İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qarabağ”ın matçında separatçıların təxribatı - cəza tələbi

UEFA mifik “artsax”ın əsgi parçasını stadionda qaldırmağa görə hansı qərarı verəcək? - deputatdan çağırış

Xəbər verdiyimiz kimi, oktyabrın 22-də UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda keçirilən “Atletik” (Bilbao, İspaniya) - “Qarabağ” matçında xoşagəlməz hadisə yaşanıb. “San Mames” stadionunun tribunasında bir qrup azarkeş təxribat xarakterli addıma yol verib. Onlar qondarma “dqr”in bayrağını asıblar.

Hadisə oyunun ilk hissəsi zamanı baş verib və sosial şəbəkələrdə böyük narazılıq doğurub. Azərbaycanlı azarkeşlər və media nümayəndələri UEFA-nı dərhal tədbir görməyə çağırıblar.

Qeyd edək ki, eyni gündə “Qalatasaray” UEFA Çempionlar Liqasının III turunda Norveçin “Budo/Qlimt” klubunu qəbul edib. Matçdan öncə “sarı-qırmızı” azarkeşlər matç başlamazdan əvvəl Fələstinə dəstək nümayiş etdiriblər. “Cim-Bom” tərəfdarları kiçik parçalardan Fələstin bayrağı, üzərində isə “Stop the genocide!” (Soyqırımı dayandırın!) yazılı banner göstəriblər.

UEFA-nın nizam-intizam qaydalarına əsasən, klublar azarkeşlərin siyasi, ideoloji, dini və ya təhqiredici xarakter daşıyan təxribat mesajlarına görə cavabdehlik daşıyırlar. Bu qayda bannerlərə, bayraqlara, şüarlara və ya hər hansı digər aksiyalara aiddir. Məlumata görə, UEFA-nın buna görə “Qalatasaray”a qarşı cərimə, tribunanın qismən bağlanması və ya azarkeşsiz oyun cəzası tətbiq edəcəyi gözlənilir. Hərçənd mifik “artsax”dan və onun əsgi parçasından fərqli olaraq, Fələstin dövlətini dünyada onlarla ölkə tanıyıb və bayraq da qanuni sayılır. 

Bəs “Atletik” klubu da cəzalanacaqmı? Azərbaycan tərəfi bununla bağlı israr edəcəkmi? UEFA-aya rəsmi şikayət göndərilibmi?

Dini təhsilə vəsaiti daha çox artırmalıyıq - Fazil Mustafa | Modern.az

 Fazil Mustafa

Deputat Fazil Mustafa “Yeni Müsavat”a açıqlamasında bütün hallarda şikayət etməyimizin vacibliyini qeyd etdi: “Açığı ermənilərin bu xəyalları ilə bağlı atdıqları addımlar mənasız addımlardır. Onlar artıq mövcud olmayan hansısa bir mifik anlayış üzərindən hələ də xəstəliklərini davam etdirirlər. Ona görə də bu məsələdə, məncə, biz, təbii ki, hüquqi yollar aramalıyıq. Amma bu hüquqi yollardan bütün hallarda elə istifadə etməliyik ki, bizi təxribata çəkməsinlər. Bir sözlə bunları soyuqqanlı şəkildə etməliyik. Hətta buna xüsusi bir reaksiya verilməsə belə bunu etməliyik. Faktiki olaraq, ”artsax" deyilən bir anlayış yoxdur. Bu sarsaqlar da hələ bunun üzərində fikirlərini formalaşdırırlar. Nə vaxtsa bunun gerçəkləşə biləcəyinə hələ də xəstə başları ilə ümid edirlər. Bitdi bu proses. Heç Ermənistanın özü bu günləri bu ideyanı müdafiə etmir. Ona görə də, bu məsələlər həyatı keçməyəcək, romantik davranışdan başqa bir şey deyil. Amma bütün hallarda biz şikayətimizi etməliyik".

Nazirlik federasiyalarla əlbir olub, vəsaiti mənimsəməklə məşğuldur“

Natiq Muxtarlı 

Tanınmış idman yazarı Natiq Muxtarlı UEFA-ya mütləq şəkildə müraciət etməli olduğumuzu vacib sayır: “Qarabağ”ın oyunlarında erməni təxribatı daim törədilib. Amma təəssüf ki, UEFA bu məsəldə sərt qərar qəbul etməyib. “Qarabağ” səfər oyunlarından əvvəl daim yerli klubu və UEFA nümayəndələrini erməni təxribatının ola biləcəyi ilə bağlı məlumatlandırıb. Ancaq buna baxmayaraq ermənilər təxribatlarını rahatlıqla gerçəkləşdiriblər. 

“Atletik”lə oyunda isə bu təxribatı bir nəfər törətdi. O da elə tribunadan təpki gördükdən sonra əski parçasını qatlayıb arxasındakı cibinə soxdu. Amma təxribat təxribatdır. Bununla bağlı mütləq UEFA-ya müraciət etmək lazımdır. 

Ancaq “Atletik”in stadionunda baş verənləri “Qalatasaray”ın oyununda yaşananlarla müqayisə etmək olmaz. İstanbulda az qala bütün stadionda bayraqlar, bannerlər asılmışdı, şüarlar səsləndirilirdi. 

Buna baxmayaraq, “Qarabağ” UEFA-ya şikayət etməlidir ki, ermənilərin gələcəkdə də törədə biləcəyi təxribatların qarşısı alınsın. 

UEFA-nın ikili standartlarla işlədiyi də hər kəsə bəllidir. Ona görə də, erməni təxribatları ilə bağlı heç vaxt ciddi tədbir görməyiblər. Amma “Qalatasaray”a ağır cəza verə bilərlər. Çünki söhbət Fələstinə dəstəkdən gedir. Təbii ki, bu da UEFA-ya xoş gəlmir. Təəssüf ki, müasir dünyanın reallığı budur: ikili standartlar daim tətbiq olunur, həm ölkələr, həm də təşkilatlar tərəfindən. Heç ola bilsin ki, “Qarabağ”ın şikayətinə reaksiya verilməsin, amma bütün hallarda rəsmi şəkildə etiraz edilməlidir".

“Qarabağ” futbol klubunun da bu təxribatla bağlı mövqeyini və atacağı addımları öyrəndik. Komandanın mətbuat xidmətinin rəhbəri Anar Hacıyev bunları dedi: “Məlumat üçün bildirim ki, hələ öncədən yerli instansiyalara və UEFA-ya müraciət etmişik. Oyun zamanı da məsələ ilə bağlı müraciətimizi ünvanlamışıq”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR