Onlayn ictimai-siyasi qəzet
Avropa ölkələri külək turbinlərindən istifadəni dayandırmalıdır.
Musavat.com xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Qlazqoya gəldikdən sonra hava limanında jurnalistlərə deyib: "Külək turbinlərini söndürün. Siz ölkələrinizi məhv edirsiniz. Bu, çox kədərlidir. Uçarkən göydən görürsən ki, külək turbinləri hər yerdədir, onlar sizin gözəl tarlalarınızı və dərələrinizi xaraba qoyur, quşlar isə onların üzündən ölürlər".
Amerika lideri bundan əvvəl də dəfələrlə bəyan edib ki, Aİ ölkələri yaşıl enerjinin inkişafına həddən artıq çox resurs yatırmaqla səhv edirlər. Xüsusilə Almaniya hökumətinin bu sahədə apardığı təcrübələrlə ölkəni az qala iflasa apardığını vurğulayıb. Tramp qeyd edib ki, onun administrasiyası ABŞ-da karbohidrogen hasilatını artırmaq üçün tədbirlər görəcək. Fevral ayında o, enerji üstünlüyü üzrə milli şuranın yaradılması haqqında sərəncam imzalayıb.
Şotlandiyaya səfəri zamanı Tramp Böyük Britaniyanın Baş naziri Kir Starmer və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen də daxil olmaqla Aİ nümayəndələri ilə görüşəcək. Amerika liderinin onlarla ticarət məsələlərini müzakirə edəcəyi planlaşdırılır. Tramp iyulun 25-dən 29-dək Şotlandiyada olacaq.
Musavat.com
29 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ