Onlayn ictimai-siyasi qəzet
Rusiya prezidenti Vladimir Putin Qərblə qarşıdurmanı qloballaşdırmaq niyyətindədir və buna görə Baltikyanı ölkələrə mümkün hərbi müdaxilə artıq real ssenariyə çevrilib.
Musavat.com xəbər verir ki, bu barədə rusiyalı politoloq Abbas Qallyamov yazıb.
“Putin üçün bu, artıq Rusiya ilə Ukrayna arasında müharibə deyil, Rusiya ilə Qərb arasındakı qarşıdurmadır”, - deyə Qallyamov “Mojnoe Mnenie” üçün yazdığı köşə yazısında qeyd edib.
Onun sözlərinə görə, Kreml rəhbəri Ukrayna məsələsini daha geniş bir razılaşmanın tərkib hissəsinə çevirmək və bu yolla məğlubiyyətdən yayınmaq istəyir.
“Əgər Putin Ukrayna ilə müharibədə nəticə əldə edə bilmirsə, o zaman bu problemi genişləndirərək, məsələn, NATO üzvü olan Baltikyanı ölkələrə qarşı hərbi təhdid yolu ilə Qərblə “qlobal sövdələşmə” masasına oturmağa cəhd göstərə bilər”, – deyə politoloq yazır.
Qallyamovun fikrincə, bu cür gedişlə Putin nüvə müharibəsi təhlükəsini artıraraq gələcəkdə bu qarşıdurmanın qarşısını alan “sülh gətirən lider” kimi yadda qalmağa çalışa bilər – necə ki, Xruşşov Karib böhranından sonra özünü bu şəkildə təqdim etmişdi.
Lakin bu strategiya çox risklidir. Qallyamov hesab edir ki, belə bir addım Donald Tramp üçün ciddi siyasi problemə çevrilə bilər:
“Əgər Rusiya NATO üzvü olan Baltikyanı ölkələrə hücum etsə, Tramp artıq deyə bilməz ki, “bu mənim müharibəm deyil”. Bu, onun “yumşaq sülh siyasətinin” şəxsi məğlubiyyəti kimi qiymətləndiriləcək”.
Politoloqun fikrincə, Tramp da məhz bu təhlükəni hiss etdiyi üçün son günlərdə Rusiya ilə bağlı sərt mövqe sərgiləməyə başlayıb. Onun Dmitri Medvedevin postuna verdiyi “aqressiv cavab” da bununla izah edilir.
Sonda Qallyamov xəbərdarlıq edir:
“Əgər Putin yeni cəbhə açarsa, artıq geriyə yol olmayacaq”.
Musavat.com
05 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ