İnsanlara hürriyət, millətlərə istiqlal!

“Hava limanı yolunda da çökmə ola bilər” – Ekspertdən Bakıdakı təhlükə ilə bağlı təcili xəbərdarlıq

Xəbər verdiyimiz kimi, bir müddət əvvəl təmir edilən yolda çökmə baş verib.

Söhbət Xətai rayonu, 8 Noyabr prospektindən gedir.Ərazidən istifadə edən sürücülər mövcud vəziyyət səbəbindən həmin yerdə sürəti azaltmalı olurlar. Yola elə də bələd olmayan sürücülər isə gəldikləri sürətlə davam edirlər. Bu isə xüsusən gecə saatlarında təhlükəli vəziyyət yaradır. Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, yaxın günlərdə həmin ərazidə işlərə başlanacaq.Qeyd edək ki, sözügedən ərazidə bir müddət əvvəl də çökmə baş vermişdi.
Göründüyü kimi, nə qədər acı olsa da, Azərbaycanda avtomobil yollarının istismarı, təhlükəsizlik səviyyəsi və keyfiyyət göstəriciləri hələ də ciddi şəkildə problemli qalır. Xüsusilə paytaxt Bakıda yağan yağışlardan sonra üzə çıxan biabırçı mənzərələr, sistemsizlik və məsuliyyətsizliyin nəticəsidir. Nəzarət edən qurumlar yalnız hadisə baş verdikdən sonra hərəkətə keçirlər, halbuki qabaqlayıcı tədbirlər görülməli, yollar mütəmadi olaraq monitorinqdən keçirilməlidir.

Nəqliyyat eksperti Elməddin Muradlı məsələ ilə bağlı Musavat.com-a açıqlamasında bildirib ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi artıq təkcə icraedici deyil, eyni zamanda nəzarətçi və qabaqlayıcı tədbirlər görən quruma çevrilməlidir:

“Əgər yolun altında boşluq yaranacaqsa, bu, bir gecənin içində baş vermir. Bunun aylar öncədən əlamətləri olur- kiçik çökmələr, asfaltın oturması, çatlar bütün bunlar xəbərdarlıq siqnallarıdır. Amma gözləyirlər ki, ya bir insan həlak olsun, ya da bir neçə avtomobil zərər görsün, ondan sonra araşdırma aparsınlar. 8 Noyabr prospektində baş verən çökmə hadisə də bunlardan biridir. Bu cür yollar yüksək trafikə və əhəmiyyətə malik olduqları üçün xüsusi diqqət tələb edir. Onun sözlərinə görə, əgər bu gün belə ərazilərdə ciddi təhlükə yaranırsa, sabah Heydər Əliyev prospekti kimi strateji magistral yollarda da analoji hallar baş verə bilər. Əgər strateji hava limanını şəhərlə birləşdirən əsas yolda da çökmə təhlükəsi varsa, bu artıq sadəcə texniki deyil bu, dövlət təhlükəsizliyi ilə bağlı məsələdir”.

Elməddin Muradlı bəzi vəzifəli şəxslərin məsuliyyətsizliyinə də toxunaraq qeyd edib ki, işə düzgün yanaşma, icra və nəzarət mexanizmlərinin olmaması nəticə etibarilə insan həyatına və ya maddi ziyana səbəb olur. Onun fikrincə, bu kimi hallarda Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən məsuliyyət daşıyan şəxslər cinayət məsuliyyətinə cəlb olunmalıdır:

“Təsəvvür edin, kimlərsə asfaltdakı boşluğu sadəcə torpaqla doldurub, üstündən asfalt çəkir. Üç gün sonra həmin hissə çökür və insan zərər görür. Niyə bu adamlar məsuliyyətə cəlb olunmur?! Əgər hüquq-mühafizə orqanları bu məsələni araşdırmırsa, o zaman bu səhlənkarlıq davam edəcək”.

elmeddin45.jpg (30 KB)

Ekspert əlavə edib ki, Azərbaycanda layihələr sənəd üzərində kifayət qədər mükəmməl hazırlanır, lakin icra zamanı ciddi çatışmazlıqlar olur.

“Layihədə göstərilən materiallar, texnoloji ardıcıllıq və icra standartları ya qəsdən pozulur, ya da səriştəsizlik ucbatından düzgün həyata keçirilmir. Bu gün asfalt çəkilir, sabah həmin ərazi qazılır, bir həftə sonra çökmə baş verir. İndi bu kimin günahıdır? Sistemli bir nəzarət mexanizmi olsa, bu qədər məsuliyyətsizlik və səhlənkarlıq baş verməz”.

Sonda ekspert bildirib ki, vəziyyət dəyişmədiyi halda, daha böyük problemlər qaçılmaz olacaq. Onun fikrincə, təkcə yolların çəkilməsi deyil, onların keyfiyyətli və uzunömürlü olması əsas məqsəd olmalıdır. Əks halda yeni salınan yollar da gələcəkdə təhlükə mənbəyinə çevriləcək.

Sultan Məmmədli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR