İnsanlara hürriyət, millətlərə istiqlal!

Niyə indi?

2013-cü ildə Azərbaycan-Rusiya münasibətlərində gərginlik olan zaman azərbaycanlını daxili işlər nazirinin kabinetinə qolubağlı gətirmişdilər; il 2025-dir, ölkə yenə Rusiya, ünvan bu dəfə Ural, Yekaterinburqdur...

Rusiyanın bir müddətdir ki, Azərbaycana qarşı “sancısı” var. Bu “sancılar” illərdir ki, müəyyən fasilələrlə özünü göstərir. Məsələn, 2013-cü ildə  Orxan Zeynalovun rusiyalı gəncə yetirdiyi xəsarət sonrası ölməsi Azərbaycan-Rusiya münasibətlərində gərginlik olan zamana təsadüf etmişdi.  Rusiya Azərbaycanda prezident seçki ərəfəsi hətta varlı azərbaycanlılardan ibarət “Milyonçular İttifaqı” da yaratmışdı.  Orxan Zeynalov cinayətini dərhal azərbaycanlılar əleyhinə yönəltdilər, onların ölkədən çıxarılması tələbləri qoyuldu, bazarlara basqınlar edildi. Azərbaycanlını həbs edəndən sonra isə görünməmiş hadisə baş verdi.  O xüsusi helikoptellə Petrovka- 38 ünvanına aparıldı-burada onun belini daha da bükərək daxili işlər naziri Vladimir Kolokoltsevin qarşısına çıxardılar. Bir suçlu gənci nazirin qarşısına çıxarmaq, onu az qala diz çökdürmək hər şeydən əvvəl Moskvanın böyük ayıbı, Rusiyada hüquqi özbaşınalığın, milli ayrı-seçkiliyin göstəricisi idi. İl indi 2025-dir, ölkə yenə Rusiya, ünvan bu dəfə Ural, Yekaterinburqdur...   

***

Bütün siyasətə(etnik və milli siyasət də daxil) yön verən Moskvadan bir neçə min kilometr aralıda-Ural Federal Dairəsinin Yekaterinburq şəhərində  azərbaycanlılara divan tutulması ilə Rusiyanın anti-Azərbaycan siyasəti arasında əlaqə qurmaq bəlkə də çoxlarına məntiqsiz və ya qərəzli görünər. Amma orası Rusiya. Yekaterinburqdakı mübhəm və dəhşət əməliyyatında iştirak edən regional Federal Təhlükəsizlik Xidməti də, “Rosqvardiya”da təkcə dövlətin güc strukturu deyil, bu qurumlar Kremlin siyasətini yeridirlər, sinxron fəaliyyət göstərirlər.  Yəni Rusiya paytaxtından uzaq Yekaterinburqdakı divantutma əməliyyatı üçün Moskvadan əmr-filana gərək yoxdur. O yerli strukturların rəhbərləri, azərbaycanlıların evinə basqına rəhbərlik üçün göndərilənlər yaxşı bilirlər ki, bu vəhşilik üçün indi onlara mərkəzdən “molodes” deyiləcək zamanıdır.  

Bəhanə əlbəttə ki, var- açılmamış cinayətlər, kriminal “razborkalar” və sairə. Bəzi Rusiya mediası hadisəni “azərbaycanlılardan ibarət cinayətkar etnik qrup”un həbsi kimi tirajlayırlar. Bu, “bətnində” özlərindən olan qəddar serial qətillər törəsən “Çikatilolar” yetişdirmiş ölkənin qürbətdə bir-birlərinə dəstək duran, bir yerdə işləyən qohumları “etnik qruplaşma, mütəşəkkil dəstə” kimi təqdim etmək öldürülənlərə görə haqq qazanmaq cəhdidir.

Bəs niyə indi? Rusiya-Azərbaycan münasibətlərində sərinlik olduğu vaxtda bu əməliyyat düşünülmüş aksiyadırmı? Bu suala cavab yoxdur. Yalnız o iddia olunur ki, 2001-ci ildə baş vermiş cinayəti  “istintaqa gənc və yeni kadrlar gəldiyi üçün” indi yenidən araşdırırlar. Bu isə cinayət araşdırırması deyil, yeni cinayət, dövlətə bağlı mütəşəkkil qrupun törətdiyi qətllərdir. 

***

Ural Federal Dairəsinə ötən ilin sentyabrında Artyom Joqa təyinat alıb. O, Donbasda separatçı silahlı hərəkata rəhbərlik etmiş Vladimir Joqanın atasıdır. Oğlunun ölümündən sonra da onun batalyonuna rəhbərlik edib. Rusiyada son prezident seçkisində isə Putinin üç səlahiyyətli nümayəndəsindən biri də məhz Artyom Joqa idi. Seçkidən sonra da Putin onu Ural Federal Dairəsinə səlahiyyətli nümayəndə təyin etdi.

Yekaterinburq həmişə varlılar şəhəri kimi tanınıb,  təkcə Uralın deyil, ərazisi və əhalisinin sayına görə də Rusiyanın qeyri-rəsmi üçüncü paytaxtı(Moskva və Sankt-Peterburqdan sonra) sayılır. Həm də xarici diplomatik nümayəndəliklərin çox olduğu Rusiya şəhərlərindən biridir.

Yeni federal dairə rəhbərinin Rusiyanın işğalçı müharibəsinin qəhrəmanı olması bu regionda çox şeyləri dəyişəcəyinin anonsu idi- müharibəyə könüllülər cəlb etmək, vətənpərvərlik duyğularının istismarı və sairə. Maraqlıdır ki, əməliyyatda işgəncə verilən azərbaycanlılata Ukrayna müharibəsi ilə bağlı da nələrsə deyiblər.

Rusiya bu məsələdə tam yanlış yola girib, milli siyasətdə son vaxtlar mərkəzin etdiyi ciddi səhvləri regionlarda da təkrarlayırlar. Bu iki qardaş xalqın mənasız savaşında müsəlman toplumu da ciddi itkilər verib. Amma müharibəni dəstəkləyən Kreml elitası hətta çeçenlərə, başqırdlara, tatarlara belə bu məsələdə irad tuturlar, dil uzadırlar. Ya bu siyasət müsəlman toplumuna qarşı həmişə hörmətlə davranmağa çalışan prezident Putinə qarşı sobatajdır,  ya  “dövlətin başı” özü bu millilətçiliyi körükləyir. Belə görünür ki, ikincidir...

***

RUSİYADA ÖLDÜRÜLƏN AZƏRBAYCANLILARIN SAYI 5-ə ÇATDI - Səfərovlar ailəsinin  daha 2 üzvü dünyasını dəyişib (Yeniləndi) | AzPolitika — onlayn  siyasi-ictimai qəzet

Yekaterinqun yerli saytlarında görünən odur ki, azərbaycanlı diasporasının bu olaylardan özünü kənara çəkmək cəhdləri var. Özləri bilərlər, məsələn, ən çox zərərçəkən Səfərovlar toplanıb oradan Azərbaycana, ya başqa bir vilayətə gedə bilərlər. Öldürülən qardaşlara məxsus “Kaspi” kafesi də bağlana, ya da başqa birlərinin nəzarətinə keçə bilər. Amma bu oradakı diasporını gücləndirməyəcək. Rusiyada “Parçala, hökm sür” siyasəti Pyotrdan üzü bəri davam edir...

***                   

Azərbaycan dövlətinin qəti mövqeyi dəyərlidir. XİN-in bəyanatı, Rusiya Səfirliyinin nümayəndəsinin izahat üçün dəvəti,  ombudsmanın araşdırma üçün müraciəti Moskvanı “tərpətdi”. Rusiya İstintaq Komitəsi  hadisənin mərkəzi aparatının birbaşa nəzarətində olduğunu açıqlayıb.  Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ayın sonuna planlaşdırılan Azərbaycana səfərinin rəsmi Bakı tərəfindən ləğv edilməsi də baş verən dəhşətli hadisəyə yerində olan reaksiyadır. Həm də Moskva ilə münasibətlərdə mövcud gərginliyin açıq siqnalıdır.

Bu gedişat yaxşı heç nə vəd etmir. Yeganə yol isə Rusiyanın Azərbaycan “sancısından” qurtulmasıdır...   

 Nazim SABİROĞLU
 Musavat.com                

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Iyun 2025

28 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR