Onlayn ictimai-siyasi qəzet
Stiv Uitkoffun sülh missiyası Yaxın Şərqdən Ukraynaya, oradan Cənubi Qafqaza keçincə ilin əvvəlində Bakıya gizli gəlməsi və prezident İlham Əliyevlə məxfi görüşməsi Vətən müharibəsindən sonra Azərbaycanın qurmağa çalışdığı təhlükəsizlik arxitekturasının tələblərinə, konturlarına tam uyğun idi. Uzun illər Vaşinqtonda gedən qlobal siyasi oyunların bir parçası olan Qarabağ münaqişəsini hərbi yolla bitirən azərbaycanlı lider silahlı savaşıda qazanılan nəticəni diplomatik masada qorumaq üçün hazırkı beynəlxalq vəziyyəti ustalıqla nəzərə alır, regional çərçivədə ona mühüm korreksiyalarını edirdi.
Məsələn, Çinlə münasibətlərin yeni səviyyəyə qaldırılması bölgədə postmüharibə erasının qurulmasına və ənənəvi güclər arasında balans yaradılmasına xidmət edirdi. Beləliklə, 44 günlük müharibə nəticəsində meydana çıxan yeni reallıq mahiyyətcə nəinki 90-cı illərdə Qarabağın itirilməsindən sonrakı geosiyasəti büsbütün aradan qaldırırdı, o cümlədən, faktiki olaraq, coğrafi böyümüş bir ölkənin-nə qədər öz torpaqlarını qaytarmış olsa belə, siyasi ambisiyalarını aktiv şəkildə ortaya qoymağa imkan verirdi. Bəli, geosiyasətin qanununu belədir-fiziki böyümədən sonra siyasi-iqtisadi coğrafiyanı genişləndirməsən, döyüş meydanında qazandığın qələbə Ermənistanın 1-ci Qarabağ savaşında əldə etdiyi nəticə ilə eyni olacaq.
O vaxt İrəvanın özünü məruz qoyduğu izolyasiya ona az qala ərazilərinin yarısına bərabər qazandığı torpaqları nəinki beynəlxalq gücünü artırmağa və regional siyasəti diqtə etməyə yönəldə bilmədi, əksinə işğal və təcavüz ona daşıya bilmədiyi yükə çevrildi, ikinci erməni dövləti planı birincinin varlığını sarsıtdı, ona qarşı Bakının apardığı ardıcıl mühakimə və təzyiq siyasəti nəhayət, 30 il sonra müsbət nəticələrini verdi. İndi Azərbaycan “erməni tələsi”nə düşməmək üçün müharibənin ən başlıca strateji hədəflərinə-yolların və kommunikasiyaların açılmasına, qitələri birləşdirən tranzit şəbəkələrini və qovşaqalarını qazanmağa istiqamətlənib. Ağ Evdə yüksək səviyyəli sülh sammiti Əliyev planının son 5 illik zirvəsi olmaqla yanaşı, əsla son deyil. Çünki uzun on illər Vaşinqtonun amansız siyasi qərarlarından-Konqresdə sayı 150-yə çatan erməni kokusunun üzvlərindən Departamentin az qala USAİD-ləşən diplomatik çarmıxından və qlobal medianın çirkin kampaniyasından əziyyət çəkən prezident Əliyev nəhayət, Trampın birinci prezidentliyinin sonunda başlatdığı müqəddəs müharibənin nəticələrini Ağ Ev liderinin ikinci dönəmində davam etdirməkdə israrlıdır.
Zamanı bir qədər geriyə qaytarıb Corc Buşun və dövlət katibi Cesm Beykerin Sovetlər birliyinin dağılması ilə yeni müstəqillik qazanan dövlətləri az qala demokratiya cənnətinə döndərəcəyi ilğımı azərbaycanlılar əleyhinə qəbul edən qətnamə və qərarların süngüsü altında məhv olmuşdu. 907-ci düzəliş nəinki Azərbaycanın azadlığına ABŞ-ın yardımını qadağan edirdi, üstəlik Ulu öndər Heydər Əliyevin dediyi kimi, torpaqlarını itirən bir xalqın üzərində ağır məhkəmə hökmütək hər yerdə ölkəmizi mənən-siyasətən təhdid edirdi. Tarixin ironiyasından Co Bayden administrasiyası həmin qanunu Qələbəmizdən sonra yenidən dövriyyəyə qaytarmaqla faktiki olaraq, göstərdilər ki, qazandığımız hərbi Zəfəri onların icazəsi olmadan əldə etmişik. Dövlət katibi Blinken bağlı qapılar arxasında hər zaman deyirmiş kimi, Xankəndi əməliyyatı az qala son verdiktdir, Ağ Ev Bakının müstəqil qərarlarını və torpaqlarla yanaşı, geosiyasi cəsarətini həzm etmək fikrində deyil. Lakin qlobal proseslər Bakının xeyrinə işlədi, daha doğrusu, dövlətimiz maksimal şəkildə Brüssel, Moskva və Vaşinqton arasında gedən savaşlardan bəhrələnməyi bacardı, nəinki təşəbbüsü heç zaman xarici oyunçulara vermədi, üstəlik, döyüş meydanında olduğu kimi, diplomatik masada da İrəvanla təkbətək qaldı və uzun on illər xarici siyasət aləti olan tərəfi faktiki ələ keçirdi. Bakının tarixi İrəvanla bağları bərpa olundu. Ona görə də Uitkoffun qlobal sülh missiyasının Bakı fəsli o qədər məxfi aparılırdı ki, mediada son aylar dövr edən Tramp tranziti və sair xəbərlərini çıxmaq şərtilə faktiki olaraq, regionda gizli emissarları müxtəlif dəhlizlərdə mövqe tutan qonşu dövlətlər Ağ Ev zirvəsindən tam detallı xəbər tuta, eləcə də onu pozmaq üçün təxribatlar ssenarisini işə sala bilmədilər.
İrəvanda səs-küylü həbslər və Katalikosluq institutu ilə aparılan son savaş Vaşinqton görüşlərinin daxili tərksilahları sayıla bilərdi. 1999-cu ildən fərqli olaraq, Ermənistanda parlamentini gülləbaran etmək və arzuolunazmaları ortadan götürmək ssenarisi həmin mərkəzlərin özü üçün ağır nəticələr doğurar. Beləliklə, zaman çarxının növbəti mərhələsi Ki Uest görüşləridir. İndi Ağ Evdən 2001-ci ilə baxmağa dəyər. Robert Koçaryan hələ də anlamır ki, ata Əliyev danışıqlarda Qarabağ erməni icmasını tamam kənarlaşdırmaq və 7 rayonun işğalını tanıtdırmaq üçün qurduğu siyasi taktika nə üçün uğurlu alınmışdı. O zamana qədər mövcud olan işğalın danışıqlar formatı dağıldı və siyasətdə piyada olan bir adam dərk etmir ki, Əliyev guya Qarabağı tanımaq planı adı altında İrəvanı masada təklədi, o cümlədən səhra komandirinin yaxın silahdaşlarının gülləbaran edilməsinə yol açdı. Koçaryan başçılarından biri olduğu Qarabağ dövlətinin tanınması xəyalı ABŞ-a yola düşərkən nəhəng çekist sisteminin nüfuzlu rəhbərlərindən biri olan Əliyev adi zavod mühəndisliyindən siyasətə addımlayan məhəlli bir adamı və onun himayədarlarını məğlub etdi, o cümlədən, bir qədər irəli gedərək, Zəngəzur dəhlizinin ideoloji əsaslarını yaratdı, onu siyasi leksikona gətirərək, diplomatik danışıqlara daşıdı. Üstündən 20 il keçəndən sonra oğul Əliyevin apardığı müqəddəs savaşın hədəfində ilk növbədə, tarixin izi ilə gedərək, 1-ci Pyotrun vəsiyyətini geri çevirmək, daha sonra 100 il əvvəl bolşeviklərin qələmi ilə cızılan xəritələri yeniləmək idi.
Zəngəzuru Tramp üçün cazibədar edən, onun Hörmüz boğazı qədər vacib mövqedə yerləşməsindən çox İlham Əliyevlə eyni dalğada düşünməsi, Azərbaycan liderinin strateji istəklərini qəbul etməsi və ona dayaq olmağa çalışmasıdır. Baydenin adından cəmi “1 ay içində sülhə gəlin” məktubu ilə indiki görüşlərin və imzalanan sənədlərin mahiyyəti qətiyyən eyni deyil. Vaşinqton-Bakı arasında heç vaxt indiki qədər baxışlar və mövqelər yaxın olmayıb, o cümlədən Ağ Ev zirvəsi Bakının hərbi qələbələrinin təsdiqi, hətta Zəfərimizə legitimlik qazandıran ən böyük hadisədir.
Beləliklə, Uitkoffun gizli missiyası məntiqi nəticələrinə çatır. O martın 15-də-doğum günündə Əliyevlə görüşündə başlatdığı tur əsrlərlə düşmənçilik edən iki xalqın arasında yeni səhifə aça bilər. İndi imzalanan sənədlərdən ikisi bilavasitə Ermənistan və Azərbaycanla ikitirəfli münasibətləri, yerdə qalan memorandum, sülh üçün qəti çərçivə sənədi, Minsk Qrupunun ləğvi, o cümlədən Tramp yolu-İnkişaf və Tərəqqi strategiyası Azərbaycanın qurduğu sülh arxitekturasının da əsas nüvəsini təşkil edir. Ardınca “Avraam müqaviləsi”nin genişləndirilməsi, o cümlədən İsrail, ABŞ və Azərbaycan arasında strateji müttəfiqliyin gücləndirilməsi baş verəcək. İnanırıq ki, bədnam 907-ci düzəlişin aradan qaldırılması Trampın regiona gətirməyə çalışdığı barış missiyasının əsas məqsədlərindən birin təşkil edəcək.
Lakin Zəngəzur dəhlizinin tarixi adına Tramp yolu deyiləcəkmi-açılsın, görəcəyik ki, hamı onu Əliyev yolu adlandıracaq. Çünki sadə xalq qitələri birləşdirəcək qovşaqları titullu və uzaq məfhumlarla deyil, müharibəni qazanan gerçək liderlərlə sinxronluqda qavrayır, ona öz ruhunu və arzularını qatır. “Sülh kəsişməsi” bir neçə dövləti bölgədə toqquşdurmaq planı olduğu üçün kənara qoyulur, İranın uzun illər yanlış olaraq, müqavimət göstərdiyi dəhliz indi internasional zəmanət altında hərbi qüvvələr və baryerlər olmadan Azərbaycanın üzünə açılır.
İngiliscə tripin qalibi Naxçıvanla quru yolla birləşən-42 kmlik marafona birinci çatan azərbaycanlılar olacaq. Ona görə də Tramp yolu nəinki Zəngəzur koridorunu inkar etmir, tam əksinə Ağ Ev onu tanıyır və müharibənin nəticələrinin öz coğrafiyamızdan kənarda qalan hissəsi üzərində dövlətimizin gücü-haqqı rəsmiləşir. “Maneəsiz gediş” əsla Avropa Birliyi modelinin Zəngəzura tətbiqi deyil. Orada işləyən şərtlərin hüququ və fəlsəfəsi tam ayrıdır.
Müharibəni qazanan dövlət Zəngəzur üzərində məhz Ağ Evdə İlham Əliyevin iştirakı ilə qalibiyyəti qəbul olunur və onu tarixə həkk edir. Lakin sülh müqaviləsinin yeri və zamanı bir ayrı koordinat sistemində-zaman, tarixin ruhu və Azərbaycanın gələcək təhülkəsizliyi ideallarına uyğun olaraq, müəyyənləşəcəkdir. Memoranduma Trampın imzasının qoyulmaması əsla bir dövləti məsuliyyətdən azad etmir. Kimsə şərtlərin pozarkən hansı güclü iradəyə qarşı çıxdığını unutmayacaq. Ona görə də 8 avqustda ABŞ-la Azərbaycan arasında yeni fürsət pəncərəsi açılır.
Minsk qrupunun ləğvi 10 noyabrdan sonra Qərbin yeni dünya düzəni adlandırdığı mərhələdə coğrafiyaca böyük olmayan Azərbaycanın özündən qat-qat böyük-dünyəvi nəticə qazanması hadisəsidir. Minsk şəhərinin adı da azadlığa qovuşur, məğlubiyyət və işğal formatının ləğvi dünya tarixinə İlham Əliyevin hərbi qələbəni siyasi diplomatik triumfa çevirməsi deməkdir. 30 ildə öz iradələri ilə heç bir təşkilat fəaliyyəti nə xitam verməyib. 90-cı illərin nəticəsində formalaşan monoplist geosiyasi üçbucağı dağıtmaq yeni BMT quruculuğu və dünya təhlükəsizliyi üçün fərqli bir eranı başlatmaq deməkdir. 8 avqust mahiyyətcə 8 noyabrın davamıdır. Rusiya ilə qlobal toqquşmalardan bəhrələnərək, o cümlədən, Moskvada son aylar Bakı əleyhinə baş qaldıran imperiya reflekslərini maksimum dərəcədə Vaşinqtondan yeni təhlükəsizlik qarantiyalarının alınmasına yönəltmək tarixi nailiyyətdir.
Qarabağ savaşı bitdi, Ermənistan ənənəvi statusunu-alət və silaha çevrilmək potensialını indi regionda Bakıdan yönələn sülh və barış, dialoq və tanıma, 30 ildə itirilən fürsətlərin geri qaytarılmasına yönəltməyə məcburdur. Cənubi Qafqazın müharibələr meydanı olması tarixə qovuşur.
Tramp elementi postmüharibə və gələcək İrəvan-Bakı əlaqələrində müstəsna rol oynayacaq. O sülhdən qazanmağı təklif edir. Şübhə yoxdur ki, 8 avqust razılaşmalarından sonra ABŞ dövlət və özəl korporasiyaların maliyyəsini gətirilməsini təşfiq edən və barış əleyhdarlarının tərksilahına xidmət edən bir çox yeni razılaşmalar da gündəliyə gətiriləcək. Birinci Qarabağ müharibəsindən sonra Azərbaycan Xəzər ətrafında qurduğu konsorsiumla müharibənin nəticələrini alt-üst edən siyasəti meydana çıxarmışdı. İndi isə Əliyev Qələbəsi Zəngəzur ətrafında qlobal konsensus və konsorsium qurmağa imkan verəcək. Bəli, torpaq özü neftdən daha güclü sərvətdir.
ABŞ qarantiyası İrəvanda kilsənin, din libası xarici agenturanın hücumlarını dəf etməyə və referendumun nəticələrindən Paşinyan iqtidarını qorumağa xidmət edəcək. ABŞ şirkəti Zəngəzuru Azərbaycanın icarəsinə və iradəsinə tabe etdirmək üçün tarixin ruhuna, əsrlərlə qaçqınlıq və köçkünlük yaşayan bir xalqın yenidən dirçəliş haqqına söykənməli olacaq.
İlham Əliyev babalarımızın çarizmdən Cümhuriyyətə, sovetlərdən işğala qədər keçdiyi yolları yenidən açır. Qərbi Zəngəzurda ən adi infrastruktur belə yoxdur. Halbuki 30 ilin işğalında qalan tərəf indi abadlıq və inteqrasiya ünvanına çevrilir. Ədalət qalib gəlir. Sülhdən sonra quruculuq Azərbaycan sərhədlərini aşaraq, böyük coğrafiyalara çıxır. Bölgə dövlətlərinin bir çoxu Zəngəzuru Tramp qədər Azərbaycanın haqlı məntiqində qəbul və dərk edə bilmədi. İndi Ermənistan-Azərbaycan arasında sülh dünyada nüvə müharibəsinin addımlığına çatmış qlobal savaşları da durdurmağın xəbərləyicisi kimi çıxış edir.
Sovetlər birliyinin dağılması Qarabağdan başlanmışdı. İndi yeni dünya düzəni də məhz Qafqazlardan öz məşəlini götürür. Region xalqları zülmətdən qurtularaq, nəhayət, dinclik və əminamanlıq şəraitində yaşaya bilər.
Ağ Evdə qəbul olunan ilk və hələlik tək qalib lider İlham Əliyevin sülh savaşını qazanaraq, yeni Yüz İlin başlanğıcını qoyur. Azərbaycanın tarixində heç vaxt qalibiyyət müqavilələri onun ərazilərindən kənarda imzalanmayıb.
Böyük sülh bütün dövlətlərin maraqların vahid bir sənəddə bir araya gəlməsi demək deyil. Ona görə də Kürəkçaydan Qarsa qədər yol keçən bir xalqın prezident Vudro Vilsondan ermənilərin aldığı 160 min kvadrat kilometrlik dövlət xəritəsini 21-ci əsrdə tək qalib dövlətin liderinin adı ilə bağlanan “İlham Əliyev müqaviləsi” əvəz edir.
Qarabağdan Zəngəzura və Naxçıvana gedən yol heç vaxt indiki qədər qlobal masada olmayıb. Bir vaxtlar İrəvanda başlayan konflikt orada da bitir.
8 avqustun Qafqazlarda yeri dəyişir və yeni siyasi təqvim yaranır. Azərbaycan bütövləşdikcə daşlar öz yerinə qoyulur.
Qəribə şəkildə xarici mediada Ağ Evi Ağ Dam kimi tərcümə etmişdilər.
Böyük qayıdışdan sonra Azərbaycan hər yerdə ağ evlər tikir. Sülh rəngində!
Zahid Oruc,
Millət vəkili,
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri
08 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ