Onlayn ictimai-siyasi qəzet
Azərbaycan–İran sərhədində son aylarda qəribə bir mənzərə yaşanır. Qaranlıq gecələrdə əllərində heç bir sənəd olmayan əsasən gənc əfqanlar sərhədi aşmağa çalışırlar.
İyulun 30-da Dövlət Sərhəd Xidmətinin “Lənkəran” dəstəsi iki belə gənci, 1999-cu il təvəllüdlü Qasimi Reza Həbibullanı və 2002-ci il təvəllüdlü Həsəni Məhəmmədrza Məhəmmədnaimi saxlayıb. Onlar İrandan Azərbaycana keçmək istəyiblər.
Ekspertlər deyirlər ki, Əfqanıstanda Talibanın qayıdışı ilə başlayan yeni repressiyalar, işsizlik, yoxsulluq və qorxu dalğası insanları doğma yurdlarını tərk etməyə məcbur edib. Əvvəlcə qonşu ölkələrdən Pakistana, İrana üz tuturlar. Amma İran da artıq bu kütlənin yükünü daşımaq istəmir. Çarəsiz qalan miqrantlar isə Azərbaycanı tranzit yol kimi görürlər. Bu marşrut bəzilərinə Türkiyəyə, bəzilərinə Avropaya gedən ümid yolu kimi təqdim edilir.
İnsan alveri şəbəkələri onlara təhlükəli xilasedici plan qurur. “Azərbaycanı keçin, sonrası asandır”, deyə qaçqın əfqanları inandırırlar. Amma sərhəddə onları silahlı sərhədçilər və həbs gözləyir.
Təkcə 2025-ci ilin ilk yarısında 4 min 246 nəfər miqrasiya qaydalarını pozduğuna görə saxlanılıb, 1007 nəfər ölkədən çıxarılıb.
Dövlət Sərhəd Xidmətinin hesabatlarında əfqanların sərhəd pozucuları arasında 4–5 faiz təşkil etdiyi bildirilir. Bu, kiçik görünə bilər, amma reallıqda minlərlə insan deməkdir.
Sərhəddə saxlanılan Safi Hedayatullah, Mirzay Mohsin, Əfqan Mohammadəmin və Əhmədi Əhməd - onların hamısı gəncdir, 20 yaşları var. Ötən ilin sentyabrda tutulan 4 nəfərin də cəmi 18-20 yaşı var idi. Bu gənclərin ortaq cəhəti var - öz gələcəklərini ölkələrində görmürlər.
Bu dalğa yalnız humanitar məsələ deyil, həm də sərhəd təhlükəsizliyi və milli təhlükəsizlik məsələsidir. Tranzit marşrutuna çevrilmək ölkəmiz üçün yeni risklər yaradır, qeyri-qanuni miqrasiya ilə yanaşı, insan alveri və qaçaqmalçılıq da artır. Dövlət qurumları sərhədin etibarlı mühafizəsi üçün tədbirlər görür.
Təkcə bir neçə ay ərzində 1 milyondan çox qaçqının İrandan geri qaytarılması ilə yardım agentlikləri artıq narahatdırlar. Onlar indi Əfqanıstanda fövqəladə vəziyyətin güclənəcəyindən narahatdırlar. Milyonlarla əfqan İranda sığınacaq tapıb, əksəriyyəti qeyri-qanuni vəziyyətdədir. Taliban hakimiyyətə qayıdanda da insanlar İrana qaçıblar.
Bu ilin yanvar ayında İrandan Əfqanıstana qayıdan əfqan qaçqınların ümumi sayı bir milyonu ötüb. Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, onların 70%-i məcburi şəkildə geri qaytarılıb.
Beynəlxalq Qırmızı Xaç Təşkilatı bu ilin sonuna kimi İrandan Əfqanıstana daha bir milyon insanın qayıdacağını proqnozlaşdırır.
İsraillə son silahlı münaqişədən sonra İran əfqan qaçqınları geri qaytarmaq üçün daha çox səy göstər. Qısa müddətdə çox böyük sayda əfqan geri qaytarıldı, rəsmi Tehran bunu təhlükəsizlik baxımından etdiklərini açıqlayıb.
Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, bu əfqan qaçqınların əksəriyyəti zorla geri qaytarılıb.
Taliban İranın əfqan qaçqınlara münasibətini “qeyri-insani” adlandırıb. Taliban məsul işçisi bunu “xalq meyllərinə, humanist və islami dəyərlərə zidd”, “narahatedici və həyəcanverici” adlandırıb.
İran tərəfi isə bəyan edib ki, 6 milyona yaxın əfqanı qəbul edib, onların qeyri-qanuni vəziyyətdə olan 2 milyonu geri qaytarılmalıdır. İran daha çox əfqanı qəbul etməyə imkanı olmadığını bəyan edib.
Son zamanlar İran prezidentinin Taliban hakimiyyətə qayıtdıqdan sonra ilk dəfə Əfqanıstana səfər edə biləcəyi ilə bağlı xəbərlər yayılsa da, rəsmi Tehran hələ ki, onları rəsmi şəkildə təsdiq etməyib. İran hələ ki, Taliban və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının iştirak etdiyi qaçqın problemiylə bağlı üçtərəfli texniki iclasda iştirak etməsi ilə bağlı xəbərlərə münasibət bildirməyib.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
03 Avqust 2025
02 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ