Onlayn ictimai-siyasi qəzet
Sunaminin ilk dalğası Kurik sahillərinə çırpıldı – əhali təxliyə olunub, zavoda ziyan dəyib. İkinci və üçüncü dalğaların gələcəyi gözlənilir, bölgədə təhlükə tam aradan qalxmayıb.
Musavat.com xəbər verir ki, sunaminin ilk güclü dalğası Şimalı Kurilsk şəhərinin sahilinə çırpılıb. Bu barədə Saxalin vilayətinin qubernatoru Valeri Limarenko məlumat verib. Onun sözlərinə görə, əhali təhlükəsizlik məqsədilə yüksək relyefli ərazilərə təxliyə olunub və hələlik orada qalmağa davam edir.
Sahilə yaxın yerləşən “Alaid” balıq emalı zavodunu güclü sunami dalğası basıb. Zavodun direktoru “İzvestiya”ya bildirib ki, ilkin mərhələdə ziyanın həcmini qiymətləndirmək mümkün deyil, çünki ikinci və üçüncü dalğaların da gələcəyi gözlənilir. “Artıq birinci dalğa kifayət qədər su gətirib”, – deyə o qeyd edib.
Hazırda zavodda heç kim yoxdur – şəhər rəhbərliyinin xəbərdarlığından sonra bütün əməkdaşlar vaxtında təxliyə edilib.
Saxalin vilayəti hökumətinin əvvəlki açıqlamasına əsasən, zəlzələdən sonra bölgədə borular qırılıb, bacalar zədələnib və elektrik təchizatında qismən problemlər yaranıb. Hazırda fövqəladə xidmətlər vəziyyəti nəzarətdə saxlayır.
Musavat.com
31 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ