Onlayn ictimai-siyasi qəzet
Ermənistanda hakimiyyətlə kilsə arasındakı qarşıdurma yeni, daha sərt mərhələyə keçib.
Musavat.com xəbər verir ki, sosial şəbəkələrdə – xüsusilə yeni yaradılmış “Telegram” kanalında – Erməni Apostol Kilsəsinin yüksək rütbəli din xadimlərindən birinin intim xarakterli videosunun yayımlanması ölkəni silkələyib.
Eçmiədzin Patriarxlığının Baş Katibliyinin rəhbəri, arxiyepiskop Arşak Xaçatryan yayılan görüntülərə münasibət bildirərək videonun saxta olduğunu və bunun Paşinyan hakimiyyətinin siyasi təbliğat hoqqabazlığı olduğunu deyib:
“Bu, hakim siyasi qüvvənin təbliğat aparatının bayağı hoqqabazlığıdır. Mənim adımı bu prosesə qatmaq siyasi sifarişdir. Enerjinizi qoruyun, cənablar – məsuliyyət anı gələcək, və o an sizin ‘arxa tərəfiniz’ tam görünəcək.”
Xaçatryan hesab edir ki, hökumət kilsəni susdurmaq üçün şantaja və kompromat savaşına keçib.
Ermənistanın ombudsmanı Anaid Manasyan da məsələyə qarışıb və şəxsi həyatın məxfiliyinin pozulması ilə bağlı dövlət orqanlarını təcili araşdırma aparmağa çağırıb:
“Şəxsi məlumatların qanunsuz yolla toplanması və yayılması həm konstitusion hüquqların, həm də fundamental insan azadlıqlarının pozulmasıdır. Bu cür hərəkətlər hüquqi məsuliyyət doğurur.”
Ombudsman son günlər gizli çəkiliş və dinləmələrin sistemli şəkildə mediaya ötürülməsini təhlükəli tendensiya adlandırıb.
Bizə görə, Paşinyan hakimiyyəti artıq kilsə ilə savaşda “kompromat mərhələsinə” keçib. Əslində, Paşinyanın komandası bir neçə aydır açıq mətnlə deyir ki, Katolikos II Qaregin də daxil olmaqla bir çox keşişlərin intim həyatına dair videolar onların əlindədir.
Erməni Apostol Kilsəsində keşişlərin evlənməsi qadağandır – onların “evliliyi” yalnız Tanrı ilə rəmzi bağlılıq sayılır. İndi isə yayılan videolar kilsə rəhbərliyinin bu qaydaları pozduğunu iddia edir və bu, cəmiyyətdə dini-siyasi şok effekti yaradıb.
Unutmayaq ki, Erməni Kilsəsi Rusiya Pravoslav Kilsəsindən dəstək alır; Paşinyan isə kilsəni zəiflədib hakimiyyət vertikalını tam nəzarətə almağa çalışır.
Musavat.com-a görə, qarşıdan seçkilər gəlir və qarşıdurma daha da kəskinləşəcək.
Kilsə Moskvanın dəstəyinə güvənərək, sərt danışır. Paşinyan isə kompromat silahını işə salıb və görünür, geri addım atmaq niyyətində deyil.
Ermənistanda artıq sadəcə siyasi böhran deyil – ideoloji və mənəvi liderlik uğrunda açıq savaş başlayıb.
Bu savaşın sonu yalnız bir sualla müəyyən olunacaq: Erməni cəmiyyətində hakimiyyət kimindir – Dövlətinkimi, yoxsa Kilsəninki?
Musavat.com
25 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ