Onlayn ictimai-siyasi qəzet
Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin mühəndisi Anar Vaqif oğlu Hüseynov Musavat.com-a yazılı mövqe təqdim edib. “Şəhid ailəsinə qarşı məmur zorakılığı – Binəqədidə dəhşətli olay - FOTOLAR, VİDEO” başlıqlı xəbərlə bağlı Birlik mühəndisinin mövqeyi belədir:
“Bildiririk ki, vətəndaş İlkanə Yusifova şəxsi mənzilinin təmiri zamanı qabarit tullantılarını yaşadığı binanın həyətinə atması və binanın əsas istinad divarına ziyan vurması ilə əlaqədar Mənzil-Kommunal Təsərrüfatı birliyi əməkdaşları tərəfindən vətəndaşa xəbərdarlıq edilmiş və maarifləndirilmişdir, lakin vətəndaş bunlara məhəl qoymadığı üçün aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına müraciət edilmişdir”.
Xatırladaq ki, İlkanə Yusifova şikayət məktubunda qeyd olunanlar məsələnin sadəcə Anar Hüseynovun təqdim etdiyi kimi “maarifləndirmə” olmadığı, açıq-aşkar zorakılıq və vəzifə səlahiyyətlərinin aşılması olması qənaətini formalaşdırır.
“Qapımızı təpiklə sındırıb evə girdilər”
Şəhid bacısı İlkanə Yusifova bildirir ki, Bakı şəhəri, Binəqədi rayonu, 103-cü binada yerləşən mənzillərində təmir işləri apararkən ərazi üzrə Mənzil İstismar İdarəsinin (Mİİ) kuratoru olan Rüfət adlı şəxs heç bir məhkəmə qərarı və rəsmi bildiriş olmadan mənzilin qapısını zorla sındıraraq içəri daxil olub. Bu şəxs qardaşımı təhqir etdi, “qoduq” adlandırdı, polis çağırmaqla hədələdi. Daha sonra isə onu qanunsuz olaraq 3 saat ərzində 7-ci Polis Bölməsinə aparıblar. Mən telefonla danışanda məni də təhdid etdi. Hadisənin məqsədi sanki bizi aşağılamaq və əlavə konflikt yaratmaq idi”, – deyə İlkanə Yusifova bildirib.
“Anamın təzyiqi qalxdı, övladlarım ağladı”
Şəhid ailəsi üzvləri bildirirlər ki, hadisə ailənin bütün üzvlərinə psixoloji zərbə vurub:
“Anam bu xəbəri eşidəndən sonra stressdən təzyiqi və şəkəri kəskin qalxdı. Övladlarım isə hadisəni eşidib ağladı, psixoloji sarsıntı keçirdilər. Biz təkcə maddi deyil, mənəvi zərərə də məruz qaldıq”.
Anar Hüseynovun açıqlaması zorakılığa haqq qazandırma cəhdidir?
Anar Hüseynovun redaksiyamıza təqdim etdiyi yazılı açıqlada hadisənin mahiyyəti bir kənara qoyulur və zorakılıq “maarifləndirmə tədbiri” kimi təqdim olunur. Halbuki, şəhid bacısı qapının sındırılması, qardaşının qanunsuz saxlanılması, ailənin psixoloji sarsıntıya məruz qalmasından bəhs edir. Bu, sadə inzibati xəbərdarlıq deyil, konkret olaraq vəzifə səlahiyyətlərinin aşılmasıdır.
İlkanə Yusifova “Biz şəhid ailəsiyik, amma Binəqədi rayonunda bizə edilən davranış insanlıqdan kənardır. Bu, təkcə bizə yox, bütün Azərbaycan xalqına hörmətsizlikdir” və ölkə rəhbərliyinə müraciətlə “Dəmir Yumruğa güvənirik” deyir.
Şəhid ailəsi məsələ ilə bağlı ölkə rəhbərliyinə müraciət edərək məsul şəxslərin cəzalandırılmasını, dəymiş ziyanın ödənilməsini və hüquqlarının bərpa olunmasını tələb edir:
“Sizin mərhəmətinizə və ədalətinizə güvənirik. Bu haqsızlığın cavabsız qalmayacağına inanırıq”.
Elşən MƏMMƏDƏLİYEV,
Musavat.com
02 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ