Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Trampın ikinci dəfə Ağ Evə qayıdışı qlobal siyasət məkanında cərəyan edən proseslərin istiqamətlərinə radikal məzmunda təsir göstərməkdədir. Xüsusilə də, ABŞ-Rusiya münasibətləri, Ukrayna savaşının gedişi və NATO-nun funksionallığı və s. kimi çoxsaylı geopolitik məsələlərdə ciddi dəyişikliklərə yol açıb. Və bu baxımdan, müasir dünya indi Tramp adminstrasiyası dönəminə qədər olduğundan ciddi şəkildə fərqlənir.
Onu da qeyd etmək lazımdır ki, Kremldə indiki qlobal situasiyadan açıq-aşkar məmnundurlar. Bu səbəbdən də, Rusiya prezidenti Vladimir Putinin Ağ Ev sahibi Donald Trampı geniş publika qarşısında tərifləməsi, sadəcə, şəxsi rəğbətin ifadəsi yox, strateji hesablamanın tərkib hissəsidir. Və bu təriflərin arxasında prezident Donald Trampın xarici siyasət prioritetlərindən, Ağ Ev sahibinin Vladimir Putinlə münasibətlərinin xarakterindən məmnunluq, eləcə də, Kremlin yaxın gələcəyə yönəlik geosiyasi motivasiyası mövcuddur.
Məsələ ondadır ki, prezident Vladimir Putin Ağ Ev sahibi Donald Trampı ciddi şəkildə təhlil edib və onun hansı situasiyada necə davranacağını da böyük ölçüdə təxmin edə bilur. Hər halda, Ağ Ev sahibi hələ ilk prezidentliyi dövründə İkinci Dünya Müharibəsindən sonra formalaşan qlobal liberal qaydalar sisteminə ciddi zərbələr vurmağa çalışmışdı. Ağ Ev sahibinin həm o dövrdə, həm də indi "America First" şüarına sığınması, nüfuzlu beynəlxalq təşkilatlara (NATO, BMT, ÜTT və s.) skeptik yanaşması, ABŞ-ın Avropadakı müttəfiqlərinə sərt iqtisadi-ticari təzyiqləri, Çin və Rusiya kimi qlobal rəqiblərlə daha "praqmatik" münasibətlər qurmaq cəhdləri Kreml üçün gələcəyə yönəlik ciddi motivasiya qaynağı sayıla bilər.
Maraqlıdır ki, prezident Donald Trampın xüsusilə də NATO-nu "vaxtı keçmiş təşkilat", Avropa Birliyini isə "ABŞ-a borclu ölkələr klubu" elan etməsi transatlantik hərbi-siyasi alyansın ideoloji təməlini ciddi şəkildə sarsıtdı. Eyni zamanda, Ağ Ev sahibi ABŞ-ın Ukrayna savaşına yönəlik siyasətində də qeyri-standart dəyişikliklərin önünü açdı. Və ABŞ-ın Ukraynaya hərbi yardımlarını borc kateqoriyasl ilə şərtləndirdi, Zelenski hökumətini sərt ittihamların hədəfinə çevirdi.
İndi Putin-Tramp münasibətləri siyasi liderlər arasında şəxsi simpatiya ilə yanaşı, həm də iki qlobal qütbün ziddiyyətləri fonunda taktiki maraqlara dayanır. Ağ Ev sahibi Donald Trampın prezident Vladimir Putini "ağıllı strateq" kimi qiymətləndirməsi, onun Rusiya liderinin şəxsi xarizmasına dəyər verdiyinin də göstərir. Eyni zamanda, Donald Trampın çoxvektorlu siyasəti, öz qeyri-standart mövqeyi ilə Ağ Evdə siyasi konsensusu sarsıtması və NATO-nu iflas mərhələsinə sürükləməsi prezident Vladimir Putinin qlobal strategiyasına tamamilə uyğundur.
Ona görə də, Putin-Tramp tandeminin geopolitik təsirləri konkret siyasi anlaşmalardan daha çox, hazırda yaratdığı yeni qlobal narrativlərdən qaynaqlanır. Bu baxımdan, Kremlin "Tramp hakimiyyətdə olanda müharibə yox idi" tezisinin Rusiya təbliğatında əsas çıxış xəttinə çevrilməsi qətiyyən təsadüfi deyil. Və bu, Kremlin öz strateji hədəflərini ön plana çəkərkən, məhz Ağ Ev sahibi Donald Trampın açdığı manevr məkanından faydalandığını təsdiqləyir.
Digər tərəfdən, Kreml mövcud qlobal situasiyanın daha da inkişaf etdirilməsində maraqlıdır. Ona görə də, Rusiya prezidenti Vladimir Putin təcrübəli siyasətçi kimi, Ağ Ev sahibi Donald Trampın təriflənməsinin ABŞ-ın siyasi elitasında parçalanma meyllərini dərinləşdirə biləcəyini də nəzərə alır. Belə ki, prezident Vladimir Putinin Ağ Ev sahibi Donald Trampa ünvanlı komplimentləri respublikaçıların siyasi rəqibləri olan demokratlar üçün olduqca ciddi narahatlıq səbəbidir.
Digər tərəfdən, Kremldə Rusiyanın Tramp adminstrasiyası ilə bəzi taleyüklü mövzularda anlaşma perspektivinin mövcudluğunu da anlayırlar. Ona görə də, bu önəmli faktordan ABŞ-NATO və ABŞ-Avropa Birliyi gərginliyini daha da dərinləşdirmək üçün önəmli fürsət mənbəyi kimi istifadə olunur. Eyni zamanda, Kreml bunu Rusiyada daxili təbliğatın əsas narrativlərindən birinə çevirməyə də çalışır. Və Donald Trampı tərifləməklə, Qərbdə də "Rusiyanı anlayan liderlər"in olduğu barədə rəylərin yaradılmasına cəhd göstərir.
Nəhayət, onu da qeyd etmək lazımdır ki, Ukrayna savaşı ətrafında hazırda yaranmış situasiyaya görə Kreml məhz prezident Donald Trampa minnətdar olmağa borcludur. Çünki məhz Donald Trampın Ağ Evə qayıdışından sonra ABŞ-ın Ukraynaya hərbi dəstəyi ciddi şəkildə zəiflədi. Bu, Rusiyaya həm siyasi-diplomatik həm də hərbi istiqamətlərdə əlavə zaman qazanmaq imkanı verdi. Və buna paralel olaraq, NATO daxilində qeyri-müəyyənlik bu quruma üzv olan Avropa ölkələrinin də Ukraynaya dəstək prosesini iflic etdi.
Göründüyü kimi, Tramp-Pitin münasibətləri genişmiqyaslı ortaq maraqları ifadə edir. Üstəlik, bu tandemin yaxın gələcəkdə qlobal hərbi-siyasi sistemin mövcud arxitekturasını da ciddi şəkildə dəyişə biləcəyi qətiyyən istisna deyil. Bu baxımdan, prezident Vladimir Putinin Ağ Ev sahibi Donald Trampı xüsusi olaraq, tərifləməklə, ABŞ liderini daha radikal qlobal dəyişikliklərə həvəsləndirmək niyyəti güdə biləcəyini də düşünmək olar. Və bu baxımdan, müasir dünyanı Tramp-Putin tandeminin ssenariləşdirdiyi yeni "qlobal tamaşa"nın gözlədiyi qətiyyən şübhə doğurmur.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu
28 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ