İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda işləmiş yunan general məqalə yazdı: Türkiyənin Yunanıstan və Kiprə qarşı hazırladığı yeni sürpriz

General Kampouridis Türkiyənin Kipr və Egey strategiyasından narahatlığını gizlətmədi: “Ankara sürətli və texnoloji üstün hücum gücü qurur”

Musavat.com xəbər verir ki, Yunanıstan Silahlı Qüvvələrinin ehtiyatda olan general-leytenantı, Türkiyə və Azərbaycanda sabiq hərbi attaşe olmuş Lazaros Kampouridis öz məqaləsində Ankaranın Egey və Şərqi Aralıq dənizində həyata keçirdiyi yeni hərbi strategiyanı təhlil edib və bu planların Yunanıstan və Kiprə qarşı sürpriz hücum potensialı yaratdığını bildirib.

Yazıçı qeyd edir ki, 2023-cü ildən başlayaraq Türkiyə desant briqadalarının yaradılması və pilotsuz dəniz-hava sistemlərinin genişləndirilməsi istiqamətində ardıcıl və məqsədyönlü addımlar atır. Onun sözlərinə görə, bu hərbi güc “Mavi Vətən” (Türkiyənin dəniz doktrinası) strategiyasının tərkib hissəsi olaraq qurulur və regionda Türkiyənin strateji üstünlüyünü təmin etməyə hesablanıb.

Lazaros Kampouridis on ''Hellenes Everywhere'' | 15.11.2023 - Voice of  Greece

Generalın təhlilinə görə:

• Desant briqadaları artıq İmroz (Gökçəada), İskəndərun (Hatay) və Çanaqqala bölgələrində yerləşdirilib;
• Dalaman bölgəsində hava bazası genişləndirilib;
• “Ulaq”, “Salvo”, “Albatros”, “Marlin” kimi robotlaşdırılmış pilotsuz dəniz vasitələri dəniz minalarının təmizlənməsi, kəşfiyyat və hücum funksiyalarını yerinə yetirir;
• Bu sistemlər “sürü hücumu” həyata keçirə bilir və kamikadze rejimində hədəflərə çırpılaraq partlayış yarada bilir;
• Çanaqqala, Foça, Akçaz, Gölcük, Mersin, Ereğli bölgələrində bu texnologiyalar üçün bazalar yaradılıb;
• Əsas komandanlıq mərkəzi Didimdəki METŞ Qrupu Komandanlığıdır.

Kampouridis qeyd edir ki, 2025-ci il üçün Türkiyənin planları daha da genişmiqyaslıdır:

• Yeni desant briqadalarının İmroz, İskəndərun və Akçazda yerləşdirilməsi;
• Çanaqqala bölgəsində Desant Qüvvələri Kompleksinin qurulması;
• Hataidə paraşütçü briqadaları üçün infrastruktur;
• Yeni limanların inşası (fregat, sualtı qayıq, desant gəmiləri üçün);
• SAT/SAS sualtı xüsusi qüvvələrinin təkmilləşdirilməsi;
• “Burak” sinifli korvet və katerlərin Qara dənizdən Mersinə köçürülməsi;
• Kiprdə Famagusta limanında “TCG Karataş” və “TCG Karadeniz” gəmilərinin daimi dislokasiyası.

Türkiyə PUA sahəsində də aktivdir. “Bayraktar TB2”, “Akinci”, “Anka” kimi dronlar artıq Çorlu, Keşan, Çanaqqala, Edremit, İzmir, Aydın, Dalaman, Antalya, İncirlik, İskəndərun və Kiprdə yerləşdirilib. Bu, hava nəzarətinin təmin edilməsi və dəqiq zərbələr üçün böyük üstünlük yaradır.

Hazırda Türkiyə:

• 1 ədəd TF-2000 tipli freqat,
• 6 ədəd dəniz patrul gəmisi,
• 7 ədəd “İSTİF” sinifli freqat,
• 1 ədəd sürətli hücum kateri,
• 1 ədəd mina təmizləyici gəmi,
• 5 ədəd “Reis” sinifli sualtı qayıq,
• 1 ədəd milli sualtı qayıq,
• 8 ədəd yeni desant gəmisi inşa edir.

Lazaros Kampouridis qeyd edir ki, Ankara bu gücü sürətli, çevik və texnoloji baxımdan üstün şəkildə qurur. Bu isə Yunanıstan və Kipr üçün gözlənilməz bir təhlükəyə çevrilə bilər. Məqalə boyunca generalın Türkiyənin artan gücündən dərin narahatlığı hiss olunur. Onun məqaləsi təkcə hərbi analiz deyil, eyni zamanda Yunanıstan ictimaiyyətinə və NATO dairələrinə yönəlik bir siqnal xarakteri daşıyır.

Beləliklə, Yunan generallar artıq Türkiyənin Egey, Aralıq dənizi və Kipr strategiyasını izləməklə kifayətlənmir, həm də təhlükə olaraq dəyərləndirməyə başlayıblar. Məqalənin müəllifinin həm Türkiyə, həm də Azərbaycanda sabiq hərbi attaşe kimi çalışması isə bu qiymətləndirməyə əlavə diqqət qazandırır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR