Onlayn ictimai-siyasi qəzet
Ana Vətən Partiyasının (AVP) növbədənkənar qurultayında baş verən qarşıdurma ilə bağlı yeni video görüntülər yayılıb.
Musavat.com xəbər verir ki, sözügedən görüntüləri partiyanın qurucusu, sabiq millət vəkili Fəzail Ağamalının oğlu Elçin Ağamalı sosial şəbəkələrdə paylaşıb.
Elçin Ağamalı iddia edir ki, qurultayda keçirilən səsvermə nəticəsində o, partiyanın yeni sədri seçilib. Onun sözlərinə görə, 155 nümayəndədən böyük çoxluğu onun namizədliyini dəstəkləyib:
“Səsvermə proseduru tam şəkildə keçirildi. Nümayəndələrin əksəriyyəti mənim lehinə səs verdi və nəticə elan olundu”.
Lakin AVP-nin qurucusu və uzun illər partiyaya rəhbərlik etmiş Fəzail Ağamalı bu nəticəni qəbul etmir. Onun mövqeyinə görə, qurultay tam yekunlaşmayıb və sədr postuna qızı Günay Ağamalının namizədliyi irəli sürülüb.
Məlumata görə, qurultay zalında tərəflər arasında sözlü qarşıdurma yaşanıb, hətta iclasın davamı zamanı işığın söndürülməsi cəhdləri də olub. Buna baxmayaraq, Elçin Ağamalı tərəfdarları prosesin yekunlaşdırıldığını və qərarın legitim olduğunu bildirirlər.
Hadisə qısa müddətdə ictimai-siyasi gündəmi zəbt edib və partiya daxilində rəhbərlik böhranını daha da kəskinləşdirib.
Hazırda AVP daxilində vəziyyət iki “sədr iddiası” ilə davam edir:
Fəzail Ağamalı – qurultay nəticələrinin tanınmadığını bildirir;
Elçin Ağamalı – özünü yeni seçilmiş sədr elan edir;
Günay Ağamalı – atasının dəstəyi ilə sədrliyə əsas namizəd kimi təqdim olunur.
Qarşıdakı günlərdə AVP-dəki proseslərin hüquqi və siyasi müstəviyə daşınacağı istisna edilmir.
Musavat.com
25 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ