Onlayn ictimai-siyasi qəzet
Ukrayna böhranı üzrə Tramp-Putin sövdələşməsinin pozulması və ABŞ-ın vasitəçilikdən çəkilməsi Rusiyanı hərbi -siyasi labirintə salıb. Kreml tezliklə ABŞ və Qərbin yenidən Rusiyaya qarşı birləşə biləcəyini artıq anlamağa başlayıb. Belə bir qlobal düşərgənin Rusiya üçün daha təhlükəli proseslərin başlamasına səbəb ola biləcəyi də qətiyyən şübhə doğurmur. Və bu səbəbdən də, Kreml tez-tələsik yaxınlaşan fəlakət ssenarisindən yayınmaq üçün müxtəlif manevrlər etmək məcburiyyətində qalıb.
Onu da qeyd etmək lazımdır ki, prezident Vladimir Putinin Ukraynanı Türkiyənin vasitəçiliyi ilə İstanbulda sülh müzakirələrinə başlamağa çağırması da bu baxımdan, Kremlin siyasi manevr cəhdindən başqa bir şey deyil. Bu manevr Kremlə müəyyən qədər vaxt qazandıra bilər. Ancaq zaman uzandıqca və sülh sazişi imzalanmadıqca, bu manevrin Rusiya əleyhinə çevrilərək, bumeranq effekti verə biləcəyi də qətiyyən istisna deyil.
Məsələ ondadır ki, Avropa Birliyi Rusiya qarşı yeni sanksiyalar paketi barədə qərarını məhz İstanbul görüşündən sonraya saxladığını gizlətmir. Əgər, İstanbul görüşü uğursuz olarsa, ABŞ və Avropa Birliyi arasında Rusiyaya qarşı yeni təzyiqlər, o cümlədən də daha ağır sanksiyalar əsas müzakirə mövzusuna çevrilə bilər.
Belə ki, hətta əgər, Rusiya prezidenti Vladimir Putin Ukrayna lideri Volodimir Zelenski ilə görüşdən imtina edərsə və ya atəşkəsə razılaşmazsa, Avropa Birliyi Ağ Ev sahibi Donald Trampı əlavə sanksiyalar tətbiq etməyə çağırmağı planlaşdırır. Və yeni sanksiyalarla bağlı yekun qərarını hələlik təxirə salan ABŞ da bütün diqqətini məhz İstanbul görüşünə yönəlib.
Halbuki, son məlumatlara görə, prezident Vladimir Putin legitimliyini şübhə altına aldığı Ukrayna lideri Volodimir Zelenski ilə görüşmək üçün İstanbula səfər niyyətində deyil. Rusiya nümayəndə heyətinə Rusiya xarici işlər naziri Sergey Lavrovun rəhbərlik edəcəyi bildirilir. Ona görə də, hazırda Kreml sahibinin İstanbul sülh prosesində şəxsən iştirakdan yayılacağı təqdirdə, Qərbin buna mümkün reaksiyası və yarana biləcək yeni situasiya böyük maraq doğurur.
Çünki Ukrayna savaşı hazırda regional deyil, qlobal miqyasda təhlükəsizlik və sabitlik üçün ciddi təhdidə çevrilib. İstanbul görüşü isə bu savaşın siyasi-diplomatik yollarla həllinə ümid yaradır. Ancaq Ukrayna prezidenti Volodimir Zelenskinin Rusiya lideri Vladimir Putini şəxsən danışıqlarda iştiraka çağırması, sülh prosesinin uğuru üçün liderlərin birbaşa dialoqunun vacibliyini qabardır.
Beləliklə, prezidenti Vladimir Putinin İstanbul görüşündə şəxsən iştirakdan yayınması Rusiya üçün bir sıra yeni neqativ nəticələr doğura bilər. İlk növbədə Rusiyaya qarşı beynəlxalq siyasi-diplomatik təzyiqlərin güclənəcəyi qətiyyən şübhə doğurmur. Çünki Kreml sahibinin İstanbul görüşündə şəxsən iştirak etməməsi beynəlxalq ictimaiyyət tərəfindən Rusiyanın kompromisdən uzaq olması barədə təsəvvürləri gücləndirəcək. Və bu, Rusiya ilə gələcək siyasi-diplomatik münasibətlərin əngəllənməsi və mövcud beynəlxalq təcridin daha da dərinləşməsi ilə nəticələnə bilər.
Digər tərəfdən, prezident Putinin Kremldə qalması Rusiyaya qarşı yeni sanksiya dalğalarının da önünü açmış olacaq. Yəni, Avropa Birliyi və ABŞ-ın həm iqtisadi və həm də texnoloji sanksiyaların əhatə dairəsini genişləndirəcəyi ehtimal olunur. Xüsusilə də, enerji sektoruna və strateji sənaye sahələrinə yönəlmiş sanksiyalarla Rusiya iqtisadiyyatına sarsıdıcı zərbələr intensivlik qazana bilər.
Bu prosesdə Kremli daha ciddi şəkildə narahat etməli olan əsas ssenarilərdən biri məhz Ukraynaya hərbi dəstəyin yenidən artırıla biləcəyi ilə bağlıdır. Belə ki, Qərb ölkələri, xüsusilə də ABŞ, Ukraynaya hərbi, maliyyə və texniki yardım paketlərini genişləndirərək, Rusiya üzərindəki hərbi və iqtisadi təzyiqlər mühitini daha da tündləşdirə bilər. Buna paralel olaraq, Rusiya və Qərb arasında informasiya müharibəsinin daha da güclənəcəyi gözlənilir. Və Rusiyanın “sülh çağırışlarını rədd edən tərəf” kimi təqdim ediləcəyi qətiyyən istisna deyil.
Məsələ ondadır ki, İstanbul görüşündə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə iştirakı, prezident Vladimir Putinin siyasi məsuliyyətdən uzaq qalmaq cəhdi kimi də yozula bilər. Əgər, İstanbul görüşündə müzakirələr dalana dirənərsə, ABŞ və Qərb bunu Rusiyanın taktiki manevri kimi qəbul edəcək. Və bu, Kremlin məqsədyönlü şəkildə sülh prosesinin uzadılmasına cəhd göstərdiyi barədə qənaətləri möhkəmləndirəcək.
Təbii ki, bu halda, Rusiya əleyhinə ən təhlükəli ssenariləri stimullaşdıra bilər. Xüsusilə də, Rusiyaya qarşı yeni sanksiyalarla yanaşı, Kremlin siyasi-diplomatik izolyasiyanın dərinləşməsi istisna deyil. Bu ssenari Qərbin strateji qərarlarının birmənalı şəkildə Ukraynanın xeyrinə yönəltməsinə yol aça bilər. Əgər, Kreml sahibi bu ssenaridən yayınmaq üçün İstanbul görüşünə qatılaraq, məqsədyönlü şəkildə qəbuledilməz şərtlər irəli sürərsə, Qərb bunu yalnız manipulativ manevr kimi qəbul edə bilər.
Ona görə də, Rusiya üçün prezident Vladimir Putinin İstanbul görüşünə qatılması və Kremlin kompromislərə açıq olduğunu da biruzə verməsi yeganə müsbət ssenari olardı. Çünki bu halda, Ukrayna savaşının dayandırılması prosesində sülh üçün real imkanlar yaranar və Qərb Rusiyaya qarşı mövcud sanksiyaların mərhələli şəkildə yumşaldılmasını müzakirəyə çıxartmaq məcburiyyətində qalar. Və əslində, məhz bu ssenari Rusiyanın "savaş bataqlığı"ndan çıxmaq şansını gücləndirə bilər.
Belə anlaşılır ki, prezident Vladimir Putinin İstanbul görüşündə iştirakı indi Rusiya tale yüklü seçim xarakteri daşıyır. Kreml sahibinin iştirakdan yayınması isə Rusiyanı sülh prosesindən uzaqlaşdırmaqla yanaşı, həm də daha genişmiqyaslı iqtisadi və geosiyasi risklərlə də üzləşdirə bilər. Və Rusiyanın bu risklərə müqavimət potensialı hazırda o qədər də cəlbedici görünmür.
Çünki Qərb, xüsusilə də ABŞ və Avropa Birliyi bundan istifadə edərək, Ukraynaya hərbi dəstəyi artırmaqla yanaşı, Rusiyaya qarşı beynəlxalq təzyiqləri yeni səviyyəyə qaldırmaq üçün bəhanə qazanmış olacaq. Bu baxımdan, prezident Vladimir Putinin legitimliyini tanımadığı Ukrayna lideri Volodimir Zelenski ilə sülh masasına şəxsən oturması indi məhz Rusiyaya lazımdır.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu
13 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ