Onlayn ictimai-siyasi qəzet
Hollivudun əfsanəvi uluduzlarından Mişel Pfayffer, milyarder Bill Qeytsi ABŞ ərzaq sistemini “çirkləndirməkdə” ittiham edib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, aktrisa daha sonra həmin ittihama görə ictimaiyyət qarşısında üzr istəyib.
Söhbət meyvə-tərəvəzin saxlanma müddətini artırmaq üçün istifadə olunan "Apeel" adlı yeyilə bilən örtük maddəsindən gedir.
Ayın əvvəlində "Pfayffer" instagram səhifəsində narahatlığını belə ifadə etmişdi:
“Apeel indi təsdiqləndi və indi 'orqanik' məhsullar da görmədiyimiz və yuya bilmədiyimiz bir şeylə örtülür. Bu, narahatlıq doğurur”.
Lakin bir neçə həftə sonra, 67 yaşlı aktrisa səhv etdiyini etiraf edib:
“Məlum oldu ki, mən bilmədən köhnəlmiş və qeyri-dəqiq bir məlumatı paylaşmışam”, – deyə aktrisa bildirib.
"Pfayffer"in sözlərinə görə, Bill Qeytsin "Apeel" şirkətində heç bir payı yoxdur, onun fondu sadəcə 2012-ci ildə bu şirkətə iki tədqiqat qrantı ayırıb. Bundan başqa sözügedən məhsul əslində hələ 2017-ci ildə təsdiqlənib və artıq iki ildən çoxdur ki, kommersiya məqsədilə istifadə olunmur. Hazırda şirkət sənaye tələblərinə cavab verə biləcək yeni orqanik tərkiblər hazırladığı qeyd olunub.
"Pfayffer" sonda bu sözləri yazıb:
“Qida təhlükəsizliyi və davamlı istehlak məsələlərinin müzakirəsi vacibdir, amma yalnız bu, faktlara əsaslandığı halda”.
"Apeel" şirkəti aktrisanın üzrxahlığına cavab olaraq onun paylaşımını yenidən yayımlayıb və belə yazıb:
“Dezinformasiya sürətlə yayılır. Faktlar isə daha önəmlidir. Həqiqəti bərpa etdiyiniz üçün təşəkkür edirik, Mişel Pfayffer”.
"Apeel" nədir və burada Bill Qeytsin rolu nədir?
"Apeel" 2012-ci ildə sahibkar Ceyms Rocers tərəfindən yaradılmış şirkətdir. Şirkət həqiqətən də Bill Qeytsin fondundan 100.000 dollar məbləğində qrant alıb, lakin şirkətin açıqlamasına görə, milyarder B.Qeyts heç vaxt bu şirkətin səhmdarı və ya sahibi olmayıb.
"Apeel" örtüyünün tərkibinə bitki mənşəli yağlar və lipidlər daxildir ki, bunlar qidada təbii şəkildə mövcuddur və tez-tez uşaq qidaları kimi məhsullarda istifadə olunur. Şirkətin nümayəndələrinin sözlərinə görə, bu örtük yeyilə bilər, su və fırça ilə təmizlənə bilər və meyvə-tərəvəzin təravətini qoruyaraq, xüsusilə inkişaf etməkdə olan ölkələrdə ərzaq itkisinin qarşısını almağa kömək edir.
Musavat.com
03 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ