Onlayn ictimai-siyasi qəzet
Türkiyənin müxtəlif dövlət universitetlərinə qəbul olunmuş bir qrup azərbaycanlı gənc maddi və digər səbəblərdən təhsillərini orada davam etdirə bilməyərək Azərbaycana qayıdıb. Onlar burada ali məktəblərdə təhsillərini davam etdirmək istəyirlər. Lakin qarşılarında gözlənilməz maneələr yaranıb.
Musavat.com xəbər verir ki, tələbələr 2023-cü ildə YÖS (Yabancı Öğrenci Sınavı) imtahanı ilə Türkiyə dövlət universitetlərinin bakalavr səviyyəsinə qəbul olunublar. Lakin daha sonra maddi imkanlarının məhdudluğu, yaşayış şəraiti, ailə vəziyyəti və digər səbəblərdən təhsillərini yarımçıq saxlayıb Azərbaycana dönməli olublar. İndi isə onlar öz ixtisasları üzrə yerli universitetlərə köçürülmək istəyirlər.
Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən tələbələrə bildirilib ki, onlar Türkiyənin vahid TR-YÖS imtahanını vermədikləri üçün transfer mümkün deyil.
Halbuki sözügedən tələbələr 2023-cü ildə mövcud qaydalara uyğun olaraq YÖS imtahanı veriblər. TR-YÖS vahid imtahanı barədə qərar isə yalnız 2023-cü ilin sonunda qəbul olunub və Türkiyənin Ali Təhsil Şurası bu tələbin yalnız 2024-cü ildən qüvvəyə mindiyini bəyan edib. Yəni 2023-cü ildə qəbul olunan tələbədən 2024-cü ilin imtahan nəticəsini tələb etmək hüquqi baxımdan əsassız görünür.
Məsələyə əlavə olaraq Nazirlər Kabinetinin 348 nömrəli qərarının 3.2.2 bəndinə zidd olaraq tələbə krediti ilə bağlı şərtlərin irəli sürülməsi də gənclərin narazılığına səbəb olub. Belə ki, tələbələrə imtina üçün göstərilən digər səbəb isə 90 kredit toplamalarının lazım olduğu göstərilib. Onlar deyir ki, halbuki 1 il ərzində tələbəyə düşən maksimum kredit sayı 60-dır. Tələbələr Təhsildə Keyfiyyətin Təminatı Agentliyinə 250 manat dövlət rüsumu ödəyərək köçürülmə üçün şəhadətnamə aldıqlarını deyirlər.
Məsələ ilə bağlı Elm və Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, tələbələrin 348 saylı qərara istinad etmələri tamamilə yanlışdır. Qanunvericiliyə əsasən, tələbənin bir semestrdə götürəcəyi kredit norması 30-dur. Bəzi tələbələr müxtəlif səbəblərdən bu normadan az və ya çox kredit götürə bilərlər, amma norma 30-dur.
Qurumdan o da bildirilib ki, köçürülmə ilə bağlı 2023-cü il və sonrasına aid yalnız mərkəzləşmiş imtahan nəticələri qəbul edilir. Müxtəlif universitetlər tərəfindən lokal qaydada keçirilmiş və etibarlılığı şübhə doğuran imtahan nəticələri qəbul edilmir.
Təhsil üzrə ekspert Fuad Hacıyev Musavat.com-a açıqlamasında bildirib ki, qanunlarda ciddi boşluqlar mövcuddur və bu boşluqlar nazirlik və agentlik tərəfindən istənilən kimi şərh edilir:
“2022 və 2023-cü illərdə TR-YÖS imtahanı deyilən bir şey yox idi. Türkiyənin Bahçeşehir, Nişantaşı kimi universitetlərinə azərbaycanlı gənclər daxili imtahan və attestatla qəbul olunurdular. Azərbaycan Elm və Təhsil Nazirliyi isə həmin universitetlərin dərslərini qəbul etmir və beynəlxalq imtahan tələb edir. Halbuki xarici tələbələr bizim ölkəmizdə, o cümlədən Tibb Universiteti də daxil olmaqla, bütün ali məktəblərə sadəcə attestatla qəbul olunurlar. Əgər attestat keçərsizdirsə, onu tələbəyə niyə verirsən?”.
Ekspert bildirir ki, nazirlik müxtəlif bəhanələr gətirərək krediti yüksək olan tələbələrə də imtina verir, müraciət edənlərə isə cəmi 22-24 saat vaxt qoyur ki, apelyasiya şikayəti versinlər:
“Apelyasiyada hansı tələbəyə cavab verilir ki? Son zamanlar 200-dən çox tələbə bu problemlə bizə müraciət edib. 2022-ci ildə universitetə qəbul olan tələbədən 2023-cü ildə tətbiq edilən imtahan nəticəsini istəyirlər. Rusiyadan transfer olmaq istəyən azərbaycanlı tələbələrdən isə yalnız Rusiya vətəndaşları üçün nəzərdə tutulan ЕГЭ imtahanı tələb edilir. Nazirlik öz vətəndaşının qarşısını kəsir, yoxsa “gedin xaricə, bizə etibar etməyin” mesajı vermək istəyir? Nazirliyin bu yanaşması anlaşılan deyil”.
Tələbələrin sözlərinə görə, mövcud vəziyyət onları faktiki olaraq çıxılmaz duruma salır. Onlar həm Türkiyədə təhsillərini davam etdirə bilmir, həm də Azərbaycanda oxumaq üçün lazımi transfer prosedurlarından keçə bilmirlər.
Şahanə Rəhimli
Musavat.com
04 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ