İnsanlara hürriyət, millətlərə istiqlal!

Lavrovun Mariyası bu dəfə də İsraili hədəf aldı – diplomatik maşına “hücum” şikayəti ilə səhnədə

Musavat.com xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin əbədi və dəyişməz sözçüsü Mariya Zaxarova bu dəfə də kameralar qarşısına keçərək, İsraili ittiham etməyə fürsət tapıb.

O, 30 iyul tarixində Rusiyanın Fələstin Administrasiyası yanında akkreditə olunmuş nümayəndəliyinə məxsus xidməti avtomobilin guya İsrailin “qanunsuz yaşayış məntəqəsi” yaxınlığında hücuma məruz qaldığını iddia edib.

Ənənəsinə sadiq qalan Zaxarova, bu insidentin “İsrail hərbçilərinin göz yumması ilə baş verdiyini” iddia edərək diplomatik söz oyunlarını maksimum səviyyəyə çatdırıb. Görünür, Rusiya XİN-in sözçüsü bu dəfə də “zərbə almaqla” informasiya gündəmini ələ keçirmək niyyətindədir. Təəssüf ki, bu cəhdin də reallıqla nə qədər əlaqəsi olduğu sual altındadır.

O, Moskvada hazırlanmış ritorikaya uyğun olaraq, hadisəni Vyana Konvensiyasının “kobud şəkildə pozulması” kimi dəyərləndirib. Guya diplomatik nümayəndəliklərin toxunulmazlığını qorumaq üçün dünyanın hər yeri, xüsusilə də Orta Şərq, Moskvanın vicdanına buraxılıb…

Qeyd edək ki, Rusiya eyni zamanda Ukraynada onlarla diplomatik və mülki obyektə raket zərbəsi endirmiş, səfirlikləri belə gözləmədən bombardman etmiş ölkədir. Amma görünən odur ki, Mariya xanım “Vyana Konvensiyası”na yalnız özlərinə toxunanda xatırlayır.

Zaxarovanın bu bəyanatı İsrail-Rusiya münasibətlərində artan gərginliyin yeni səhifəsi kimi də şərh oluna bilər. Xüsusilə də Qəzza müharibəsi fonunda Rusiya tərəfinin açıq-aşkar HƏMAS tərəfdarı ritorikası və İsrailə yönəlmiş tənqidlərinin çoxalması, bu “şikayətin” sadəcə protokol narazılığı olmadığını göstərir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Avqust 2025

05 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR