Onlayn ictimai-siyasi qəzet
“Dördqatlı ev var, onun hər qatında səkkiz pəncərə, damında iki kiçik pəncərə və iki tüstü bacası, hər qatda iki kirayəçi var. İndi mənə deyin görüm, dalandarın nənəsi neçənci ildə ölmüşdür?”
(Yaroslav Haşek, “Cəsur əsgər Şveykin macəraları”)
Zəhmətkeşlərimiz yenə qəzəbləniblər. Bu dəfə onların nifrət obyekti təhsil sektorumuzdur. Hansısa ölkədə riyaziyyat üzrə beynəlxalq olimpiada keçirilib, orada Azərbaycan heç bir medal qazana bilməyibdir. Əslində çox vecimizə olmazmış, sadəcə, bədnam qonşularımız Ermənistan 3 bürünc, Gürcüstan 2 bürünc medal alıbdır. Hətta Türkmənistan (2 gümüş, 1 bürünc), Qırğızıstan (2 gümüş, 3 bürünc), Özbəkistan (4 gümüş, 2 bürünc) medallar almışdır.
Keçən ay mən bu temada “Alternativ riyaziyyat” adlı yazı yazmışdım. Həmin yazı DİM sədri, hörmətli Məleykə Abbaszadənin “Riyaziyyat üzrə nəticələr istədiyimiz səviyyədən aşağıdır” açıqlamasına həsr olunmuşdu və mən sual qoymuşdum ki, görəsən, həmin səviyyə nədən ibarətdir, biz “iki vuraq iki bərabərdir dördə” deyə bilmiriksə, riyaziyyat necə inkişaf edəcəkdir?
Hətta həmin yazıdan sonra DİM-dən mənimlə əlaqə saxladılar, dedilər guya hansısa müzakirəyə dəvət etmək fikrindədirlər, lakin yaddan çıxıb getdi, açığı, mənim də buna hər hansı həvəsim qalmayıb. Məsələn, Vasif Talıbovun 1998-ci ildə BDU-nun hüququnu bitirməyinə, oğlu Seymur Talıbovun isə 2007-ci ildə yenə BDU-nun beynəlxalq hüquq ixtisaslarına necə girdiyinə cavab versələr bəsimdir.
Qayıdaq hesab-kitabımıza. Bizim bu riyaziyyat fənniylə ümummilli problemimiz var və bunu həll etmək Təhsil Nazirliyinin gücü, imkanları xaricindədir. Adi bir misal: rəsmi maaşı 300 manat olan adam ayda 1200 manatı necə xərcləyir? Yaxud məmur elə milyonluq villada yaşayır ki, onu tikmək üçün gərək 200 il dincəlmədən çalışsın.
“Riyaziyyat” elminə bizim münasibətimiz buna qoyduğumuz adda gizlənibdir, çünki az qala bütün dünya - qazaxlardan ingilislərə, ruslardan türklərə, fransızlardan Afrikadakı yoruba xalqınacan hər kəs buna “matematika” deyir. Yalnız bizim kimi bir-iki millət ərəbcənin “təlim” mənası verən “riyazat” sözünü götürüb işlədir. Buyurun, analiz edək. “Riya” - dini termindir, insanlara özünü göstərmək üçün onları aldadan əməllərə deyilir. İkiüzlü mənası verən riyakarlıq sözü buradan törəmişdir. Ortadakı “ziy” hissəsi konkret məna daşımasa da, bu bizə istər-istəməz Ziya Məmmədov kimi korrupsioneri və ziyillə örtülü, gecə-gündüz yaltaq nəğmələr quruldayan bataqlıq ziyalılarımızı xatırladır. Qaldı “yat” sonluğu, bu da məlum məsələdir. Yəni etimoloji olaraq bizim riyaziyyat sözü “bataqlıqda riyakarcasına yatan” deməkdir.
Şagird ikən olimpiadalarda iştirak eləmişəm, orada sualların adətən orta məktəb proqramından kənara çıxdığını, xeyli çətin olduğunu bilirəm. O üzdən, biz orta məktəbi yarıtmırıqsa, olimpiadanı necə yarıdacağıq?
Ötən illərdə qazandığımız bəzi gümüş və bürünc medalların özəl türk liseylərinin payına düşməsi də düşündürücüdür. Nədənsə həmin liseyləri Fetö müəllimdən alıb Əli Həsənova verəndən sonra medalların arası kəsildi.
Maraq üçün builki olimpiadada düşən suallara baxdım. Buyurun, onlardan biri belədir: “2025x2025 ölçüdə, vahid kvadratlara bölünmüş tor var. Fatmanisə (orijinalda Matilda idi - Z.H.) bir neçə düzbucaqlı, mümkündür fərqli ölçüdə plitkanı həmin torda elə yerləşdirməlidir ki, plitkaların tərəfləri torun xətlərinə düşsün, hər kvadrat vahidi isə uzağı 1 plitka ilə örtülsün. Fatmanisənin torun hər sütununda və sətrində yerləşdirəcəyi plitkaların sayı elə olmalıdır ki, ən azı 1 kvadrat vahidi plitka ilə örtülməmiş qalsın. Minimal plitka sayını müəyyən edin”.
Yazıq Fatmanisə indi buna nə cavab yazsın? Sən ona sual ver ki, icra başçısı rayonda döşəmək üçün dövlət büdcəsindən aldığı plitkalar hesabına neçə villa tikə bilər, neçə məşuqə saxlayar, üstəlik, arvadı da bundan xəbər tutmasın? Riyaziyyat “budu ey, student qədeş”.
P.S. Olimpiyatdan tam əliboş da dönməmişik, 3-4 həvəsləndirici diplom var. Onlardan birini alan şagirdimizin ismi-şərifi Üveys əl Salehi çıxdı. Yoxsa biz riyaziyyat dərsində də legioner limitini ləğv etmişik?
08 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ