Onlayn ictimai-siyasi qəzet
İran hökuməti Təbriz-İrəvan istiqamətində 120 kilometrlik yeni nəqliyyat dəhlizinin yaradılmasına sürətlə start verib.
Musavat.com xəbər verir ki, strateji marşrut İranı birbaşa Ermənistana bağlayacaq və faktiki olaraq “Zəngəzur dəhlizi” adlandırılan əraziyə alternativ nəzarət modelini formalaşdıracaq.
İran mediası yazır ki, Tehran bu addımı ilə regionda geosiyasi balansı öz xeyrinə dəyişməyə çalışır. İran bu marşrutla təkcə öz tranzit imkanlarını artırmır, həm də NATO və İsrailin Ermənistandakı Sünik bölgəsində möhkəmlənmək planlarına qarşı sipər qurur. Çünki yeni magistral xəttin yaradılması bölgəyə hərbi və ya siyasi müdaxilə etmək istəyən xarici gücləri birbaşa İranla qarşılaşdırır.
Azərbaycanın uzun illərdir təklif etdiyi və 10 noyabr 2020-ci il üçtərəfli bəyanatında əks olunmuş Zəngəzur dəhlizi konsepsiyası, regional inteqrasiyanı və Naxçıvanla quru bağlantını hədəfləyirdi. Lakin Ermənistanın bu dəhlizi bloklamaq cəhdləri fonunda indi İran öz versiyasını – “Təbriz-İrəvan xəttini” reallaşdırır.
MUSAVAT.COM -un ŞƏRHİ:
Bu, AĞRILI geosiyasi mesajdır:
– İran Ermənistanın əsas tərəfdaşı olaraq öz maraqlarını prioritetləşdirir;
– “Zəngəzur dəhlizi”nin açılmasına müqavimət göstərən qüvvələrə İranın alternativ yol təklif etməsi Bakı üçün mənfi presedent yaradır;
– Bu yol Türkiyənin, Azərbaycanın və Türk Dövlətləri Təşkilatının Cənubi Qafqazdakı strateji nəqliyyat layihələrinə paralel bir İran-Ermənistan oxu meydana çıxarır.
İran bununla həm də regionda vasitəçi, təhlükəsizlik qarantı və tranzit gücü rolunu oynamaq istəyir. Tehran üçün bu xətt yalnız iqtisadi deyil, həm də ideoloji və hərbi önəm daşıyır – çünki özlərinin iddiası ilə desək "İsrail və NATO-nun Sünikdə yerləşməsi ehtimalı" birbaşa İran sərhədlərinə təhdid sayılır.
Azərbaycan üçün bu vəziyyət strateji cavab tələb edir.
– Zəngəzur dəhlizinin açılması məsələsində daha sərt diplomatik və hüquqi alətlər işə salınmalıdır;
– Türkiyə ilə birgə addımlar sürətləndirilməli və Orta Dəhliz layihəsi kontekstində Təbriz-İrəvan xətti ilə rəqabət üstünlüyü təmin edilməlidir;
– Ermənistanın Rusiya və İranla geosiyasi oyunlarına qarşı beynəlxalq platformalarda ciddi məsələ qaldırılmalıdır.
Məmnunluqla qeyd etməliyik ki, rəsmi Bakı bu İranın manevrlərini və onun qurmaq istədiyi marşrutu sakitcə izləmir. Asərbaycan böyük gücləri və ən əsası, Paşinyanı da tərəfinə çəkərək, Zəngəzur bölgəsində strateji təşəbbüsü ələ alıb. Bu baxımdan, İran-Ermənistan blokunun Zəngəzur dəhlizinə alternativ olma ehtimalı düşükdür. Artıq ABŞ və onun prezidenti Tramp da Zəngəzur dəhlizi üçün çalışmalara daxil olub və bu məsələ indi "sıfır" nöqtəsində deyil. İran və Rusiya bu prosesi pozmaq istəyir: lakin görünən budur ki, müvəffəq ola bilmirlər.
Ən qısa zamanda "Zəngəzur dəhlizi"ni açıq görəcəyik.
Musavat.com
03 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ