İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda niqab taxanlar təhlükəsizlik üçün risklidir? – AÇIQLAMA

“Qazaxıstanda üz tanımanı çətinləşdirən geyimlərin, xüsusilə də niqabın ictimai yerlərdə geyinilməsinə qadağa qoyulması müxtəlif ictimai və dini çevrələrdə geniş müzakirələrə səbəb olub. Rəsmi mövqeyə görə, bu qərarın əsas məqsədi ictimai təhlükəsizliyi təmin etmək və vətəndaşların identifikasiyasını asanlaşdırmaqdır. Bu yanaşma son illərdə bir çox ölkələrdə gündəmə gələn təhlükəsizlik və şəxsiyyətin müəyyən edilməsi kimi çağırışlara cavab verməyə yönəlib”.

Bu fikirləri Musavat.com-a Qafqaz Müsəlmanları İdarəsinin Fətva və Moizə şöbəsinin imamı, ilahiyyatçı-alim Samid Quliyev bildirib.

O qeyd edib ki, İslam dini niqabı vacib bir əmr kimi təqdim etmir:

WhatsApp Image 2025-07-31 at 16.17.56.jpeg (10 KB)

“Qurani-Kərimdə hicab daha çox başın və bədənin müəyyən hissələrinin örtülməsi ilə əlaqələndirilir. Üzün örtülməsi isə yalnız bəzi məzhəblərdə tövsiyə xarakteri daşıyır və geniş İslam dünyasında bu məsələyə yanaşmalar müxtəlifdir. Yəni, niqab dini zərurətdən çox fərdi seçim kimi dəyərləndirilə bilər”.

O ki qaldı, bu qadağanın Azərbaycanda da tətbiqi məsələsinə, ilahiyyatçı-alim deyib ki, hüquqi baxımdan bu, mümkündür: “Dövlət təhlükəsizliyi və ictimai asayiş naminə müəyyən məhdudiyyətlər tətbiq edə bilər. Lakin praktiki və sosial reallıq tamam fərqlidir. Azərbaycanda niqab taxan qadınların sayı olduqca azdır və bu hal nə kütləvi bir hadisədir, nə də ictimai təhlükəsizlik üçün ciddi bir risk mənbəyi sayılır.

Bundan başqa, Azərbaycan cəmiyyətində dini geyimlərə qarşı xüsusi bir həssaslıq mövcuddur. Bu həssaslıq həm dövlətin dünyəvi prinsiplərə əsaslanan idarəçilik modelindən, həm də cəmiyyətin müəyyən sosial və tarixi təcrübələrindən qaynaqlanır. Lakin bu yanaşma heç də dövlətin dini dəyərlərə və dindar vətəndaşlara qarşı laqeyd olduğunu göstərmir.

Əksinə, Azərbaycan dövləti uzun illərdir ki, dinə və dindarlara qayğı ilə yanaşır. Dini maarifləndirmə layihələri, məscid və dini icmalara dəstək, din xadimlərinin hazırlığına və dini təhsilin inkişafına yönəlik proqramlar bu qayğının real təzahürləridir. Dövlətin məqsədi dini azadlıqları qorumaqla yanaşı, ictimai sabitliyi və tolerantlıq mühitini təmin etməkdir”.

Samid Quliyev onu da vurğulayıb ki, bu cür qadağaların tətbiqi yalnız təhlükəsizlik baxımından real zərurət yarandığı hallarda müzakirəyə çıxarıla bilər: “Hazırkı şəraitdə isə Azərbaycanda həm hüquqi, həm də ictimai mühit fərqli yanaşmanı diktə edir, burada din azadlığı ilə təhlükəsizlik arasında incə, lakin mühüm bir tarazlıq qorunur”.

Qeyd edək ki, Qazaxıstanda niqab qadağan edilib. Hakimiyyəti niqab və üzü örtən digər geyimlərin taxılmasının yasaqlanmasını ictimai təhlükəsizliyin təmin edilməsi ilə izah edib. Qanuna edilən dəyişikliyin məqsədinin də vətəndaşların hüquq və azadlıqlarına, o cümlədən dini etiqad azadlığına toxunulmadan şəxslərin müəyyən edilməsi və ictimai asayişin təmin edilməsi olduğu bildirilib.

Afaq MİRAYİQ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR