Onlayn ictimai-siyasi qəzet
Rusiya son aylarda Cənubi Qafqazdakı mövqelərini möhkəmləndirmək üçün yeni, amma əslində çox köhnə bir üsula əl atır - humanitar yardım adı altında siyasi manipulyasiya. “Rusiya sizinlədir” devizi altında keçirilən humanitar aksiyalar rəsmi Moskvanın Qarabağ məsələsini yenidən gündəmə gətirmək cəhdlərinin açıq nümunəsidir.
“Rossotrudniçestvo”nun mətbuat xidmətinin yaydığı məlumata görə, Qarabağdan könüllü şəkildə Ermənistana köçmüş ermənilərə ərzaq bağlamaları və digər zəruri ehtiyacları əhatə edən yardımlar paylanmağa başlanıb. İlk mərhələdə 4 yaşayış məntəqəsində 93 ailəyə yardım çatdırılıb, avqust ərzində isə ümumilikdə 140 tona yaxın humanitar yardımın 30 minə yaxın şəxsə verilməsi planlaşdırılır. Paylanma Masis icmasından başlayıb.
Bu prosesdə “Rossotrudniçestvo”nun aktivliyi təsadüfi deyil. Mərkəzin rəhbəri Yevgeni Primakov uzun müddətdir ki, “Rus Evi”nin Bakıda yenidən fəaliyyətə başlaması üçün çalışır. Lakin Azərbaycan hökumətinin bu məsələdə konkret və prinsipial tələbləri var. Moskva isə Bakıdan istədiyini ala bilmədikdə, “cavab addımı” olaraq ermənipərəst dairələr vasitəsilə Qarabağdan köçmüş şəxslərə yardım kampaniyası təşkil edir.
Rusiya üçün bu aksiyanın humanitar məzmunundan çox, siyasi dəyəri var. Çünki Kreml bu mexanizmi gələcəkdə Qarabağa geri dönüş məsələsini gündəmə gətirmək üçün “hazırlıq mərhələsi” kimi istifadə edə bilər. Bu, Moskvanın Ermənistan üzərindən bölgədə təsirini qorumaq üçün uzunmüddətli planının bir hissəsidir.
Rusiya hakimiyyəti son illərdə hər dəfə Cənubi Qafqazda mövqelərini itirdikdə “Qarabağ kartı”nı işə salıb. Bu dəfə də vəziyyət fərqli deyil. Ukrayna müharibəsi ilə məşğul olan və Qərbin sanksiyaları altında boğulan Moskva bölgədə nüfuzunun zəiflədiyini görərək, Qarabağdan köçmüş ermənilərin “qaytarılması” ideyasını gündəmdə saxlamaq istəyir.
Bakı üçün isə bu məsələ prinsipialdır. Azərbaycanın şərti aydındır: Qarabağ Azərbaycan ərazisidir, burada yalnız Azərbaycan qanunları qüvvədədir. Qarabağdan köçən ermənilərdən böyük əksəriyyətin geri qayıtmaq niyyətində olmadığı da faktdır. Yəni Moskvanın bu planı hələlik real perspektiv daşımır.
Mariya Zaxarova
Əslində Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarovanın mayın 27-də verdiyi açıqlama Moskvanın niyyətini tam açıq göstərir. O bəyan edib ki, Qarabağdan köçən ermənilərə humanitar yardım məsələsi Rusiya üçün prioritetdir və yaxın vaxtlarda “Rusiya Humanitar Missiyası” vasitəsilə daha iri aksiyalar planlaşdırılır. Bu sözlər, sadəcə, humanitar yardım mesajı deyil - bu, gələcək siyasi manevrlərin anonsudur.
Azərbaycanın bu yardımlara görə narahat olmasına ehtiyac yoxdur, amma ayıq-sayıq qalmaq zəruridir. Çünki Rusiya bu prosesi təkcə humanitar müstəvidə saxlamayacaq. Yardımların arxasında informasiya manipulyasiyası, beynəlxalq platformalarda “Qarabağ ermənilərinin hüquqları” mövzusunu yenidən canlandırmaq, həm də bölgədəki təsir alətlərini gücləndirmək məqsədi dayanır.
Nəticə etibarilə, Kreml köhnə “Qarabağ kartı”nı yenidən masaya qoyur - sadəcə, bu dəfə humanitar yardım paketi ilə bəzədilmiş formada. Azərbaycanın mövqeyi isə dəyişməzdir: Qarabağ mövzusu bitib və heç bir “humanitar manipulyasiya” bu gerçəyi dəyişdirə bilməyəcək.
Tofiq Abbasov
Politoloq Tofiq Abbasov “Yeni Müsavat”a açıqlamasında bildirib ki, ATƏT-in Minsk Qrupunun ləğvini istəməyən ölkələrdən biri də Rusiyadır. Onun sözlərinə görə, Qarabağ mövzusu Rusiya üçün həmişə xüsusi əhəmiyyət kəsb edib: “Biz ümumi mənzərəni nəzərə alsaq, görərik ki, Rusiya bütün istiqamətlərdə mürəkkəb yollarla getməyə üstünlük verir. Digər tərəfdən, Azərbaycana qarşı münasibətlərinin gərginləşməsini sanki bir təhdid kimi qəbul edir və buna adekvat cavab verməyə çalışır”.
T.Abbasov xatırladıb ki, Paşinyan 28 mindən çox Qarabağ ermənisinin Ermənistan ərazisini tərk etdiyini açıqlayıb: “Nəzərə alaq ki, ümumilikdə Qarabağda 35 minə yaxın erməni yaşayırdı. Onlara Azərbaycan qalıb bizim qanunlarımızla yaşamağı təklif etmişdi. Onlar isə bildirmişdilər ki, Qarabağdan çıxmaq tapşırığı alıblar. Bu tapşırığı isə Samvel Şahramanyanın qondarma hökuməti vermişdi. Beləliklə, Qarabağdan gedən ermənilərin problemi avtomatik olaraq öz həllini tapıb. Onlar Ermənistandan könüllü şəkildə Rusiyaya və Qərb ölkələrinə köçüblər. İndi Rusiya 5-6 min erməni ilə bağlı qondarma problem yaradır, elə səhnə qurur ki, guya onların ərzaq çatışmazlığı var, humanitar yardıma ehtiyac duyurlar. Bu, Rusiyanın həmin ermənilərə can yandırması deyil, əksinə, Azərbaycan üçün problem yaratmaq cəhdidir”.
Politoloqa görə, Rusiya düşünür ki, Azərbaycan özünü dost ölkə kimi aparmır: “Halbuki münasibətlərin gərginləşməsində Rusiyanın günahı çox böyükdür. Təyyarə qəzası elə bunlardan biridir. Xankəndidə rəssam İvan (Hovhannes) Ayvazovskinin heykəlinin demontaj edilməsini böyük hadisə kimi göstərirlər, siyasi yön verirlər. Rusiya mediası və Xarici İşlər Nazirliyi heykəlin sökülməsini bəhanə edib Azərbaycana qarşı qərəzli hücumlar təşkil etdi. Bu, Xankəndi şəhərinin yerli hakimiyyətinin qərarıdır. Heykəl orada durmalı deyildi. Çünki Ayvazovskinin Qarabağa heç bir aidiyyəti yoxdur. Sovet dövründə Biləsuvarın adını dəyişib Puşkin etdilər, Beyləqanın adını dəyişdilər. Onların Azərbaycana nə dəxli var idi? Hazırda Azərbaycan bütün məsələlərə öz milli maraqlarından baxır. Rusiya nə qədər istəyirsə, humanitar yardım etsin ermənilərə, öz işidir, Azərbaycan buna görə narahat deyil. Çünki biz başa düşürük ki, bu addım qara piardır və Azərbaycana qarşı yönəlib”.
T.Abbasov deyib ki, Rusiyanın humanitar yardımları artıq təəccüblü deyil, onlar bununla “qovulmuş erməni” obrazı yaradırlar: “Rusiya 300 mindən çox azərbaycanlının Ermənistandan necə qovulduğunu da yadına salsın. Əsirlərimizin başına gələnləri də xatırlasınlar. O zaman Rusiya niyə humanitar yardım göstərmirdi?!
Primakova gəlincə isə deyim ki, onun güclü rəhbərlik təcrübəsi yoxdur. Rusiya daxilində onu həddindən artıq tənqid edirlər ki, etimadı doğrulda bilmir. “Rossotrudniçestvo” ABŞ-ın USAİD kimi təşkilatıdır. Rusiyanın siyasətini təbliğ edir.
Rusiya Azərbaycanın bir çox humanitar təşkilatlarının qeydiyyatdan keçməsinə imkan verməyib və ləğv edib. Bütün bunlar qarşılıqlı şəkildə həllini tapmalıdır. Tərəflər qıcıqla yanaşsalar, cəhdlər bəhrəsini verməyəcək. Rusiyanın Azərbaycanda, Azərbaycanın isə Rusiyada maraqları var, qonşu ölkələrik. Bunları nəzərə alıb sabit şərait yaratmaq lazımdır".
Şahanə RƏHİMLİ,
“Yeni Müsavat”
05 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ