Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın Xankəndi şəhərində erməni əsilli Rusiya rəssamı İvan Ayvazovskinin (əsl adı - Ovannes Ayvazyan) heykəlinin sökülməsi Moskvanı incidib.
Ermənilər üçün xətri əziz olan rəssamın fırçası gözəl olsa da, şəxsi həyatı tamam fərqli olub. Krımda, Qara dənizin sahilində yerləşən kiçik Feodosiya şəhərində kasıb erməni ailəsində dünyaya gələn rəssam gördüyünü götürüb. 19 yaşlı gənc qızla ailə qurduqdan sonra onun “tiranlığı” ortaya çıxıb.
O, arvadına qarşı xüsusilə qəddar olub. İlham sənətçiyə yalnız arvadını döydükdən sonra gəlib. Üstəlik, qadına qarşı zorakılıq o qədər şiddətli olub ki, hakimiyyət onu müdafiə etməli olub. Ayvazovski bədbəxt qadını yerə yıxıb, onun üzünü şamdanla parçalayıb. Buna görə də, böyük rəssamın, demək olar ki, hər bir rəsminin altına yazı qoya bilərsiniz: “Arvadının vəhşicəsinə döyülməsindən sonra yaradılıb”.
Başlanğıc
İvan Ayvazovskinin nümunəsi Aleksandr Puşkinin “Dahilik və yaramazlıq iki uyğunsuz şeydir” fikrini təkzib edir. İngilis həkimin qızı Yuliya Qrevs rəssamla ailə quranda tamam başqa dünyada yaşayacağına ümid edib. Lakin rəssamla həyat gənc xanımı qocladıb və daxili dünyasını zülmətə bürüyüb. Səbəbkar isə çöldə hər kəsə özünü ziyalı və dahi kimi tanıdan, evində isə dörd qız övladı ilə yanaşı həyat yoldaşına işgəncə verən Ayvazovski olub.
Qrevs rəqsli ziyafətlərin həvəskarı olmayıb, ərinin işinə hörmətlə yanaşıb və ehtirasla onun həyat fəaliyyətini bölüşmək istəyib. Hətta onu dəfələrlə xaricdə müşayiət edib, Feodosiya və Kerçdə qədim kurqanların qazıntılarında iştirak edib. Rəssam isə arvadının istəkləri ilə az maraqlanıb. İctimai yerlərdə o, layiqli qayğıkeş ər, ancaq şəxsi həyatda manyak olub. Ayvazovski arvadını bədəni göyərənə qədər döyüb, qəzəblənərək ülgüclə onun üstünə qaçıb və onu boğub.
Bir dəfə köməkçisi və qızlarının gözü qarşısında Yuliyanı yerə yıxıb, boğazından qan axmasına səbəb olub. Başqa bir dəfə onun qolunu çıxardıb. Ailə həkimi Erqart bütün bu halları təsdiqləyib. 1870-ci ildə Qrevs buna daha dözməyib və uşaqları ilə birlikdə pul və sənədlər olmadan tirandan Odessaya qaçıb. 1870-ci il martın 8-də o, imperatora şikayət ərizəsi yazıb və ondan özünü və qızlarını xilas etməsini xahiş edib.
Məktubda Qrevs keçməli olduğu hər şeyi ətraflı təsvir edib:
“Mən gənc vaxtı həyatdan, insanlardan xəbərsiz olanda çox qısa müddətdə tanıdığım rəssam İvan Konstantinoviç Ayvazovski ilə ailə qurdum. Onun qısqanc və zora can atan xarakteri mənə itaətkar olmağı və ərimdən qorxmağı öyrətdi.
Tezliklə o, məni Feodosiyaya apardı, orada on iki il onun çoxsaylı ailəsinin əhatəsində, aldığım tərbiyənin hər mənada əksinə olan adət-ənənələri ilə yaşamağa məcbur oldum. Həyat yoldaşımla aramızda nifaq salmaq, öz şəxsi istəkləri üçün onu məndən və uşaqlardan uzaqlaşdırmaq məqsədilə onların bütün mümkün intriqalarının təsiri altında həmin şəxslərdən tam asılı vəziyyətə düşdüm..
Həyat yoldaşımın xasiyyəti və dünyadan qorxduğu üçün ancaq zahiri parıltı ilə örtülmüş cilovsuz təbiəti mənə qarşı edilən ən kobud və özbaşına rəftarda getdikcə daha çox özünü büruzə verirdi. Ailəsinin ona olan pis təsiri qardaşı, yezuitlərin şagirdi Qabriel atanın xaricdən gəlişi ilə xeyli gücləndi.
Həyat yoldaşımın mənə qarşı haqsızlığı və qəddarlığı, kobudluğu və əsəbiliyi həm məndə, həm də uşaqlarımızda ona qarşı qarşısıalınmaz bir qorxu hissi yaratdı, onun yaxınlaşan addımlarını eşidəndə titrəyirdik”.
Qurtuluş
Yuliya uzun illər evlilikdə dözdüyü və sağlamlığına ciddi ziyan vuran bütün məişət zülmünün epizodlarını təsvir edib. Ayvazovski ilə həyat onun üçün o qədər iyrənc olub ki, nə vaxtsa ölümü yeganə xilas yolu hesab edib. Amma bədbəxt qadın üçün ən dəhşətlisi döyülmələr deyil, Ayvazovskinin onu qohumlarının yanına göndərmək, onun yeganə təsəlli və sevinci olan qızlarından əbədi olaraq ayırmaq hədələri olub.
Lakin Yuliyanın şikayəti II Aleksandra çatmayıb. Jandarmların əlahiddə korpusunun rəisi Pyotr Andreeviç Şuvalov və jandarm polkovnik-leytenantı Karl-Kramer Germanoviç Knop işə qarışıblar. Onlar imperatoru qalmaqala cəlb etmək istəməyiblər və hər şeyi gizli şəkildə həll etmək niyyətində olublar. Onlar Ayvazovskiyə qarşı sübut tapmaqda heç bir çətinlik çəkməyib: sənətçi arvadını şahidlərin gözü qarşısında döyüb və incidib. Özü də qulluqçulardan və həkimlərdən tutmuş qonşulara qədər hamı şahid olub.
Lakin rəssam üzləşmə zamanı yoldaşının onu aldatdığını əsas gətirsə də, heç bir sübut göstərə bilməyib. Onları günahsızlığına inandırmağa çalışan sənətçi həyat yoldaşından şikayətlənib: guya o, bir dəfə bağlı qapını sındıraraq ona hücum edib. Bununla belə, jandarmların tiran dahiyə qarşı təkzibedilməz sübutları olub. Nəticədə o, arvadı və qızlarından ayrı yaşamalı və onlara baxım üçün 300 rubl ödəməli olduğu sənədləri imzalamalı olub.
Ancaq bir müddtə sonra Ayvazovski fikrini dəyişib və boşanmağa razı olub. Ayvazovskilər yalnız 1877-ci ildə boşanıblar. Altı il sonra yaşlı rəssam 27 yaşlı dul qadın Anna Sarkisova-Burnazyanla evlənib. Lakin İvan Konstantinoviç vərdişlərini dəyişməyib. 1888-ci ildə Anton Çexov Ayvazovski ilə görüşdükdən sonra yazıb: “O, özündə generalı, yepiskopu, rəssamı, ermənini, sadəlövh babanı və Otellonu birləşdirir. Gənc və çox gözəl bir qadınla evlənib, amma onunla sərt davranır”.
İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün
02 Avqust 2025
01 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ