Onlayn ictimai-siyasi qəzet
İlon Mask 2025-ci ilin ilk yarısında özünün siyasi komitəsi olan "America PAC" fonduna 45 milyon dollardan çox vəsait ianə edib və bu sahədə ABŞ-də ən iri donorlardan birinə çevrilib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu cür ianələr dünyanın ən varlı insanının siyasətdən hələlik uzaqlaşmaq niyyətində olmadığını göstərir.
Halbuki İlon Mask may ayında Dohada keçirilmiş Qətər İqtisadi Forumunda gələcəkdə siyasi kampaniyaların dəstəklənməsi üçün xərcləri ciddi şəkildə azaldacağını bəyan etmişdi.
Ümumiyyətlə 2025-ci ilin ilk altı ayı Mask üçün çətin keçib. O, bu yaxınlara qədər ABŞ hökumətinin fəaliyyət effektivliyini artırmaq üzrə qurum (DOGE) ilə bağlı işləri əlaqələndirib və faktiki olaraq ABŞ prezidenti Donald Trampın ən yaxın çevrəsinə daxil olub. Mask 2024-cü ildə keçirilən prezident seçkilərində Trampın kampaniyasını fəal şəkildə dəstəkləyib. "America PAC" vasitəsilə təxminən 119-150 milyon dollar ianə edib.
Mask dövlət qulluğundan ayrıldıqdan sonra, Tramp əleyhinə bəyanatlarla yadda qalıb. Biznesmenin sözlərinə görə, onun dəstəyi olmadan ABŞ prezidenti 2024-cü ilin noyabrında keçirilən seçkilərdə qalib gələ bilməzdi. Mask həmçinin Trampa qarşı impiçment cəhdinə dair ideyanı dəstəkləyib, Ağ Ev tərəfindən hazırlanmış dövlət xərcləri haqqında qanun layihəsini tənqid edib və prezidentin tətbiq etdiyi idxal rüsumlarını kəskin şəkildə qınayıb.
Tramp isə cavabında Maskı “dəli” adlandırıb.
Musavat.com
03 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ