı hərəkətlilik məkanı açmaq o qədər də ciddi problem deyil. Hətta Rusiya hərbi bazasına qarşı yaxın vaxtlarda keçirilməsi nəzərdə tutulan kütləvi etiraz aksiyalarını Paşinyan hakimiyyətinin əleyhinə çevirmək, onun tərəfdarlarını Kreml tərəfindən uydurulmuş seçkiqabağı “anti-terror” əməliyyatlarının hədəfinə gətirmək elə də qeyri-real variant sayılmır. Və bütün bunların davamı olaraq, Ermənistanda hakimiyyət çevrilişini legitimləşdirmək üçün Ermənistanda ölkədaxildə təxribatların törədilə biləcəyi də istisna edilmir.
Belə anlaşılır ki, Rusiya 102-ci hərbi bazanı yalnız fiziki mövcudluq üçün deyil, həm də Ermənistan daxilində siyasi proseslərə müdaxilə üçün "təsir aləti" kimi istifadə etməyə başlayıb. Böyük ehtimalla bu, Ermənistanda sınaqdan çıxarılan və bütün postsovet məkanı üçün nəzərdə tutulan genişmiqyaslı təsir strategiyasının tərkib hissəsi də ola bilər. Və əgər, Qərb siyasi dairələri vaxtında qabaqlayıcı addımlar atmağa həvəs göstərməsələr, yalnız Ermənistanda deyil, ümumiyyətlə, Cənubi Qafqazda Rusiyanın yeni “neoimperialist müdaxilə dövrü” başlaya bilər.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu
27 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ